“Cəhənnəm sakinləri”nin premyerası keçiriləcək

367

Oktyabrın 6-da Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri”
tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat katibi Cavid
Zeynallının verdiyi məlumata görə,
xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan
səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti
Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər
İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Yeni səhnə əsərində xalq artistləri Məleykə Əsədova (Qadın), Nurəddin
Mehdixanlı (Qonaq) əməkdar artistlər Elşən Rüstəmov (Kişi), Mirzə
Ağabəyli (Qonşu), aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman
İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə
Novruzlu iştirak edirlər.

145-ci teatr mövsümünün ilk premyerası olan tamaşa 1937-ci ildə milli
fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya
hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi
təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun
əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən
gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan
çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə
çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu
göstərir.