Bütün dünya Paşinyanın demokratiya adı altında diktatura rejimi qurduğunu bir daha gördü

0
42

İnqilab vasitəsilə hakimiyyətə gələn Nikol Paşinyan Azərbaycanın şanlı Qələbəsindən sonra ölkəsini fəlakətə məhkum etmiş bir şəxs kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdıraraq, onlara təzyiqlər və təhdidlər edərək demokratiya adı altında qurduğu diktatura rejimini bütün dünya qarşısında ifşa etdi.

Bunu Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

Deputat deyib: “Maraqlıdır ki, 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı isə “demokratik lider” kimi təqdim edən bəzi Qərb dairələri bu gün Ermənistanın kriminal yuvaya çevrilməsinə heç nə demirlər, Ermənistanı tənqid edib qərarlar qəbul etmirlər. Əgər bu, Azərbaycanda olsaydı, bütün təşkilatlar, dövlətlər bəyanat verərdilər, lakin Ermənistanla bağlı hamı sükutunu qoruyur. Bunun səbəbi nədir? İkili standartlar!

Deputat bildirib ki, Prezident İlham Əliyevə yalan məlumatlar əsasında guya Azərbaycanda bir nəfərin sülh tələb etdiyinə görə həbs edilməsi barədə sual verənlər bu gün Ermənistandakı kütləvi həbsləri, təqibləri görməzdən gəlir, heç nə baş verməmiş kimi davranırlar, bu barədə Paşinyana heç bir sual ünvanlamırlar. Çünki bu mərkəzlər əsassız şəkildə Azərbaycanı qaralamaq siyasəti aparırlar. Bu gün Fransanın və Kanadanın Ermənistana açıq dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir. Təbiidir ki, hökuməti işğalçını dəstəkləyən dövlətin jurnalistləri də haqqın qoruyucusu olan Azərbaycana qarşı qərəzli yanaşma sərgiləyəcək. Niyə Qərb mətbuatı Bərdə, Gəncə və digər Azərbaycan şəhərlərində mülki insanlara qarşı Ermənistanın müharibə cinayətlərindən bəhs etmək əvəzinə Azərbaycana və onun liderinə qarşı uydurmalarını davam etdirirlər? Çünki ölkəsinin ərazi bütövlüyünü bərpa edən güclü Azərbaycan onları narahat edir.

Paşinyan hakimiyyətdə olduğu bütün bu müddət ərzində “demokratik ölkə”nin həbsxanaları siyasi məhbuslarla dolub daşır, “korrupsiyaya qarşı mübarizə” adı altında keçmiş prezidentlər həbs edilir və onlara qarşı cinayət işi açılır, müxalifət rəhbərliyi həbsdə saxlanılır və bütün bunlar Qərbi narahat etmir, onlar bunları “görmürlər”. Bu cəzasızlıq daha böyük cinayətlərə yol açıb və Paşinyanın cinayətləri sırasına hərbi cinayətləri də əlavə edib – Azərbaycana qarşı müharibəyə başlayıb.

Söz azadlığından dəm vuran Ermənistan hakimiyyəti müharibə zamanı rusiyalı jurnalist Oleq Kaşin Qarabağda və Ermənistanda baş verən hadisələr haqqında həqiqəti yazdığı üçün onun akkreditasiyasını ləğv edib və ölkədən çıxarıb, amma beynəlxalq jurnalist təşkilatları susublar. Bu hadisənin fonunda isə xarici jurnalistlər Bakıda Prezident İlham Əliyevə “Azərbaycanda söz azadlığı yoxdur” deyə əsassız, qərəzli və uydurma ittihamlar irəli sürürlər.

Bütün bunlar azmış kimi, müharibədə sarsıdıcı məğlubiyyətə uğramış Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb. Müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur. Ermənistanda vətəndaşların dinc etiraz aksiyalarını qeyri-mümkün edən yüksək cərimələr tətbiq olunur. Bu gün regionda yaşanmış müharibə və dağıntılara görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyırlar. azərtac