“Çəhrayı qadın”

516
rgb221675a.1

Çəhrayı qəsr o gün çoxlarının diqqətini cəlb etmişdi. Ora gələnlərin sayı-hesabı yox idi. Malikanənin ətrafı maşınlarla dolu idi. Sanki bura bir maşın zavodu idi və maşınlar çəhrayı qəsrin fonunda insana qəribə bir mənzərə təsiri bağışlayırdı. Qəsrin içindən isə insanların şən gülüşləri gəlirdi. Həmin gün qəsrdə xüsusi bir bayram mərasimi keçirilirdi. Qəsrin daxilində mərasim keçirilən zal, hətta hamam və tualet otaqları belə çəhrayı rəngdə idi. Burada sanki dünyanın özü də çəhrayı idi. Bəs hər yeri çəhrayı rəngə boyanan bu qəsrin sahibi kimi idi? Qəsrin sahibi Meri Key Eş adlı yaşlı və olduqca xoş təsir bağışlayan bir qadın idi.

Amma çoxları bu təmtərağın sahibinin bir vaxtlar kasıb və imkansız bir ailədən olduğundan xəbərsiz idi. O, 6 yaşı olanda ailəsini dolandırmaq üçün qurabiyə satmaqla ailəsinə yardım etməyə başlamışdı. Ancaq kasıb olmasına baxmayaraq, onda kübar ailələrində tərbiyə alan uşaqlara xas bir nəzakət, təmkinlilik, ədəb-ərkan var idi. Yalan danışmağı, aldatmağı heç sevmirdi. Ona görə də, ətrafındakıların hamısının sevimlisinə çevrilmişdi. O, illərlə tər töküb qazanmasının bəhrəsini gördü və varlı bir qadına çevrildi. Onun adı artıq Amerikanın kosmetika sahəsinin ən məşhur adamlarından biri kimi çəkilirdi. Onu məşhurlaşdıran bir amil də çəhrayı rəngi çox sevməsi oldu. İşlədiyi, yaşadığı hər yeri çəhrayı rəngə boyamışdı. O, xüsusi rəğbət bəslədiyi işçilərinə çəhrayı “Kadillak”lar və ya çəhrayı hədiyyələr bağışlamağı sevirdi. İstehsal etdiyi məhsulları belə çəhrayı rəngdə idi. Ona görə bu, alıcılar tərəfindən xüsusi maraqla qarşılanırdı. Bütün bunlar isə onun məhəbbətlə “Çəhrayı qadın” adı ilə çağırılmasına yol açmışdı. İstehsal etdiyi kosmetik məhsullar dünyanın 37 ölkəsində satılırdı. Hətta ən məşhur kosmetik mallar istehsal edən iş adamları belə onunla rəqabətə girə bilmədiklərini etiraf edirdilər. O ölən günə kimi də kosmetik sənayedə liderliyini əldən vermədi və adını bu sahəyə əbədi olaraq həkk etdirdi. Bəs “Çəhrayı qadın”ın bu qədər böyük şöhrət qazanmasının, sevilməsinin və uğur əldə etməsinin səbəbi nə idi? Sonralar onun işçilərindən biri Meri Key haqqında belə demişdi: “Biz özümüzü heç vaxt fəhlə kimi hiss etmirdik. O hər yerdə bizimlə öz ailəsinin üzvləri kimi davranırdı. Özü yediyindən bizə yedirtməyə çalışırdı. Ən cüzi bir problemimizi belə dərhal hiss edir və onu aradan qaldırmağımıza yardım edirdi. Ona görə də, iş yeri bizim sevimli evimizə çevrilmişdi və biz günün 24 saatını burada çalışmağa hazır idik”.

Doğrudan da, Merinin müəssisəsində çalışanlar ən yüksək əmək haqqı alırdılar və onlar özlərini işçidən çox bu müəssisənin əsl sahibi kimi aparırdılar. Bir dəfə hələ sağlığında ikən Meridən qazandığı uğurların səbəbini soruşmuşdular. O isə bunu öz başına gələnlərdən ibrət dərsi alması ilə izah etmişdi. Meri demişdi: “Bilirsiniz, hər bir müəssisədə qazanılan uğur işçilərin ovqatından və işə necə yanaşmasından asılıdır. Mən bunun canlı şahidiyəm. Vaxtı ilə mən müəssisələrdən birində işləyirdim. Müəssisənin rəhbəri işçilərlə az hallarda görüşürdü. Bayramlarda onunla görüşmək, bayramlaşmaq üçün böyük bir növbə yaranırdı. Belə növbələrdən birində mən də dayanmalı oldum və onunla bayramlaşdım. O isə başını qaldırıb üzümə baxmağı belə özünə rəva bilmədi. Onda anladım ki, bu yolla uğur qazanmaq mümkün deyil. Ona görə də, bundan dərs aldım və işçilərimlə xoş, səmimi münasibətlər qurdum. Necə deyərlər, bu mənim uğur qazanmağıma bir vəsilə oldu. Bir dəfə də ad günüm idi. O vaxt satışa iki rəngdə olan yeni maşınlar buraxmışdılar. Mən ad günümə ağ-qara rəngli “Ford” almaq istəyirdim. Özü də pulunu nağd ödəyəcəkdim. Bu məqsədlə köhnə maşınımı maşın satılan salonların birinin qarşısındakı dayanacaqda saxlayaraq ora girdim. Satıcı məni maşından düşəndə görmüşdü. O mənimlə heç maraqlanmadı və sadəcə olaraq üzümə qəribə tərzdə baxmaqla kifayətləndi. Görünür, o mənim köhnə maşından düşməyimi görmüşdü. O elə zənn edirdi ki, mən maşın ala bilmərəm və buna imkanım çatmayacaq. Mən bir xeyli salonu gəzdim və bir maşını gözaltı elədim. Ancaq satıcının mənimlə maraqlanmaması mənə olduqca pis təsir etmişdi. Maşını almaq istədiyimi satıcıya demək istəyirdim ki, o mənə yemək vaxtının çatdığını və fasiləyə çıxdığını, yalnız bir saatdan sonra gələcəyini söylədi. Onun bu sözlərindən daha da məyus oldum. Ona görə də, oranı tərk edərək qarşıdakı digər bir maşın salonuna getdim. Amma burada gözlədiyimin əksinə olaraq məni çox səmimi qarşıladılar. Satıcı olduqca kübar bir insan təsiri bağışlayırdı. Mən ona elə-belə maşınlara baxacağımı söylədim. Bu isə o demək idi ki, mən buradan nə isə almaq fikrində deyiləm. Lakin mən salonu gəzdikcə satıcı nəzakətlə mənə yaxınlaşır və hər hansı sualıma cavab verəcəyini söyləyirdi. Onun bu xoş rəftarı nəticəsində söhbətləşməyə başladıq. Mən ona ad günüm olduğunu söylədim və onun belə xoş rəftarının səbəbini soruşdum. O isə mənə dedi ki, bura gələn hər bir adam nə isə almasa da, bizim müştərimizdir. Ona görə də, biz onlara xoş münasibət göstəririk. Söhbət əsnasında o məndən ayrıldı və bir neçə dəqiqə sonra əlində gül geri qayıtdı və ad günümü təbrik etdi. Mən bunu gözləmirdim və onun bu səmimi rəftarı qarşısında özümü itirmişdim. Bu səmimiyyətə mən də cavab verməyə bilməzdim. Ona görə də, o biri mağazadan almaq istədiyim ağ-qara rəngli “Ford” əvəzinə, bu mağazadakı sarı rəngli “Merkuri” maşınını aldım. Onda anladım ki, alıcıların rəğbətini qazanmaq və bu yolda uğur əldə etmək üçün nə etmək lazımdır. Bütün bu söylədiklərim mənə əsl dərs oldu və zirvəyə gedən yolu mənə göstərdi. Həyat təcrübəmdən deyə bilərəm ki, bu dünyada qabiliyyətsiz insan yoxdur və anadan olanda hər insana bir və ya bir neçə sahə üzrə bacarıq əldə etmək qabiliyyəti verilir. Sadəcə olaraq, insanlardakı bu xüsusiyyəti tapıb üzə çıxarmaq və onlarla işləməyi, dil tapmağı bacarmaq lazımdır. Bir dəfə Con Rokfellerdən soruşurlar ki, insanlarda, idarəedicilərdə hansı xüsusiyyətləri daha yüksək qiymətləndirərdiniz? Rokfeller isə düşünmədən belə cavab verir: “İnsanlarla dil tapmağı, onlarla işləməyi bacaranları gözlərimin üstündə saxlardım”.

O haqlıdır, çünki insanlarla işləməyi bacarmadan həyatda uğur qazana bilməzsən”. Bir dəfə isə jurnalistlərdən biri Xanım Eşdən soruşur ki, o niyə başqa rəngləri deyil, məhz çəhrayı rəngi seçib. Xanım Eş ona belə cavab verir: “Hər bir insanın həyatda bir rəngdən xoşu gəlir, kimi ağı, kimi qaranı, kimi mavini sevir, ancaq cox vaxt bunun fərqinə varmırlar. Mən çəhrayı rəngi sevdim və onu həyatımın ayrılmaz bir parçasına çevirdim. Çəhrayı rəng imsanların çoxunda xoş ovqat yaradır”.

Bu, Meri Keyin uğura gedən yolunun zirvəsidir. Əgər bu hadisə olmasaydı, onda bəlkə insanlarla işləmək təcrübəsini öyrənə, bu qədər uğur əldə edə bilməyəcəkdi. Meri Keyin də dediyi kimi, günümüzdə əksər iş adamlarının arzu edilən səviyyədə uğur qazana bilməməsi məhz tabeçiliklərində olanlara üstdən aşağı baxmaları, onları özlərinə doğmalaşdıra bilməmələridir. Həqiqətən də, hər hansı kollektivə uğur gətirəcək amil yalnız ona rəhbərlik edən insanın pulunun çoxluğu deyil, onun tabeçiliyində olanlarla səmimi münasibət qurmasından asılıdır. Təəssüflər olsun ki, günümüzdə çox idarəedicilər bu mühüm amili unudur və ona görə də, kollektiv tərəfindən sevilmir, uğura gedən yolların qapılarını öz üzlərinə bağlamış olurlar.

Səlcuq Oğuz