“Cəhənnəmdən məktublar”a quruluş verəcək

537

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha bir Beynəlxalq layihə çərçivəsində yaradıcılıq mübadiləsinə start vermək üzrədir.

Bildiyiniz kimi, 3 ildən artıqdır ki, Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Rusiya Federasiyasının Kalmıkiya Respublikası Milli Dram Teatrı ilə  sıx yaradıcılıq əlaqələri mövcuddur.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov və Kalmıkiya Milli Dram Teatrının baş direktoru, RF-in Əməkdar Mədəniyyət işçisi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Qalina Şurayeva arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən sözügedən teatrlar arasında 2012, 2013 və 2014-cü illərdə qastrol səfərləri həyata keçirilib. Bundan başqa, ötən il Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov Kalmıkiya Respublikasına ezam olunaraq  yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb.

Teatr  rəhbərləri arasında imzalanmış müqaviləyə əsasən Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli  Azərbaycan  yazıçı – dramaturqu  Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında “Cəhənnəmdən məktublar” tamaşasına quruluş vermək üçün bu günlərdə  Bakıya səfər edəcək.

Ilk dəfə olaraq müraciət ediləcək əsər əsasında hazırlanacaq tamaşa musiqili pritça kimi nəzərdə tutulub. Tamaşada əsas rolları Əməkdar Artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov və teatrın gənc aktyorları ifa edəcəklər.