“Çəkmələrimi çıxardımmı?” və yaxud SOCAR-dan ibrətamiz addım

438
Türkiyədə baş verən mədən qəzasından artıq 58 gün ötür. 
301 mədənçinin ölümü ilə nəticələnən faciənin ən yaddaqalan simalarından biri də heç şübhəsiz, Murat Yalçın idi. Mədəndən yaralı halda çıxarılan M. Yalçın ambulansa mindirilərkən “Çəkmələrimi çıxardımmı? Ambulans çirklənməsin” dediyi sözlərlə ölkənin gündəminə düşmüşdü. Bu sözləri ilə hər kəsi kövrəldən yaralı mədən işçisi ailəsini saxlamaq üçün yenidən mədəndə işləyəcəyini açıqlamışdı. Türkiyə mediasında yer alan məlumata görə, M.Yalçın daha mədəndə işləməyəcək. Azərbaycan neft şirkəti SOCAR tərəfindən ona iş təklif olunub. Şirkətin Türkiyə üzrə rəhbəri Kənan Yavuz bu təklif barədə öz “twitter” hesabında belə yazıb: “Çəkmələrinin xərəyi kirlətməməsi üçün çalışan Murat Yalçına Neftayırma Zavodumuzda iş təklif etdik, sağ olsun o da qəbul etdi”. K.Yavuz sosial şəbəkədə M.Yalçınla çəkdirdiyi fotonu da paylaşıb.