“Cəmiyyət əlil insanlara inteqrasiya olmalıdır”

691
Heç gözlərinizi bağlayaraq küçəyə çıxıb gəzməyi düşündünüzmü? Bəs əllərinizi, yaxud ayaqlarınızı istifadə etmədən iş görməyi necə?… Bizim bəzən bir anlıq belə,  təsəvvürümüzə sığdıra bilmədiyimiz düşüncələri bir ömür yaşayan insanlar da ətrafınızda az deyil… Elə müsahibim Samir İmanov kimi… Kimi işsizlikdən, kimi maddiyatından, kimi də elə həyatından şikayət edir. Söhbət əsnasında həyatı ilə bağlı heç bir şikayətinin şahidi olmadığım, hər insana örnək ola biləcək həyat yaşayan Samir İmanovla fiziki məhdudiyyətli şəxslərlə bağlı keçirilən tədbirlərin birində tanış oldum. Fikirləri və gördüyü işlərlə diqqətimi çəkən bu insan özünü oxucularımıza da belə tanıtdı.
– Oxucularımız sizi yaxından tanımaq istəyirlər. Elə mən də…

– 27 avqust 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Anadangəlmə olaraq iflicin “Parapleqiya” növündən əziyyət çəkirəm və I qrup əliləm. Təhsilimi “Sumqayıt şəhər evdə təhsil məktəbi”n-də almışam. 2013-cü il də “facebook” sosial şəbəkəsində, keçirilən hekayə müsabiqəsində I yeri tutaraq diploma layiq görülmüşəm. 2014-cü ildə Əlil Təşkilatları İttifaqının Sumqayıt şəhər regional şöbəsinin sədri vəzifəsinə təyin olunmuşam. Azərbaycan, rus, türk və ispan dillərini bilirəm.

– 3 xarici dil bilirsiniz.

Necə həvəs yarandı öyrəndiniz?

Niyə ingilis dili, fransız dili deyil, məhz ispan dili?

– Dil öyrənməyə həvəsim 20 yaşımdan yarandı. İspan dilini seçməyimə gəldikdə isə, bunun bir neçə səbəbi var. İngilis, rus və türk dilləri Azərbaycanda bir çoxlarının bildiyi populyar dillər arasındadır. İspan dilini isə ölkəmizdə çox az adam bilir. Digər tərəfdən ispan dili həm qrammatik cəhətdən, həm də digər tərəfdən çox asan və tez qavranılan dildir. “Valensiya” futbol klubuna azarkeşlik etməyim və İspaniyaya səyahət etmək arzum da bu dili öyrənmək üçün məni həvəsləndirən səbəblər sırasındadır.

 – Bildiyimə görə ailəlisiniz. Həyat  yoldaşınızla necə oldu ailə qurdunuz?

– Yoldaşımla ad günü məclisində tanış olduq. Mənimlə ailə həyatı qurarkən qarşılaşacağı çətinliklər barədə onu məlumatlandırdım. Çünki, hər şeyi bilməyə haqqı var idi. O, bütün problemlərin öhdəsindən birgə gələcəyimizə inandığını söylədi və evləndik. Şükür Allaha, hər şey çox gözəldir, bir oğlumuz da var.

– Samir müəllim, çıxışlarınızda həyata nikbin baxışınız diqqət çəkir. Bəs fiziki cəhətdən məhdudiyyətli olduğunuz üçün həyatınızdan heç yorulduğunuz anlar olubmu? Yaxud da, tam əksinə, bu durum sizin üçün bezikdirici olubmu?

– Xeyr! Mən heç vaxt əlil olmağımdan istifadə edərək nə hansısa bir hadisədən, nə də ki məsuliyyətdən yayınmışam. Əlil olduğuma görə qazandığım tək şey, dövlət tərəfindən mənə verilən aylıq təqaüddür. Çünki əlil olmağım, mənə başqasına yük olmaq haqqı vermir. Əksinə, əlilliyə və həyata qalib gəlmək üçün daim mübarizə aparıram və mütəmadi olaraq özümü inkşaf etdirməyə çalışıram. Bu gün əldə etdiyim uğurlar da məhz bunun nəticəsidir. Təbii ki, yorulduğum, ruhdan düşdüyüm anlar da olub. Belə məhdud imkanlarla bu cür uğurlar əldə etmək mənə asan başa gəlməyib. Bəzən çarəsiz vəziyyətdə də qalmışam. Belə hallarda mənə güc verən tək şey, qarşıma qoyduğum məqsədin uğur qazanacağına olan inamım olub. Bu məsələnin işlə bağlı olan tərəfidir. Ümumi götürdükdə isə, fiziki məhdudiyyətlə yaşamağın hər bir dəqiqəsi, hər bir saniyəsi yorucudur. Çünki, ən sadə ehtiyaclarını ödəmək üçün belə, səy göstərməyə, güc sərf etməyə məcbur olursan.

– Əlilliyə qarşı mübarizə aparmaq və

həyata qalib gəlmək deyəndə nə nəzərdə tutursuz? Necə mübarizə aparırsınız?

– Mənim timsalımda bütün əlil, fiziki məhdudiyyətli insanlara ümid işığı yandırmaqla… Nə qədər yandı, yanacaq bilmirəm. Hər kəs bacardığı qədərilə… Mənim 2013-cü ildə əlil insanlardan bəhs edən “Hədəfdəki İnsan” adlı kitabım işıq üzü gördü.. Hal-hazırda daha iki kitab üzərində də işləyirəm. Eyni zamanda bu yaxınlarda fəaliyyətə başlayacaq “fotobank.az” internet portalının qurucularındanam. Düşünürəm ki, boş dayanmaqla əldə ediləcək heç bir şey yoxdur.

– Necə oldu kitab yazmaq fikrinə düşdünüz?

– Mən ilk kitabım olan “Hədəfdəki insan” romanını yazmaq xatirinə, məşhur olmaq üçün və ya qazanc məqsədilə yazmamışam. Bu nə adi həvəs, nə də ilahi vergi deyil. Sadəcə, zərurətdən doğan ehtiyac idi. Fiziki məhdudiyyəti olan insanların, həyatın hər bir sahəsində qarşılaşdıqları çoxsaylı problemlər və onlara göstərilən qeyri-obyektiv münasibət məni belə bir əsər yazmağa sövq etdi. Mən bu əsərdə fiziki məhdudiyyəti olan insanların yaşayış tərzlərini, onların arzu və istəklərini, əslinə qalsa, nələrə qadir olmalarını, həyata baxışlarını, ümumiyyətlə, onların iç dünyalarını hər kəsə göstərməyə çalışmışam. Bu kitabı yazmaqda digər bir məqsədim isə, fiziki problemi olan insanlarda ruh yüksəkliyi yaradaraq, onlara özünəinam hissi aşılamaq oldu. Fiziki məhdudiyyəti olan insalara psixoloji və sosioloji cəhətdən bir çox köməklik göstərə biləcək “Hədəfdəki insan” romanı, əlil insanlara bir çox problemin həlli yollarını və onlara fiziki vəziyyətlərinin necə olmasından asılı olmayaraq uğur qazanmağın mümkünlüyünü izah edir. Romanın baş qəhrəmanı da elə Samirdi. Ölkəmizdə indiyə kimi yazılan əsərlərdən heç birində əsərin baş qəhrəmanı fiziki məhdudiyyətli olmayıb. İnanıram ki “Hədəfdəki insan” kitabı hər bir əlil insanın həyatında onlara yol göstərən bir mayak olacaq.

 – Əlillər üçün görülən tədbirlərdən razısınızmı? Bu mövzuda hansı əskikliklər  var?Onların düzəldilməsi üçün nələr təklif edərdiniz?

– Xeyr, razı deyiləm. Təəssüf ki, bu gün əlil problemləri üzrə ixtisaslaşmış bir-çox qeyri-hökumət təşkilatlarının fəaliyyət sahəsi yalnız dəyirmi masalar, simpoziumlar, konfranslar, diskussiyalar, tədbirlər təşkil edərək danışmaqla işini bitmiş hesab etməkdən ibarətdir. Məncə, fəaliyyət sahəsini ofisdən kənara çıxartmaq və fiziki  məhdudiyyətli insanların rifah halının yaxşılaşdırmaq üçün əməli işlər görmək lazımdır. Mən Əlil Təşkilatları İttifaqının Sumqayıt şəhər regional şöbəsinin sədri olaraq, fiziki məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiya etməsi üçün, onların ictimai həyatla əlaqəsini gücləndirilməsi üçün əlimdən gələni edirəm.

Digər məsələlərə gəlincə, ictimai nəqliyyatdan istifadənin mümkünsüzlüyü ucbatından fiziki məhdudiyyəti olan insanlar hər yerə taksi ilə getməyə məcbur olurlar ki, bunun da baha başa gəlməsi onlara əlavə problem yaradır. Bu problemi qismən həll etmək üçün, yerimə və görmə əngəlli insanlar üçün hər ay taksilərdən müəyyən limit çərçivəsində pulsuz istifadə imkanı yaradılmalıdır. Məsələn, tibbi müayinə, vacib tədbirlər və s. əhəmiyyət kəsb edən qısamənzilli səfərlər üçün gediş sayı və ya kilometraj hesabı ilə pulsuz istifadə imkanı yaradılsa, əlilliyi olan insanların nəqliyyat problemi müəyyən qədər asanlaşar.

 – Fiziki məhdudiyyətli uşaqları  cəmiyyətdən uzaqlaşdıran nələrdi sizcə? Onlarda özünəinam üçün başlıca şərt nə olmalıdır?

– Bu çox geniş bir mövzudur. Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası sistemli və mərhələli şəkildə həyata keçirilməlidir. Bu gün ölkəmizdə ictimaiyyət tərəfindən qəbul edilmiş və cəmiyyətdə tez-tez səslənən ifadələrdən biri də “Əlillərin cəmiyyətə inteqrasiyası” ifadəsidir. Məncə bu ifadə “cəmiyyətin əlil insanlara inteqrasiyası” ilə əvəz olunsa idi daha doğru olardır. Yerimə məhdudiyyəti olan insan səki və pilləkənlərdən istifadə edə bilmək üçün, özündə hər hansısa bir bacarığı inkişaf etdirməməli, əksinə, səki və pilləkənlərdə əlil  insanların rahat hərəkətini təmin etmək üçün pandus, elevator  və.s. quraşdırılmalıdır. Və yaxud fiziki məhdudiyyəti olan bir insan ictimai yerlərdə olarkən ona tuşlanan qəribə baxışlara və deyilən kinayəli sözlərə sinə gərmək üçün psixoloqun yardımından istifadə edərək güclü əsəb-sinir sisteminə malik olmağı bacarmağı öyrənməklə yanaşı, insanlarda əlillərə qarşı münasibətin dəyişilməsi ilə bağlı maarifləndirilmə aparılmalıdır. Bu gün əlillərin cəmiyyətə inteqrasiyasında ən böyük maneələrdən biri də sağlam insanların fiziki məhdudiyyətli şəxslərə qarşı olan yanaşma tərzləridir. Bəziləri qulağını çəkərək “İraq olsun” deyir, bəziləri də “bunun burada nə işi var?, bu vəziyyətdə nə vacib idi ?” kimi sözlərlə əlilliyi olan insanı qınayaraq, ona rişxənd edirlər. Hamı bilməlidir ki, heç kim əlillikdən sığortalanmayıb. Hər kəsin başına qəza gələ bilər ki, bu da potensial əlil olmaq deməkdir. Bütün bunlar məsələnin, sadəcə, müəyyən bir hissəsidir. Dediyim kimi, bu çox geniş bir mövzudur.

 – Valideynlərin belə övladlarına qarşı münasibəti sizcə, necə olmalıdır? Sizin ailənizdəki münasibətin bugünkü uğurunuza necə təsiri olub?

– Hər bir əlil insan üçün, onu başa düşən və ona dəstək verən bir ailəyə sahib olmaq əvəzedilməz bir nemətdir. Mənim bəxtim gətirib ki, belə bir ailədə dünyaya gəlmişəm. Ailə üzvlərim hər bir işdə mənə dəstək olub, hər zaman cəmiyyət içərisinə çıxardıblar. Mənə o qədər dəyər veriblər ki, bəzən fiziki məhdudiyyətli olduğumu belə, unutmuşam. Əlbəttə ki, bunları hər bir valideyn öz əlil övladı üçün etməlidir. Valideynlərim hər zaman mənimlə qürur duyublar. Görəsən doğrudanmı mən qürur duyulacaq işlər görmüşəm?.. Bilmirəm… Amma, istənilən halda onlara təşəkkür edirəm.

Buna görə də normal və ya əlil olmasından asılı olmayaraq, hər bir uşağın ailəyə ehtiyacı var. Ailələr üçün, əlilliyi olan bir uşağa sahib olmaq, həyatlarının ən çətin sınaqlarından biridir. Modern həyatda normal bir uşağa sahib olmaq belə, ailədə müəyyən çətinliklər yaradarkən, uşağın əlil olması həmin ailə üçün uzun və maneələrlə dolu bir səfərin başladığı anlamını verir. Çünki əlilliyin insanın yalnız özünə deyil, onun ailəsinə də çox böyük təsiri var. Fiziki məhdudiyyəti olan insanın valideyni olmaq çox çətin və məsuliyyətlidir. Unutmamaq lazımdır ki, əlilliyi olan uşağa sahib olmaq hər şeyin sonu deyil. Uğurun əsas sirri budur ki, valideynlər öz əlil övladlarının üzərində, idmançısını qızıl medal qazanmaq üçün yarışa hazırlayan məşqçi kimi işləməli və ona istədiyi peşəni öyrənməkdə yardım eləməlidirlər.

Həvva Cəlilova