Çəltikçiliyə maraq azalsa da…

593

Tarixən çəltikçilik ənənələrinə sahib olan Astara-Lənkəran bölgəsində bu gün bu sahəyə maraq olduqca azdır. Hal-hazırda bölgənin, sadəcə, Astara rayonu ərazisində, daha dəqiq desək, rayonun Artupa kəndində çəltik sahələri var. Fermerlərin builki biçim haqqında düşüncələri, eyni zamanda çəltikçilik haqqında bir sıra suallarımıza cavab tapmaq məqsədilə bu kəndə üz tutduq. Suallarımızı fermer, eyni zamanda kənddə müəllim işləyən Fəxrəddin Məhərrəmov və kənd ərazi icra nümayəndəsi Zaur Həsənov cavablandırdı. Fəxrəddin müəllim bildirdi ki, Sovet dövründə kəndin ərazisində dövlətə məxsus torpaqlarda da çəltik əkini aparılıb: “Lakin biz şəxsi təsərrüfatımızı 1993-cü ildə qurmağa başlamışıq. Həmin illərdə maddi vəziyyət yaxşı deyildi. Ona görə də həmin vaxtda rayonun bir çox kəndlərində çəltikçiliyə maraq çox idi. Çətinliyinə baxmayaraq, əhali bu işlə məşğul olurdu. Çünki bu sahə rentabelli sahədir, gəlir gətirəndir. Eyni zamanda bölgədəki iqlim şəraiti də buna imkan verir. Hal-hazırda kəndimizdə bu işlə məşğul olanların mövcudluğu bu sahəyə müəyyən qədər marağın olmasından xəbər verir”.

 “Sovet dönəmində məhsuldarlıq daha çox olub”

Fəxrəddin Məhərrəmovun sözlərinə görə, dövlət tərəfindən verilən subsidiyalar bu işdə stimul rolunu oynayır: “Hazırda kəndimizdə 87 hektar çəltik sahəsi mövcuddur”. Fəxrəddin müəllim dedi ki, sovet dönəmində məhsuldarlıq daha çox olub: “Belə ki, bir hektardan 7-8 ton məhsul götürülüb. Ancaq indiki dövrdə bu azalıb. Hazırda biz bir hektardan 3-4 ton məhsul götürürük. Bunun da əsas səbəbi toxumçuluqla məşğul olunmamasıdır. Amma son vaxtlar Lənkəranda keyfiyyətli toxumların gətirilməsi, fermerlərə çatdırılması və digər işlərlə məşğul olan bir qurumun fəaliyyəti müsbət haldır. Əvvəlki dönəmlərdə rayonda 60-dan çox düyü növü olub. Onlar rayonlaşdırılmış elit sortlar adlanır. Bunlardan azsort, beybut, çempion və digərlərini qeyd etmək olar. Hazırda isə biz həşimi, həsəni, şabani növlərini əkirik. Bunlardan həşimi və həsəni növlərinin gözəl ətri var”. F. Məhərrəmov çəltik əkini prosesinin çətinliklərini də bizimlə bölüşdü: “Biz çəltiyi əllə əkirik. Hazır şitilləri dəstə-dəstə ləklərə basdırırıq. Əkin prosesi may ayının 5-dən başlayır. 3 ay müddətində çəltiyə qulluq olunur. Bundan öncə isə şitil bir ay müddətində istixanada yetişdirilir”.

 “Toxumluq üçün ayrıca bir lək əkirik”

“Eyni toxum davamlı bir neçə il əkiləndə o cırlaşır. Bu da torpağa bağlı olan bir məsələdir. Biz toxumluq üçün ayrıca bir lək əkirik. Həmin ləkin məhsulunu kombayn biçmir. Onu əlimizlə biçirik. Çünki toxumluq məhsulun zədələnməməsi və xüsusi şəkildə saxlanması vacibdir. Yeri gəlmişkən deyim ki, əvvəllər texnika olmaması səbəbindən hər bir işi əllə görürdük. Bu isə onsuz da çətin olan çəltikçilik işini daha da çətinləşdirirdi. Hal-hazırda texnikanın olması işimizi yüngülləşdirib. Lakin texnikanın sayının azlığı da bizi narahat edir. Rayonumuzdakı kombaynlar taxıl biçini üçün nəzərdə tutulduğundan çəltik yığımına uyğunlaşdırılmır”,-deyə qeyd edən müsahibimizin dediyinə görə, bu səbəbdən də biçin zamanı müəyyən məhsul itkisinə yol verilir: “Kombayn biçdikdən sonra 3 gün ərzində məhsulu quruduruq. Sonra dəyirmana aparılır. Çəltik taxıl məhsullarından fərqli olaraq döyülür. Yəni üyüdülmür. Çəltiyi döyən dəyirman “ding” adlanır ki, bu da onun çıxardığı səsə uyğun olaraq, ona verilmiş addır. Az da olsa su problemimiz var. Çəltik sahələri su kanalları ilə sulanır. Sahələrin daha yaxşı suvarılması üçün artezian quyularının qazılması nəzərdə tutulub. Çünki su çəltik üçün olduqca əhəmiyyətlidir. Yeri gəlmişkən deyim ki, bu il quraqlıq oldu və bu da bizə müəyyən çətinliklər yaratdı”. Həmsöhbətimizin sözlərinə görə, bəzi texnikaların xidmətindən istifadənin baha başa gəlməsi də bir problemdir.

 Düyü niyə bahalaşır?

“Ding”dəki işlərlə tanış olmaq üçün oraya yollandıq. Dəyirmançı Nadir Quliyev oradakı iş fəaliyyəti ilə bizi tanış etdi. Qeyd edək ki, dəyirmanda döyülən düyü elə oradaca satışa çıxarılır. O, satış problemlərinin olmadığını bildirdi: “Müştərilər kəndimizə gəlib, məhsulumuzu alıb aparırlar. Ən yaxşı növ sayılan həşimi və həsəni düyüləridir ki, bunların da 1 kiloqramının qiyməti 3 manatdır. Qışa saxlanılan məhsullar isə həmin mövsumdə 3,50 və 4 manata satılır. Qışa saxlanılan düyü növləri dəyirmanda döyülmədən saxlanılır. “Ding”də döyüldükdən sonra isə satılır”. Qeyd edək ki, bu növlərin həm gözəl ətri var, həm ləzzətlidir, həm də artımlıdır. Bu növ düyülər uzunsov olur. Xırda olan şabani növ düyüsü isə 1,20 manata satılır. Onu da qeyd edək ki, dingdə (dəyirmanda) düyü döyüləndən sonra 3 növdə olur. I və II növ düyülərə iriliyinə görə qiymət qoyulur. III növ isə üyüdülür.

 Əlverişli iqlim şəraiti, məhsuldar torpaqlarımız var

Fəxrəddin müəllim keçən illə müqayisədə bu il satış qiymətlərinin artdığını vurğuladı: “Keçən il düyülərin 1 kiloqramını 2 və ya 2,50 manata satırdıq. Məhsuldarlıq bu il azalıb. Bu da quraqlıq olması ilə əlaqədardır. Çəltik dəmyə bitki olmaması səbəbindən suvarmanın, o cümlədən yağışın önəmi məhsuldarlıq baxımından çox önəmlidir. Bizimlə söhbətində Fəxrəddin müəllim bir maraqlı məqama da toxundu. Onun sözlərinə görə, istər Cənub bölgəsində, istərsə də elə əlverişli iqlim şəraitinə malik digər rayonlarda yeni iş yerlərinin açılması baxımından çəltikçiliyi inkişaf etdirmək effektli olardı. Müsahibimiz çəltik sahələrinin yaxşı gəlir gətirməsini də onun bir üstünlüyü kimi vurğulayır: “Bu sahəni inkişaf etdirməklə minlərlə yeni iş yerlərinin açılmasına nail olmaq olar. Bunun üçün həm əlverişli iqlim şəraiti, həm də məhsuldar torpaqlarımız var. Üstəlik, dövlətimizin də buna kifayət qədər imkanı var”.

 Düyünün faydalı tərkibi

İcra nümayəndəsi Zaur Həsənov isə qeyd etdi ki, bu bölgədə çəltikçiliyin tarixi ənənələri mövcuddur: “Hazırda bu sahəyə maraq azalsa da, əhali yenə də düyü yeməklərindən, plovdan olduqca çox istifadə edir. Belə ki, təkcə bizim bölgədə düyüdən 18 növdə plov bişirilir. Toy şənliklərində də düyü yeməklərindən, plovdan geniş istifadə olunur”.

Sonda isə düyü yeməklərinin faydaları haqqında danışaq. Fəxrəddin müəllimin dediyinə görə, düyünün tərkibində zülallar, nişasta, yod, C vitamini mövcuddur: “Qanı çoxaldır. Eyni zamanda düyüdən pəhriz yeməkləri də hazırlanır. Düyü yeməkləri revmatizmin də azalmasına, bədəndən təmizlənməsinə səbəb olur. Əslində, bölgədə rütubətin çox olması buradakı əhalinin revmatizm xəstəliyinə gətirib çıxarır. Lakin düyü yeməklərindən çox istifadə edildikdə, bu xəstəliyə tabe olma ehtimalı azalır”. Çəltikçiliyin bu bölgədə tarix boyu inkişaf etdirilməsi bu cəhətdən diqqətçəkicidir. Necə deyərlər, Allah dərdi verəndə dərmanını da verir…

Mərdan Qurbanov, Astara