“Çəmənliklər kimlərinsə gəlir mənbəyinə çevrilib”

0
528
Bakıda yaşıllaşdırılmış, qazon döşənmiş hansısa ərazinin bir müddət sonra baxımsızlıq ucbatından bərbad vəziyyətə düşməsi halları ilə yəqin siz də rastlaşmısınız. Məsələn, bir neçə il öncə baş vermiş iki faktı xatırlayaq. Bunlardan birincisi, Bakının “Şamaxinka” deyilən ərazisində istifadəyə verilən tunelin üstündə yaşıllaşdırılmış ərazi ilə bağlıdır. Belə ki, tunelin üstünə qazon döşənmiş, skamyalar düzülmüş, gözəl bir mənzərə yaranmışdı. Tunel istifadəyə veriləndən bir müddət sonra da bu gözəllik qorunub saxlandı. Ancaq elə ki, 1 ilə yaxın vaxt ötüb keçdi, buradakı vəziyyət tamamilə dəyişdi – qazonlar ya suvarılmadığından, ya insanların tapdalamaları səbəbindən, necə deyərlər, yanaraq sapsarı oldu. İnanmayanlar əraziyə yollanıb, indiki vəziyyəti öz gözləri ilə görə bilərlər…  
Baxımsızlıq ucbatından yararsız hala düşdü…

Bundan başqa, eyni hal bir neçə il öncə paytaxtın Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində inşa edilmiş körpünün alt hissəsində müşahidə olunmuşdu. Belə ki, həmin ərazidə körpü yenicə istifadə verildiyi vaxt alt hissəsinə qazon döşənmişdi. Yamyaşıl görünən bu hissə yaxınlıqdakı parkla həmahənglik təşkil edir və insanın zövqünü oxşayırdı. Ancaq cəmi 2-3 ay sonra o çəmənlikdən əsər-əlamət qalmadı, baxımsızlıq ucbatından yararsız hala düşdü. Saralmış qazonlar çox bərbad bir görüntü yaratdığından aidiyyəti qurumlar həmin əraziyə – əvvəllər qazon döşənmiş hissəyə asfalt döşədilər. Yenə də inanmayanlar gedib öz gözləri ilə görə bilərlər…

Xatırladaq ki, bir müddət öncə qəzetimizdə “Ölkəmizi gözəlləşdirən çəmənliklər” adlı yazı dərc olunmuşdu. Yazıda hazırda ölkəmizdə yaşıllaşdırma işlərində qazonlardan geniş istifadə edildiyi bildirilirdi: “Qazonlara üstünlük verilməsinin səbəbi onların nisbətən uzunömürlü olmasıdır. Qazonların bir kvadratmetrinin qiyməti hazırda satış bazarında 6 manatdan başlayır”. Bu işlə məşğul olan şirkətlərdən birinin meneceri Elnur Nəsirov “Zaman-Azərbaycan”a müsahibəsində bildirmişdi ki, hazırda ölkəmizdə yaşıllaşdırmada geniş istifadə olunan qazonların satış qiyməti mövsümə görə dəyişir. Elnur Nəsirovun dediyinə görə, tələbat çox olanda bazarda qazonların qiyməti istər-istəməz artır: “Məsələn, keçən il ölkəmizdə çoxlu açılışlar var idi. Ona görə qazonların 1 kvadratmetrinin qiyməti 40 manatadək bahalaşmışdı. Amma hazırda 6 manatdır”.

E. Nəsirovun dediyinə görə, ölkəmizdə yetişdirilən qazonların toxumu Türkiyə, Hollandiya, Amerika və Kanadadan gətirilir: “Bunların içərisində ən keyfiyyətlisi Amerika və Kanadadan gətirilən toxumlardır”.

“Zərərli həşəratların yumurtaları ölkəmizə gəlir və yayılır”

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə bizimlə söhbətində mövzuya belə münasibət bildirdi: “Heç bir şirkət xarici ölkələrdən bura birbaşa qazon gətirmir. Söhbət xaricdən toxumların alınıb gətirilməsindən və burada yetişdirilməsindən gedir”.

Lakin Telman Zeynalov qazon toxumlarının xaricdən alınıb-gətirilməsini doğru hesab etmir. Onun sözlərinə görə, həmin toxumlar ölkəmizdə zərərli həşəratların yayılmasına münbit şərait yaradır: “O toxumların yetişdirildiyi yerin havası ilə bizim havamız, iqlimi ilə bizim iqlimimiz bir deyil axı. Orada olan qurd-quşla bizdə olan qurd-quş bir deyil axı. Həmin toxumların içərisində zərərli həşəratların yumurtaları da ölkəmizə gəlir və yayılır”.

Telman Zeynalov iddia edir ki, xaricdən gətirilən həmin toxumlardan qazonlar Bakıda – hava limanına gedən yolun ətrafında yetişdirilir: “Yolun sağında da, solunda da qazonlar yetişdirilir. Məndə olan məlumata görə, həmin ərazidə qazon yetişdirilməsi məmurlardan birinə (Telman müəllim həmin məmurun adını açıqlasa da, biz dəqiqləşdirilmiş informasiya olmadığına görə, onu yazmağı etik cəhətdən doğru hesab etmirik-N.İ) aiddir”.

 “Belə olması toxum yetişdirib satanlara sərf edir…”

Ekoloq deyir ki, bir ərazi abadlaşdırılanda, park salınanda oranın yaşıllaşdırılması müsbət işdir: “Tutaq ki, hansısa yolun kənarı ağaclıq deyil, amma ora qazon döşənib, yaşıllaşdırılıbsa, bu da müsbət haldır. Ancaq bu iş keyfiyyətli görülməlidir. Onu da əlavə edim ki, qazonlar da ağaclar kimi havanı təmizləyirlər. Onlar havada olan çirkabın təxminən 40 faizini udur. Qazonlar da təbiətə xeyir verir. Son dövrlərdə, doğrudan da, hara gedirsənsə, görürsən ki, çox yerlərə qazon döşənib. Amma onlara qulluq məsələsini unutmaq olmaz. Bir həftə, iki həftə fikir vermədin, qulluq eləmədin yanacaq. Məcbursan ki, köhnə qazonu yığışdırıb, yenisini əkəsən. Belə olması toxum yetişdirib satanlara sərf edir ki, tez-tez satılsın. Mənim fikrimcə, qazonlara baxılması, qulluq edilməsi, vaxtında suvarılması, biçilməsi onun satışı ilə məşğul olanlara sərf eləmir. Bəzi yerlərdə qazonlara, həqiqətən də, qulluq edirlər, otunu biçirlər. Bəzi yerlərdə isə tapdalananda, xarab olanda yenisi ilə əvəz edirlər. Ancaq çox vaxt tərsini görürük, yəni qazonlar yanır. Çünki köhnəsi yanmasa, bu işlə məşğul olanların yetişdirdikləri yeni qazonlar heç kimə lazım olmayacaq. Ticarət budur – biznesmen istəyir məhsulunu tez satsın, vətəndaş isə istəyir xidmət yüksək, görülən iş keyfiyyətli olsun və ondan bəhrələnsin. Bəzən elə yerlərə qazon əkilir ki, nə su verilir, nə də qulluq edilir”.

“Botanika İnstitutuna şərait yaratmaq lazımdır”

Sonda Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bir vacib məqamı da qeyd etdi: “Bir məqamı qeyd etməyi özümə borc bilirəm – son vaxtlar ölkəmizdə, həqiqətən, yaşıllaşdırma sahəsində böyük işlər görülür. Şəhərin yaşıllaşdırılması istiqamətində atılan müsbət addımlar göz önündədir. Leyla xanımın rəhbərliyi ilə İDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq dialoq) İctimai Birliyi bu istiqamətdə mühüm işlər görür. İnanıram ki, ümumən yaxın gələcəkdə yaşıllaşdırma sahəsində daha böyük işlər görüləcək. Xaricdən toxum gətirmək əvəzinə, onu burada yetişdirməyi də zəruri hesab edirəm. Ölkəmizdə bu cür toxum yetişdirmək imkanları məgər yoxdur? Nə qədər alimlərimiz var. Zoologiya, Botanika, Fizika institutlarımız var. Biz nəyə görə xaricdən alıb gətirməliyik bu toxumları? Botanika İnstitutuna şərait yaratmaq lazımdır”… NİCAT İNTİQAM

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here