Bütün avtobuslarda kameraların quraşdırılmasına ehtiyac var

634
Kameraların quraşdırılması elə də ciddi maliyyə tələb eləmir. Qiyməti 50-60 min manat olan çoxlu sayda avtobusu alıb, marşrut xəttinə buraxan bir sahibkar üçün dəyəri 80-200 manat arasında dəyişən kameradan 10 ədəd alıb avtobusa quraşdırmaq niyə problem olsun ki…
Bu günlərdə maraqlı bir hadisənin şahidi olduq. Belə ki, tanıdığımız insanlardan biri özünə məxsus  olan çantanı marşrut avtobusunda itirmişdi. Çantanın içərisində onun çalışdığı şirkət üçün əhəmiyyətli olan bir disk də var idi və elə əsas problem də bununla bağlı idi. Həmin diskə şirkətin 15 illik arxiv məlumatları yüklənmişdi.

Neçə gündür mən də həmin insana itirdiyi çantanın tapılması işində əlimdən gələn köməkliyi etməyə çalışırdım. Bu prosesdə gördüklərim bir jurnalist olaraq məni həm təəccübləndirdi, həm də yazı mövzusu oldu.

Əvvəla, bu işdə zəngimizə olduqca diqqətlə yanaşan və itən əşyanın tapılmasına köməyini əsirgəməyən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin və “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəhbər şəxslərinə dərin minnətdarlığımızı bildiririk. Bu yazını yazmaqda məqsəd məsələyə məhz bir vətəndaş prizmasından yanaşmaqdır…

Yəqin əksər marşrut avtobuslarında “itən əşyalara görə sürücü məsuliyyət daşımır” tipli elanlarla siz də rastlaşırsınız. Elə bu elanın özü məsələnin nə qədər problemli olduğunu göstərir. Çox güman ki, sürücülər bu hallarla tez-tez üzləşirlər və bu vəziyyətdə əşyasını itirənlərin ilk müraciət etdikləri şəxs avtobusun sürücüsü olur. Bəli, sürücünün itən əşyadan xəbəri ola da bilər, olmaya da bilər. Hətta həmin itən əşyanı son dayanacaqda sürücünün özü də götürə bilər. Əgər içində hər hansı bir dəyərli, qiymətli bir şey varsa, onda onun “buxarlanması” da mümkündür. Ola da bilər ki, həqiqətən, həmin əşyanı bir başqası götürüb və ondan sürücünün xəbəri olmayıb…

Bu zaman ortaya bir sual çıxır: bu və bunun kimi problemləri həll eləmək üçün avtobuslara niyə kamera quraşdırılmır? Axı kameraların quraşdırılması elə də ciddi maliyyə tələb eləmir. Tutaq ki, qiyməti 50-60 min manat olan çoxlu sayda avtobusu alıb, marşrut xəttinə buraxan bir sahibkar üçün dəyəri 80-200 manat arasında dəyişən kameradan 10 ədəd alıb avtobusa quraşdırmaq niyə problem olsun ki. Elə bir vəziyyət yarana bilər ki, həmin kamera sürücünü də çox çətin bir situasiyadan rahatlıqla çıxmasına şərait yaradar.

Hələ Bakıda sərnişindaşımada mikroavtobuslar işləyən zaman camaat arasında danışılırdı ki, guya bəzi marşrut avtobuslarının sürücüləri cibgirlərə oğurluq etmələri üçün imkan verirlər. Guya cibgirlər buna görə sürücüyə “hörmət” edirlərmiş. Ortada bunu isbat edən konkret fakt yoxdur, amma bu barədə danışılırsa, “od olmasa, tüstü çıxmaz’’ atalar misalı yada düşür.

Yəqin ki, elə o vaxtlardan avtobuslarda kamera olsaydı, sürücü buna şərait yaratmazdı. Bilərdi ki, cibgirin soyduğu adam şikayət edəndə, ilk növbədə, kameraya baxılacaq. Həmin cibgirin görüntüləri müəyyənləşəndən sonra həbs olunacağı təqdirdə, hər şeyi təfərrüatı ilə danışacaq.

Zənnimizcə, indiki dövrdə marşrut avtobuslarında kameralar quraşdırılsa, cibgirlərin də sayı azalar. Çünki cibgirlər bilsələr ki, başlarının üstündə kamera var o zaman riskə getməzlər.

Yeri gəlmişkən, avtobuslarda kamera quraşdırılması məsələsi nədənsə mətbuatımızın da diqqətindən yayınır və mövzunu gündəmə gətirməkdə məqsədimiz məsələnin ictimailəşdirilməsinə nail olmaqdır.

Qayıdaq yazının əvvəlində qeyd etdiyimiz itmiş əşyaya. Bir daha qeyd edirik, yəqin həmin çantanın itdiyi avtobusun özündə kamera quraşdırılmış olsaydı, bu qədər narahatlıq və stress keçirməyə ehtiyac qalmazdı. Nə isə…

Həmin əşyanın tapılması barədə köməklik göstərilməsi üçün Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə müraciət etdikdə ilk olaraq belə bir cavab aldıq: “İtən əşyalara biz baxmırıq. Yaxşı olar ki, “Bakı Sərnişin Nəqliyyatı” MMC ilə əlaqə saxlayın. Jurnalist olduğumuzu deyəndən sonra məsələ ilə bağlı yardımlarını əsirgəmədilər. Yaxşı, bəs jurnalist olmasaydıq?

“Bakı Sərnişin Nəqliyyatı” MMC-yə də zəng vurduq. Oradan da eyni cavabı aldıq: “İtən əşyalara biz baxmırıq”. Yenə də jurnalist olduğumuzu deyəndən sonra axtarış işində köməklik elədilər. Yaxşı, bəs zəng vuran jurnalist olmasaydı?

MMC-dən sağ olsunlar, bizə marşrut avtobusunun sahibi olan iş adamının nömrəsini verdilər. Həmin şəxs də “itən əşyalara görə məsuliyyət daşımırıq” dedi: “Əgər bir tapıntı olsaydı, mənim xəbərim olardı”.

Hörmətli sahibkar onu da dedi ki, ola bilsin, həmin çantanı sərnişinlərdən biri götürüb, bu halda onun tapılması qeyri-müşkül məsələdir.

Amma jurnalist olduğumuzu deyəndən sonra hörmətli İbrahim müəllim bizə köməklik eləməyə çalışdı.

Sonda şükür ki, hər şey yaxşı qurtardı. Sürücünün dediyinə görə, həmin gün sonuncu dayanacaqda bir çantanın ortalıqda qaldığını görüb, tanıdığı şəxslərdən birinə bunun onun olub-olmadığını soruşub. O da: “Hə, mənimdir”,-deyib və çantanı götürüb. Araşdırmamız zamanı məlum oldu ki, sonuncu çantanı səhv salıbmış. Yenə də sağ olsun sürücü Hüseyn qardaşımız, əziyyət çəkdi, o adamı tapdı, çanta və içindəki əşyalar da öz sahibinə qovuşdu. Halbuki avtobusda kamera olsaydı, belə bir narahatlığa, müraciətlərə, həyəcana ehtiyac qalmazdı…

Sonda qeyd edək ki, bu günlərdə Bakıda marşrut xəttinə buraxılan “Baku Bus” avtobuslarında bu sistem nəzərə alınıb. Belə ki, bu avtobusların hər birinin salonunda 5, xaricində isə 3 təhlükəsizlik kamerası quraşdırılıb. İnanaq ki, kameraların digər avtobuslarda da quraşdırılması təmin olunacaq.

Nicat İntiqam