Cəfəng söhbət

677
Əlimdə bir vacib yazım var idi. Hamı öz yazısını vacib hesab eləyir. Ona görə mən də yazımı vacib hesab eləyirdim. Birdən telefon səsləndi. Dedim:
– Məni soruşan olsa, cavab verin ki, vacib işi var. Bəlkə qoyalar yazımı yazam.

Dedilər, filankəsdir. Adını demirəm, çünki xəyalım bu yazımı çapa verməkdir. İstəmirəm, dostum məndən incisin. Yazığım gəldi, trubkanı aldım.

– Salam.

– Salam.

Dedim, bəlkə, bir işi var və gözlədim ki, görüm nə deyəcək?

Ani sükutdan sonra dostum dilləndi:

– Qəzet işçisisən, hər gün informasiya içində olan adamsan. Bir mənə de görüm, bu Xalq artisti İlhamə xanım Xalq artisti Nazpəridən niyə əl çəkmir? Niyə onlar yola getmirlər? Üstəlik, İlhamə xanım neçə illərdir ki, Xalq artisti Flora xanımla da xalqın gözü qarşısında atışır…

Dedim:

– Bu səni çox düşündürür?

– Bir o qədər də yox… Amma, fikrimcə, bu xalqın bir nümayəndəsi kimi xalq nümayəndələrinin fəaliyyətini izləməliyəm, ya yox?.. Onlar da qızışanda ağızlarından elə sözlər çıxarırlar ki…

Dözmədim, dedim:

– A kişi, onları elə ona görə izləyirsən? Bir də məgər xalqın sənin kimi nümayəndəsini maraqlandıran başqa nəsnələr yoxdur? Maşallah, o qədər problem var ki…

Bu sözlərdən sonra bir istədim trubkanı yerinə qoyub yazdıqlarıma nəzər salam, lakin belə etmədim. Çünki dostumun məndən inciyəcəyindən ehtiyatlandım. Odur ki, dilləndim:

– Daha səni nə maraqlandırır?

Elə zənn etdim ki, dostum bu dəfə mənə bir əməlli-başlı sual verəcək. Lakin gözlədiyim kimi olmadı.

– Elə isə, görəsən, müğənni Röya ərindən niyə boşandı? Bilirsən, indi onun haqqında hərə bir söz danışır e… Kimi deyir, həyat yoldaşı ilə fikirləri üst-üstə düşməyib, kimi deyir, qisməti belə imiş, kimi deyir… Bəlkə, sən deyəsən, əsl səbəb nə olub?

Dedim:

– Tutalım, buna cavab tapdım, axı bundan sən nə əldə edəcəksən? Bu cavab işsizliyinə çarə edəcəkmi?

– Yox…

– Elə isə niyə soruşursan?

Dostum bu sualımı eşitməmiş kimi dilləndi:

– Hə, indi də söz gəzir ki, bəs meyxanaçı Namiq Qaraçuxurlu teleaparıcı Nanə xanıma meylini salıb.

Yenə istədim, trubkanı yerinə qoyub yazdıqlarıma nəzər salam. Lakin belə etmədim. Çünki yenə dostumun məndən inciyəcəyindən ehtiyatlandım. Buna rəğmən, narazı halda dilləndim:

– Başqa nə sualın var?..

Dostum bayaqdan verdiyi suallara bənzər daha bir neçə suala aydınlıq gətirməyimi xahiş etdi. Bu söhbətimiz, demək olar ki, bir saata yaxın çəkdi. Vaxtımın belə mənasız suallara həsr etdiyim üçün özümü qınaya-qınaya dostuma bu dəfə mən belə bir sualla müraciət etdim:

– Niyə öz vaxtını belə şeylərə sərf edirsən?

– İş yox, güc yox. Bütün günü ekran qarşısındayam. Televiziya kanallarımız da sözləşiblərmiş kimi bütün günü elə onları, yəni şou əhlini göstərir. Başqa şey göstərmirlər ki? Belə olan halda, mənim belə suallarla müraciət etməyim niyə sənə qəribə gəlir axı? Məgər belə bir atalar sözünü eşitməmisən: “Aşıq gördüyünü çağırar”.