Cəlal Qəribov: “Mənə doğru yol göstərən olmadı”

55

 

Kəndimizin sakinlərinin xatirələrində hörmətlə anılan, xatırlanan müəllimlərindən biri də Cəlal Aday oğlu Qəribovdur. Bu yazımda Cəlal müəllim və onun şəcərəsi haqqında eşitdiklərimi, araşdırdıqlarımı, əldə etdiklərimi oxucularımla bölüşmək istədim. Kim əlavə məlumatlar vermək istəsə, bu başdan ona minnətdarlığımı bildirirəm.

Qonağın vəsiyyəti

Pirverdi kişinin iki övladı olub: Aday (Cəlal müəllimin atası) və Mirzə (Sədulla kişinin atası). Dövrünün dindar, saf, məzəli insanlarından biri kimi tanınmış Aday kişi (1884- 1976) həmkəndlimiz Həmidə xanımla ailə qurub. Cəlal müəllimin sağlığında söylədiklərinə görə, bu izdivacın maraqlı tarixçəsi olub: “Anam Həmidə xanım Qonaq adlı həmkəndlimizin həyat yoldaşı idi. Onun Qonaqdan dörd övladı – Seyfulla (İkinci Dünya müharibəsində həlak olub), qızları – Mahzada (Ləgərə ərə gedib), Nurxanım (Sübhangilin anası), Gülzar (Pirhəsənin anası) dünyaya gəlib.

Günlərin bir günü Qonaq ağır xəstələnir. Başa düşür ki, artıq əcəl qapını döyür. Sədaqətinə, sözünün bötüvlüyünə inandığı atamı, yəni Aday kişini yanına çağırır. Ona and verir ki, mənim vəsiyyətimə əməl edəcəksən. Atam da and içir. Atam and içdikdən sonra Qonaq vəsiyyətini edir: “Aday, mənim bir neçə gün ömrüm qalıb. Ürəyimə damıb, son günlərimi yaşayıram. Əgər ölsəm, Həmidəni, uşaqları sənə tapşırıram. Həmidəni alarsan, uşaqlara öz övladların kimi baxarsan. Yoxsa onlar məhv olacaqlar. Odur ki, subay, gənc oğlan, andına sadiq qalan atam 4 uşaqlı Həmidə xanımla evlənir.

Bu izdivacdan da 3 uşaq – Cəlal müəllim, Umarat (Füzuligilin atası) və Gülsabah (mərhum Firudinin anası) dünyaya gəlib. Beləliklə, Aday kişi 7 uşağı saxlayıb”.

 

“Bəzən ağlamağım gəlirdi”

Böyük Vətən müharibəsi (1941-1945) illərini xatırlayanda Cəlal müəllim deyərdi: “Uşaqlıq illərim müharibə dövrünə düşmüşdür, ona görə də çox əzablı keçmişdir. Anam Həmidə xanım çox zəhmətkeş qadın idi. İşə gedəndə məni də özü ilə aparardı. O vaxt kolxozçulara iş norması qoyulardı. Anam normanı artıqlaması ilə yerinə yetirərdi. Digər kolxozçular 5-10 dəqiqə dincələndə anam odun yığar, günortaya qədər bir eşşək yükü hazırlayıb mənə tapşırardı ki, apar odunu boşalt, yenə qayıt. Axşam iş qurtaranda yenə də odun yığar, eşşəyi yüklər, evə gətirərdik. Ən çətin vaxtlar əkin biçini vaxtı idi. Müasir texnika yox idi. Taxılı əl ilə biçər, dərz bağlar, öküz arabaları, furqunlarla daşınardı. Anam oraqla biçər, mən dərz bağlardım, isti adamı bişirərdi, bəzən ağlamağım gələrdi. Odun norması da öz yerində”.

Cəlal müəllim tez-tez: “O günlər getsin, bir də gəlməsin” – deyə təkrar edərdi.

Haşiyə

Aday Qəribov İkinci Dünya müharibəsində də iştirak etmişdir. Eşitdiyimə görə, döyüşlərin birində əsir düşmüş Aday kişi düşərgədə olan 2-3 nəfər yəhudiyə kəlməyi-şəhadəti (Əşhәdü әn la ilahә illәllah, Əşhәdü әnnә Muhәmmәdәn rәsulullah) öyrətməklə onları fiziki məhv olmaqdan xilas edibmiş.

Aday kişidən bu qədər danışıb onun baməzə söhbətlərindən söz açmamaq yaxşı olmazdı. Elə bu gün də kəndimizdə onun adı ilə bağlı məzəli əhvalatlar dillər əzbəridir. Onlardan birini bu yazıya daxil edirik. Deməli belə:  Aday kişigildə xaşıl bişirilib. Boşqablara çəkilən kimi Aday kişi qaşığına az-az alıb yeməyə başlayıb. Atası Pirverdi kişi soruşub:

-Aday, xəşil soyuyub?

-Hə, ata, soyuyub.

Pirverdi kişi qaşığı doldurub qoyub ağzına. Kişinin ağzını, boğazını necə yandırıbsa, danışa bilməyib, gözlərindən yaş axıb. Aday da hey soruşub:

-Ata, nə oldu, nə oldu?

Kişi özünə gələndən sonra deyib:

-Nə olacaq, Aday adında oğlum ölüb.

Nümunəvi əsgər

Sənədlərə əsaslansaq, Cəlal müəllim 1932-ci ilin 20 sentyabrında anadan olmuşdur. Ancaq sağlığında söyləyərdi ki, mən 30-cu ilin sentyabrındanam: “Əsgər getməmək üçün rəhmətlik Qəribov Cəlil Daşdəmir oğlu ilə (uzun müddət məktəbimizin təsərrüfat müdiri vəzifəsində işləmişdir) birlikdə gedib yaşımızı kiçiltmişik.

Cəlal müəllim ilk təhsilini Alpan kəndində almış, sonra Quba şəhəhərində ikiillik müəllimlər məktəbini tarix üzrə bitirmişdir. İlk əmək fəaliyyətinə Qubada çətin təribyə olunan və yetim uşaqların təhsil aldığı internatda başlamışdır. (Həmkəndlimiz polkovnik Ələkbərə də dərs deyib).

 Cəlal müəllim ailə həyatını da tez qurmuşdur. Belə ki, o, hələ əsgər getməmiş, təxminən 1950-51 ci illərdə  həmkəndlimiz Talıbova Sahibət Xələf (Talıbov Bədrəddinin kiçik bacısı) qızı ilə ailə qurmuşdur. O, əsgər gedərkən yoldaşı Sahibət xanım ilk övladına hamilə olmuşdur. Cəlal müəllim 3 il 6 ay Moskva şəhərində rabitəçi kimi xidmət etmişdir. Nümunəvi əsgər kimi ordu sıralarında kommunist partiyası sıralarına qəbul olunmuş, polkun komsomol təşkilat katibi kimi fəaliyyət göstərmişdir.

Cəlal müəllimin xəbəri olmadan polkun siyasi rəhbərliyi Quba rayon partiya komitəsinə onun haqqında tərif dolu məktub, təşəkkürnamə göndərmişdir. Cəlal müəllim deyərdi ki, mən ordudan qayıdanda iki şeyə çox sevinmişdim: “Bir artıq sərbəst gəzən, danışan oğlumu görəndə, bir də raykom katibi məni görüşünə çağıranda. Mənim məktubdan, təşəkkürnamədən xəbərim yox idi.  Katib mənimlə çox səmimi görüşdü və rayon  komsomol təşkilatında iş təklif etdi, razılaşmadm. O elə başa düşdü ki, vəzifəni bəyənmədim. Onda partiya komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsini mənə təklif etdi. Dedim, icazə verin böyüklərimlə məsləhətləşim. Evə gəldim, hamı narazılığını bildirdi. Evdəkilər dedi, 4 il əsgərlik, indi də Qubada iş, yenə ailədən uzaq (o vaxtlar indiki şərait yox idi, gediş-gəliş piyada idi). Məndən yaşlı, savadlı kadrlar dedilər ki, kağız-kuğuzun içində itib-batacaqsan. Nə isə, mənə dəstək olan, doğru yol göstərən olmadı. Suyu süzülə-süzülə getdim katibin yanına və dedim ki, mən müəllim işləmək istəyirəm. Katib əsəbi şəkildə dedi ki, özün-özünə balta çaldın. Götürüb Quba rayon maarif müdirinə zəng vurdu və dedi ki, yanına bir cavan oğlan gələcək, onu işlə təmin elə”.

Və dogma məktəb

Beləliklə, Cəlal müəllim öz doğma kəndindəki məktəbdə işləməyə başlayır. Bir müddət pioner baş dəstə rəhbəri, sonra öz ixtisası üzrə tarix müəllimi işləyir. İşləyə-işləyə təhsilini davam etdirir, Azərbaycan Pedaqoji İnstututunun qiyabi şöbəsiində tarix fənni üzrə ali təhsil alır və öz ixtisasının dərinliklərinə yiyələnir.

Onun müəllimliyinə söz ola bilməzdi. Yüksək tələbkarlığı, güzəştə getməməsi, yaxşı oxuyan şagirdlərə qayğı göstərməsi onu hamıya sevdirirdi. Cəlal müəllim 10 ilə yaxın məktəb direktoru işləmişdir. O, 2009-cu ildə, 78 yaşında doğma məktəbindən üzüağ ayrılmışdır.Cəlal müəllim  05.11.2017-ci il tarixində 87 yaşında dünyasını dəyişmişdir

Cəlal müəllim həm də çox qayğıkeş və nümunəvi ata olmuşdur. Onun Sahibət xanımla izdivacından 5 övladı – 2 oğlu, 3 qızı olmuşdur. Böyük oğlu İkram Azərbaycan  Tibb İnstitutunu  bitirib pensiyaya çıxana qədər əvvəlcə Bakıda, sonra isə Quba şəhərində həkim kimi çalışıb. Digər oğlu Cəlal Rusiyanın İvanovu şəhərində inşaat mühəndisi ixtisasına yiyələnib. Hazırda Quba rayon YAP təşkilatının təbliğat-təşfiqat şöbəsinin müdiridir. Böyük qızı Rüxsarə Quba Tibb Texnikumunu bitirib. Hazırda Xaçmaz şəhərində yaşayır və pensiyaçıdır. Digər qızı lalə xanım orta məktəbi əla qiymətlərlə bitirsə də, sonradan təhsilini davam etdirməmiş, Maarif müəllimlə (Əmkişiyev) ailə həyatı qurmuşdur. Ailənin son beşiyi olan Sevinc xanım da Quba Tibb Texnikumunu bitirmişdir. Sevinc xanım 2011-ci ildə dünyasını dəyişmişdir.

Yaddaşlardan sətirlər

Prinsipial adam idi

Zabit Babayevin xatirələrindən: “Cəlal müəllim sovet tarixini həvəslə tədris edən və bunu bacaran müəllimlərimizdən idi. Daima Sərafəddin müəllimlə rəqabətdə olurdu. İnsan kimi yaxşı idi. Kənddə hamı müəllim kimi onun hörmətini saxlayırdı. Həm müəllimim olub, həm də sonra birlikdə iş yoldaşı kimi yaxşı münasibətlərimiz olub. Prinsipial adam idi”.

Neman Qədirbəylinin xatirələrindən: “Cəlal müəllimlə qonşu olmuşuq. Yaxşı qonşu kimi xatırlayacağam həmişə rəhmətliyi. Xeyİrə -şərə yarayan bir insan idi. Müəllimim olmasına baxmayaraq, mənə həmişə bir qonşu kimi yanaşardı. Məktəbi onun direktor olduğu dövrdə qurtarmışıq. Yadımda çox tələbkar direktor, savadlı bir müəllim kimi qalıb. Bütün uşaqlar ondan çəkinərdi. Əsl ziyalı idi rəhmətlik”.

Zakir Xəlil oğlu Xəlilovun dediklərindən: “Əgər məndən soruşsalar ki, ən tələbkar müəllimin kim olub? Düşünmədən cavab verərdim, tarix müəllimimiz Cəlal müəllim”.

Dəryada bir damladır..

Fərhad Babayevin xatirələrindən: “Mən Cəlal müəllimi 1960-cı illərin əvvələrində Alpan kənd orta məktəbinə komsomol və pionerlərlə iş üzrə direktor köməkçisi təyin olunduqdan sonra tanımışam. İşini günün tələbləri səviyyəsində quran Cəlal müəllim hətta təhsildə fərqlənən, təlim-tərbiyəsi ilə diqqət mərkəzində olan  şagirdləri də pioneer düşərgələrinə göndərərdi. Onun sayəsində pioner düşərgəsində istirahət etmək mənə də nəsib olub.

Bacım Babayeva Sədaqət Cəlal müəllimin qızı Ruxsarə xanımla birlikdə Quba Tibb Texnikumuna daxil olub orada oxuyarkən atasını tez itirən bacıma dogma əmisi kimi münasibət göstərərdi. Anam həmişə onun bacıma dogma münasibətindən, göstərdiyi köməkliklərdən söz açardı. (Mən o zaman doqquzuncu sinfi bitirib təhsilimi davam etdirməyə Bakıya gəlmişdim). Bir dəfə Cəlal müəllimlə görüşüb bacıma göstərdiyi dogma münasibətə görə minnətdarlığımı bildirəndə o gülümsəyərək dedi: “Bala,  rəhmətlik atan Babayevin mən də daxil olmaqla neçə nəfərin ali təhsil almasında danılmaz xidmətləri olub… Mənim etdiklərim onların qarşısında dəryada bir damladır”. Atam Babayev Qiyasəddin barədə dediyi bu sözlərdən sonra mən Cəlal müəllimin yaxşılığı itirməyən, həm də təvazökar bir şəxs kimi kəşf etdim”.

İlkin Balayevin xatirələrindən: “Cəlal müəllim mənim də müəllimim olub. Mənə beşinci sinifdən on birinci sinifədək tarix elmini öyrədib. Onunla bağlı mənim də xatirələrim var. Məsələn, bugünədək onun təsbehinin səsi-təsbehin sədəf daşlarının şaqqıltısı hələ də qulağımdadır. Qış aylarında paltosunun cibində dayanmadan təsbeh çevirərdi”.

Maarif Əmkişiyevin dediklərindən: “Cəlal müəllim ilk baxışdan sərt xarakterli, əsəbi insan kimi görünürdü. Əslində isə çox yumşaq xasiyyətli, umu-küsünü tez unudan idi.

O, bir işin dalınca gedəndə qarşısındakı ilə əvvəlcə çox mehriban, səmimi davranardı. Elə ki, görürdü qarşısındakı bunu düzgün qiymətləndirmir, qorxaq, avam sayır, vay o zaman kimliyindən asılı olmayaraq həmin adamın halına. Hər hansı bir işin dalınca gedirdisə, mütləq düzəlməli idi.

Aşağıbaşda içməli su yay aylarında problem olur. Cəlal müəllim sağ olanda həmişə bu problemi həll edərdi. Bələdiyyə, icra onun bir sözünü iki etməzdi. Həm hörmət edərdilər, həm də başa düşürdülər ki, haqlı tələbdir. İndi su gəlməyən kimi hamı Cəlal müəllimi arzulayır, ona rəhmət oxuyur.

O, həm də  nərd həvəskarı idi. Uduzmağı heç sevməzdi”.

Qvami Məhəbbətoğlu (Rəsulov)

Sağdan: Cəlal, Sevinc xanım, Cəlal müəllim, Sahibət xanım
Sağdan: Cəlal, Sevinc xanım, Cəlal müəllim, Sahibət xanım

Oturanlar: (sağdan) Babayeva Bəturə, Novruzova Səbirə, Mustafayeva İzzət. Ayaqüstı olanlar: Babayeva Ziba, Qəribova Sahibət, Balayeva Həzrə
Oturanlar: (sağdan) Babayeva Bəturə, Novruzova Səbirə, Mustafayeva İzzət. Ayaqüstı olanlar: Babayeva Ziba, Qəribova Sahibət, Balayeva Həzrə

Oturanlar: Aday kişi, Həmidə xanım, Sahibət xanım. Ayaqüstə olanlar: Gülsabah xanım, Gülzar xanım. Uşaqlar: Həmidə xanımın qucağında İkram, o biri də Pirəsən.
Oturanlar: Aday kişi, Həmidə xanım, Sahibət xanım. Ayaqüstə olanlar: Gülsabah xanım, Gülzar xanım. Uşaqlar: Həmidə xanımın qucağında İkram, o biri də Pirəsən.
Sağdan: Cəlal müəllim, Sevinc xanım, Sahibət xanım, Lalə xanım
Sağdan: Cəlal müəllim, Sevinc xanım, Sahibət xanım, Lalə xanım

 

P.S. Yazıda Maarif Əmkişiyevin göndərdiyi faktlardan da istifadə olunub.