“Cəmi bir həftə kifayət edir ki, iltihablanma səbəbilə böyrəklər funksiyasını itirsin”

0
1568

Xəyalə Sadıqova, Pənah Abdurrahmanlı
Səhiyyə rubrikamızın növbəti qonağı uroloq-androloq Mahir Şirinovdur. Həkim M. Şirinov insan orqanizmində filtr rolunu oynayan böyrəyin funksiyası, onda daş əmələ gətirən faktorlar, müayinə və müalicəsi, daş yaranmasının qarşısının alma yolları, fəsadları ilə bağlı suallarımızı cavablandırdı.
– Azərbaycanda geniş yayılmış xəstəliklərdən biri də böyrək daşı xəstəliyidir. Bu xəstəliyi yaradan faktorlar nələrdir?
– Doğrudur, böyrək daşı xəstəliyi ən geniş yayılmış uroloji xəstəliklərdən biri sayılır. Ət yeməklərinə üstünlük verilməsi, çayı çox, suyu az içmək bu xəstəliyi əmələ gətirən əsas səbəblərdəndir.
– Böyrək daşı xəstəlikləri xəstədə hansı əlamətlərlə özünü göstərir?
– Böyrək daşı kiçik ölçüdə olduqda bəzi hallarda axara düşür. Sancı, ürəkbulanma, qusma, dözülməz ağrılar şəklində özünü göstərə bilir. Lakin elə hallar olur ki, heç bir ağrı vermir. Daşlar uzun müddət xəstənin böyrəyində qalır lakin ciddi bir şikayəti olmur. Xalq arasında “lal daş” adlanan bu problem sidikdə qan, temperatur və küt ağrılarla müşahidə edilir. Elə daşlar da var ki, onlar böyrəkdə iltihab əmələ gətirir.
– Böyrəkdə daşın olması necə müəyyənləşdirilir?
– İlk növbədə, onu deyim ki, rentgendə çox zaman böyrək daşını müəyyən etmək mümkün olmur. Bəzi daşlar rentgen şüasında görünmür. Bu sahədə ən yaxşı müayinə üsulu kompüter tomoqrafiyasıdır. Bu zaman daşın ölçüsü, sıxlığı, yerləşdiyi yer, daşın düşməsi və ya düşdüyü halda axardan çıxma ehtimalının olub-olmaması kimi halları müəyyən etmək olur. Xəstələrimizi əməliyyata götürməzdən əvvəl kompüter tomoqrafiyası vasitəsilə daşın yerini dəqiqləşdirir və əməliyyatın növünü müəyyənləşdiririk.
– Böyrək daşı xəstəliyinin müalicəsində konservativ müalicə metodu və ya əməliyyat tətbiq olunmasında daşın ölçüsü və ya yerləşdiyi yer rol oynayırmı?
– Daş sidik axarına düşdükdə ölçüsündən və yerindən asılı olaraq dərman müalicəsi tətbiq olunur. Eyni zamanda əgər böyrəkdə böyümə varsa və dərman müalicəsindən sonra 1-2 günə daş düşmürsə, bu zaman endoskopik yolla əməliyyat tətbiq olunur. Daş böyrəkdədirsə və ölçüsü böyükdürsə, bu zaman mütləq böyrəyin üstündə 1 sm-lik dəlik açılır və daş parçalanır.
– Bundan sonra yenidən daş əmələ gələ bilərmi?
– Bundan sonra daşın əmələ gəlib-gəlməyəcəyinə heç kəs 100 faiz zəmanət verə bilmir. 50-60 faiz qarşısını almaq üçün xəstələrə müalicə tətbiq edirik. 1 aylıq böyrəyə stend qoyulur ki, oradakı duz və ya iltihab tökülsün. Onu da qeyd edim ki, son vaxtlar açıq əməliyyatlara müraciət edilmir. Daş böyük də olsa çalışırıq ki, endoskopik yolla əməliyyat edək. Çünki böyrək üçün açıq əməliyyatın fəsadları daha çoxdur. Belə ki, sidik axarının daralması, yenidən daşın əmələ gəlməsi, hətta böyrəyin itirilməsi ilə nəticələnə bilər.
– Böyrək daşı xəstəliyinə daha çox hansı yaş qrupunda rast gəlinir?
– Bütün yaş qruplarında rast gəlinir. İstər böyük, istər uşaq, istərsə də yaşlı adamlarda böyrək daşı xəstəliyi aşkar oluna bilər.
– Bəs uşaqda böyrək daşını əmələ gətirən səbəb nələrdir? Qida faktoru burada rol oynayırmı?
– Əvvəla, onu deyim ki, burada təkcə qida faktoru rol oynamır. Genetik amillər, həyat şəraiti daşın əmələ gəlməsinə yol açır. Soyuq şəraitdə olan xəstədə iltihablanma olur və nəticədə böyrəkdə daş yaranır. Uşaqlarda bu hallara çox rast gəlinməsə də, bəzən aşkar oluna bilir. Bundan əlavə, uşaqlarda sidik axarı darlığı adlanan anadangəlmə anomaliyalar olur. Axarın dar olması xırda duzların buradan axıb getməsinə mane olur. Həmin duzlar daha sonra böyüyüb daşa çevrilə bilir.
– Reseptsiz alıb istifadə etdiyimiz ağrıkəsicilər, antibiotiklər böyrəyə nə dərəcədə zərər verir?
– Həkimin təyin etmədiyi heç bir dərmanı içmək olmaz; hətta vitamini belə. İnsanlar həkimin yazdığı dərmanı doğru-düzgün qəbul etmir, ancaq başqasının məsləhət gördüyü dərmanı tez alıb içir. Bu da, təbii ki, orqanizmə mənfi təsir göstərir. Xüsusilə, böyrəyin orqanizmdə süzgəc funksiyasını yerinə yetirdiyini nəzərə alsaq, qəbul edilən hər bir preparat böyrəkdən süzülüb gedir. Yanlış dərmanlar, əlbəttə ki, böyrəyə zərər verir.
– Böyrək daşından azad olmaq üçün türkəçarəyə müraciət etmək doğrudurmu? Bunun xəstəyə hər hansı zərərləri ola bilərmi?
– Əgər həkim nəzarəti altında xüsusi dəmləmələrdən istifadə olunarsa, bunun bir zərəri olmaz. Qarğıdalı saçağı, böyrək çayı, qırxbuğum bitkisi gündə bir-iki dəfə dəmləyib içməyi tövsiyə edirik. Lakin həddindən artıq qəbul etmək fayda verəcəyi halda, zərər vura bilər.
– Böyrək daşı xəstəliyinin digər bir əlaməti də yüksək təzyiq olduğu deyilir. Bu hansı hallarda baş verir?
– Daş bəzən gəlib axarı tutur. Böyrək genişlənir və daş sidiyin oradan sidik kisəsinə getməsinə, ifrazına mane olur. Bu da, öz növbəsində, kreatinin qanda qalxmasına şərait yaradır. Təzyiqin qalxması həm bu, həm də ağrıdan qaynaqlana bilir. Bu proses hətta böyrək çatışmazlığına qədər aparıb çıxara bilir.
– Böyrək daşı xəstəlikləri hamilə xanımlar üçün nə dərəcədə təhlükə törədir?
– Əgər hamilə xanımın böyrəyində daş varsa və bu daş axara düşürsə, bu zaman böyrəyin genişlənməsinin qarşısını almaq üçün stend qoyulmalıdır. Yalnız hamiləlik bitdikdən sonra müdaxilə etmək olar. Ümumiyyətlə, hamiləlik zamanı ən çox böyrək problemi yaranır. Bu da dölün böyüməsindən qaynaqlanır. Döl böyüdükcə sidik axarlarını sıxmağa başlayır. Bu da sidiyin axıb getməsinə mane olur. Nəticədə böyrəkdə genişlənmə əmələ gəlir. Bunlar da xəstənin səhhətində dərəcələrinə görə qiymətləndirilir. Belə ki, ikinci dərəcəli olduqda müalicə yazılır, xüsusi idman hərəkətləri tövsiyə olunur. Üçüncü dərəcəli olduqda isə, kreatin qalxır, temperatur yüksəlir və bu zaman müalicəyə xəstəlik tabe olmur. Az öncə qeyd etdiyim kimi, belə olan halda stend qoyulur və hamiləlik bitdikdən sonra hər hansı müdaxilə edilir.
– Böyrək daşı xəstəliyindən əziyyət çəkən xəstələrə hər hansı ümumi pəhriz tövsiyə olunurmu, yoxsa burada yanaşma fərdidir?
– Burada əsasən yanaşma fərdidir. İlk növbədə, analiz verilir və bu zaman xəstədə hansı daşın olduğu müəyyənləşdirilir. Oksalat, urat, fosfalit daşlarına müvafiq olaraq xüsusi pəhriz cədvəlləri verilir. Məsələn, urat daşlarının əmələ gəlməsi ət yeməyini çox qəbul etməkdən irəli gəlir. Bəzi insanlarda ikili daşlar olur. Oksavat və urat daşları. Bu daha çox problemli olur. Çünki hər iki daşın pəhrizi bir-birindən fərqlidir. Belə ki, oksavat daşı üçün təyin olunan diyet urata uyğun gəlmir, urat üçün nəzərdə tutulan da oksavata. Belə olan halda, xəstədən maksimum dərəcədə özünə diqqət etməsini istəyirik. Bol miqdarda su qəbul etmək, hərəkət etmək və s. Əgər xəstə heç bir müayinədən keçməyibsə, bu zaman ona bol su içməyi və çoxlu hərəkət etməyi tövsiyə edirik. Eyni zamanda bu xəstəliyin qarşısını almaq üçün heyvani qidalardan bir az uzaq durmaq lazımdır.

– Xörək duzu böyrəkdə daşın yaranmasında nə dərəcədə rol oynayır?
– Əslində təsiri var, lakin düşünüldüyü qədər çox deyil.
– Böyrək yetməzliyinin yaranmasına səbəb nədir?
– Böyrək çatışmazlığı bir çox səbəbdən yaranır. Adi zəhərlənmə, böyrək daşları müalicə olunmadıqda, bəzi anomaliyalar, böyrəkdə polikistozların yaranması böyrək yetməzliyinə gətirib çıxara bilir. Buna görə də hər bir insan ən azı il ərzində 2 dəfə heç bir şikayəti olmasa belə, müayinədən keçməlidir.
– Hər iki böyrək götürüldükdən sonra xəstə həyatına davam edə bilirmi?
– Hər iki böyrək çıxarılırsa, bu zaman xəstəyə ya böyrək köçürülməlidir və ya dializə bağlanmalıdır.
– Adətən, xəstə hansı vəziyyətdə sizə müraciət edir?
– Sözsüz ki, bizdə xəstələr ən son halda həkimə müraciət edirlər. O da ağrılar şiddətli hal almağa başladıqda. Çox nadir hallarda hansısa xəstənin özündə bir az narahatlıq hiss etdiyi üçün həkimə gəldiyinin şahidi oluruq.
– Böyrək ağrıları əsasən hansı nahiyələrdə olur?
– İlk növbədə, onu deyim ki, böyrək ağrıları bel hissəsində çox müşahidə edilmir. Ağrı əsasən hər iki tərəfdə olur, qarının içəri tərəflərinə və aşağı sidik kisəsinə doğru vurur.
– Soyuqdəymə böyrəkdə hansı problem yaradır?
– İltihab yaradır. Hətta onu deyim ki, böyrək daşı iltihabdan daha yüngül xəstəlikdir. Cəmi bir həftə kifayət edir ki, iltihablanma səbəbilə böyrəklər funksiyasını itirsin. Daş böyrəkdə illərlə qala bilir. Lakin iltihab dərhal yayılır və böyrəyi yararsız hala salır.
– Genetik meyilliliyi olan xəstələr daha çox nəyə diqqət etməlidirlər?
– Bu insanlar xüsusilə çoxlu maye qəbul etməlidirlər. Çünki onlar onsuz da böyrəkdə daş əmələ gəlməsinə meyilli olurlar. Bunun qarşısını almaq üçün maksimum su içməlidirlər ki, daşın əmələ gəlməsinin qarşısı alınsın.
– Böyrəkdə daş əmələ gəlməsinin qarşısını almaq üçün qaynadılmış və ya çiy su içməyin fərqi olurmu?
– Bir insanın böyrəyi yaxşı süzürsə, hansı suyu içməyindən asılı olmayaraq onda daş əmələ gəlməyəcək. Lakin böyrəyin funksiyası azalıbsa, nə qədər qorunsa da, yenə orada daş yaranır. Buna görə də pasiyentlərə bacardıqları qədər çox su içməyi tövsiyə edirik ki, yaranan daş tez axıb getsin.
– Meyvələrdən hansı böyrək üçün faydalıdır?
– Əslində bütün meyvələr, amma ən çox qarpız böyrəyin süzməsinə daha çox təsir edir. Eyni zamanda qarğıdalı saçağında sidikqovuculuq olduğuna görə duzların axıb getməyinə şərait yaradır.