Cəfakeş bibinin nağılı

125

 

Biri var idi, biri yox idi. Kəndimizdə hamının “Ussan” kimi tanıdığı Süsən adlı bir xanım vardı. Üz-gözündən nur yağan, xoş rəftarlı bu xanım hamının, daha doğrusu, təbirimizcə desək, məmə yeyəndən pəpə yeyənə qədər hər kəsin sevimlisi idi. Amma onun həyat tarixçəsindan çoxları, o cümlədən öz balası kimi sevdiyi qardaşı Hacı kişinin oğlu Maarif Əmkişiyev də xəbərsiz idi. Odur ki, günlərin bir günü qardaşı oğlu ona dedi:

-Ay mənim  həmişə özümə arxa-dayaq sandığım, məni doğma balası kimi əzizləyən, üzündəki təbəs­sümü əskik etməyən uşaq kimi sadə, çiçək qədər zərif, torpaq kimi dö­zümlü bibim, indiyədək mənə çox nağıllar danışmısan, hamısı da yaddaşıma həkk olunub. Amma bu dəfə istəyirəm ki, öz həyat tarixçəni – nağılını mənə danışasan ki, mən də gələcək nəsillərə sənin kimi mehriban bibim haqqında nələrsə söyləyə bilim.

Süsən xanım razı olmadı. Çünki öz keşməkeşli taleyindən söz açıb qardaşının sevimli oğlunu kövrəltmək istəmirdi. Maarif də daşı ətəyindən tökmək fikrində deyildi. Qardaşı oğlunun: “Bibi, bibi, can bibi, can sənə qurban bibi” sözlərinin müqabilində Süsən xanım yumşaldı: “A qadanı alım, gözünə, ürəyinə qurban olum”, – deyərək özünün həyat tarixçəsini  danışmağa başladı:

-Mən, rəncbər Ramazan kişinin ailəsində dünyaya göz açmışam. Sənədimdə təvəllüdüm 1908-ci il göstərilib. Ailəmiz 4 oğlan (Hacı, Mövlud, Minbər, Əbil), 3 qızdan (mən, Peykər, Gülzaman) ibarət olub. Anam Sayibə xanımı erkən itirmişəm. Anamın ölüm səbəbinə gəldikdə… 1918-ci ildə erməni vəhşiləri kəndimizə girərkən digər ailələr kimi bizim ailə də kəndi tərk etmək məcburiyyətində qaldı. O zaman kimi meşələrə nicat aparırdı, kimi də qonşu rayonlara… Bizim ailə Qusarın Cibir kəndinə üz tutdu. İndiki kimi yadımdadır, atamla böyük qardaşım, yəni Hacı mal-qaramızı sürüb aparırdı. Anam Sayibə arabanı idarə edir, mən isə bacı-qardaşlarıma baxırdım. Hava soyuq olduğundan arabada bir-birimizə elə sıxılmışdıq ki… Nağıl dili ilə desəm, az getdik, çox getdik, dərə-təpə düz getdik, axır gəlib mənzil başına çatdıq. Sağ olsun cibirlilər, bizi yaxşı qarşıladılar. Cibirdə neçə gün qaldığımızı deyə bilmərəm. Amma o yadımdadır ki, orada anam  və kiçik qardaşım Əbil xəstələndilər. Kəndimizə qayıtdıqdan bir müddət keçmiş anam,  sonra da qardaşım  rəhmətə getdi. Onların vəfatı atamı çox sarsıtdı. Özünün dediyi kimi, lap belini qırdı. Amma anam Sayibə xanımın vəfatından sonra atam ikinci dəfə ailə qurmadı. Onda mənim 12-13 yaşım olardı. Elə bu yaşdan da ev işləri ailənin böyük qızı kimi mənim çiyinlərimə düşdü. Elə bu səbəbdən heç ibtidai təhsil də ala bilmədim. Mən xörək bişirər, paltar yuyar, inəkləri sağar, bulaqdan su daşıyardım. Su dedim, yadıma bir əhvalat düşdü. Qoy onu danışım, sonra yadımdan çıxar. Deməli, belə. Mən günlərin bir günü “Daşlıq”dan (indiki avtobus dayanacağından –Q.M.) içməli su gətirirdim. Bu vaxt nizamla düzülmüş türk əsgərləri yuxarı tərəfdən gələrək mənə çatanda onlardan biri su istədi. Mən su dolu qabı uzadanda komandir həmin əsgərə suyu içməyə imkan vermədi. Uşaq olanda nə olar? Bundan yaman pərt oldum. Komandirin niyə belə hərəkət etməsini heç cür anlaya bilmədim.

Ay bala, onda mal-qaramız da çox idi e…Təkcə inəklərimizin sayı 32 idi. Hər birinin də öz adı vardı. Maşallah, südləri də bol olardı. İnanın, heç onları sağıb çatdıra bilmirdik. Heyvanların yelindən süd axıb gedərdi.  Biz özümüzə lazım olan qədər sağardıq. Bu bolluq təkcə bizdə deyildi ha, hamıda belə idi.Məsələn, qonşumuz Xaspolad kişigilin mal-qarası bizdən də çox idi.

Atam Ramazan kişi İkinci Dünya müharibəsi  dövründə, 1944-cü ildə vəfat etdi. O zaman kişilər cəbhədə olduqlarına görə kəndimizdə onların sayı olduqca az idi. Amma yaxşı yadımdadır ki, atamın dəfn mərsimində yaşlı kişilərdən qonşumuz Rəcəb kişi, bir də Seyfəddin kişi iştirak edirdilər.  Digərləri isə qadınlar və əsgər yaşına çatmamış cavanlar idilər.

Hansı ildə, neçə yaşımda ailə qurduğumu xatırlamıram. Ancaq onu bilirəm ki, hələ uşaq vaxtı dünyasını dəyişmiş ilk övladım Abdulməcid Rəcəb oğlu Mustafayevlə həmyaşıd idi. (Abdulməci müəllim 1927-ci ildə  anadan olub – Q.M). Ümumilkdə isə həyat yoldaşım Şəməd ilə izdivacımdan on bir övlad dünyaya gətirdim.  Onlardan 5-ini həddi buluğa çatdıra bildim. Digərləri isə müəyyən səbəblərdən dünyalarını dəyişidilər.

Ortafa Şəməd kişi, Qızı Xanım, oğlu Pirməmməd
Ortafa Şəməd kişi, Qızı Xanım, oğlu Pirməmməd

Onu da deyim ki, doğum tarixini bilmədiyim həyat yoldaşım qonşumuz “Güliyevlər parağı”nın (Bu parağın başbiləni Mələk adlı bir qadın idi) sakini Şəməd Hacımurad oğlu (Çeşmi xalanın qardaşı) olub. Həyat yoldaşım çox mühafizəkar bir adam idi. Bu səbəbdən o qədər onun cəzalarına məruz qalmışam ki… Məsələn, 5-6 ayın gəlini idim. Günlərin bir günü əynimdəki paltarımı dirsəkdən yuxarı çırmalayıb çöl tərəfdən evimizin divarlarını şirələyirdim. (Şirə – divarları ağartmaq üçün gildən hazırlanmış məhlul –Q.M.) Bunu görən ərim: “Ramazanın qızı, (o heç vaxt məni adımla çağırmazdı) nərdivandan düş, evə gəl”, – dedi. Evə girən kimi: “Qollarını yoldan keçənlərə göstərirsən?” – deyib qollarımı o qədər qamçıladı ki…uzun müddət o qamçı yerləri bədənimdən getmədi. Bu hadisədən sonra mən şirə verəndə heç zaman paltarımın qollarını dirsəkdən yuxarı qatlamadım. Sadəcə, paltarımın qollarına düymə tikdim ki, şirə bədənimə yeriməsin.

Onun istəyini yerinə yetirməmək də müşkül məsələ idi. Bir dəfə işə gedəndə tapşırdı ki, mənim üçün xaşıl bişirərsən. Mən isə hansı səbəbdənsə sıyıq hazırladım. Evə qayıdanda xaşıl əvəzinə sıyığı görəndə elə əsəbiləşdi ki, gəl görəsən…Həmin sıyığın, demək olar ki, hamısını mənə yedirtdi.

Hə bir də… Ərimin icazəsi ilə iştirak etdiyim toyda baldızımın əri İbrahim Nağı oğlu Xəlilovla oynadım. Ertəsi günü bundan xəbər tutan həyat yoldaşım: “Eşitdim dünən axşam toyda yaxşı süzmüsən. İndi də mənim üçün süzəcəksən”, – deyərək vedrədən nağara kimi istifadə etməklə məni rəqs etməyə məcbur etdi. Nə qədər yalvardım-yaxardım bir nəticə hasil olmadı. Yorulub yıxılana qədər sözün həqiqi mənasında məni  oynatdı. Bütün bunlara rəğmən mən ərimdən əsla incimədim. O zamanlar mənə elə gələrdi ki, kişilər elə belə də olmalıdırlar. Bəli, belə idi kəndimizinn mənəvi-sosial mənzərəsi…

Həyat yoldaşım Şəməd kişi  ötən əsrin 50-ci illərinin ortalarında (1956-cı ildə, ya da 1957-ci ilin qışında) bir qrulp həmkəndlimizlə, o cümlədən qardaşım Hacı ilə birgə Rusiyanın Barnaul şəhərinə alma satmağa getdi. Orada xəstələndi və dünyasını dəyişdi. Qardaşım onun nəşini böyük çətinliklərlə kəndimizə gətirdi və burada torpağa tapşırdı. Şəməd kişi rəhmətə gedəndə 2 camışımız vardı. Mən onları satıb birtəhər uşaqlarımı (Xanım, Pirməmməd, Hacıməmmədə, Səfurə, Nərminə) qışdan çıxardım.

Elə o illərdə də kənd məktəbində xidmətçi kimi işə başladım  və pensiyaya çıxana qədər orada çalışdım. İşlədiyim müddətdə həm müəllimlərin, həm də şagirdlərin etimadını qazanmağa da nail oldum. Amma o illərdə başıma gələn fəlakətlər məni tərk etmədi. İki uşaq  (Nübar, Sakit) anası olan  qızım Xanımın (Şabanın həyat yoldaşı – Q.M.) vəfatından sonra oğlum Hacıməmməd (1940) 1967-ci ildə Qazaxıstandan kəndimizə qayıdarkən vaqonda korbağırsağının tutmasından vəfat etdi. Əliyarov Nurxanım Nurbala qızı ilə ailə həyatı quran, bir müddət Şmitd adına zavodda çalışan və 3 övlad atası olan oğlum Pirməmməd (1937-1974) Bakıdakı həyət evində ehtiyatsızlıq ucbatından tok vurması nəticəsində dünyasını dəyişdi.

Söhbətinin bu yerində Süsən xanım susdu az sonra baxışlarını ondan çəkməyən Maarifə dedi:

-Hə, qardaşımın balası, bu da mənim həyat hekayətim… Bilmirəm, səni qane etdi, ya yox, amma onu bilirəm ki, almaların göydən düşmək vaxtıdır.

Bayaqdan bəri bibisinin bu kədərli, keşməkeşli həyat yoluna diqqətlə qulaq asan Maarif Əmkişiyev daha ondan heç nə soruşmadı. Sadəcə, öz-özünə dilləndi:

-Mənim cəfakeş bibim, sənin başından müsibətlər əskik olmayıb ki…

Nəvəsi Qəndab, Qəndabın qayınatası, Əməkdar rəssam Arif İsmayılov
Nəvəsi Qəndab, Qəndabın qayınatası, Əməkdar rəssam Arif İsmayılov
Oğlu Pirməmməd
Oğlu Pirməmməd

Nağıla əlavə və yaxud P.S.

Qeyd edək ki, 1992-ci ilin avqustun 18-də dünyasını dəyişən Süsən xanımın qızları – Şahbazov Ələsgərlə ailə qurmuş Səfurənin və Muradov Adillə  ailə qurmuş Nərminənin hər birinin 3 övladı var. Hazırda Pirməmməd kişinin oglu Qubaxan maşinist kimi fəaliyyət göstərir. Pirməmməd kişinin qızı, Əməkdar rəssam Arif İsmayılovun gəlini olan Qəndab xanım tanınmış aktyor Məcid Hüseynovun qayınanasıdır.

Qvami Məhəbbətoğlu (Rəsulov)

İkinci foto: Nəvəsi Qəndab, Qəndabın qayınatası, Əməkdar rəssam Arif İsmayılov

oto 3; Ortafa Şəməd kişi, Qızı Xanım, oğlu Pirməmməd

Foto 4: Oğlu Pirməmməd

17 yanvar 2022