Buruntaqsız itlər təhlükə mənbəyidir

788
Qanunvericilikdə şəhərlərdə və ya digər yaşayış məntəqələrində, parklarda iri itləri buruntaqsız gəzdirənlərlə bağlı məsuliyyət nəzərdə tutulsa da buna əhəmiyyət verən yoxdur.
Bəzənib-düzənib gəlib parka, iti də özündən betər. Kiminsə parka öz iti ilə gəlməsinə bir şey deyə bilmərik, amma bu adam ətrafdakı insanlara hörmət qoymursa, qanunu pozursa, susmaq olmur. Yəqin paytaxtda, eləcə də rayonlarımızda parklarda gəzərkən kiminsə öz itini gəzdirdiyinin siz də şahidi olursunuz. Düzdür, parklarda itlərin sahibləri tərəfindən cilovsuz gəzdirilməsinə çox nadir hallarda rast gəlinir. Amma gəzdirilən itlərin buruntaqlı olması da az rast gəlinən hallardandır. Bu, zaman-zaman parklarda öz ailəsi ilə gəzməyə çıxanların etirazına səbəb olur, amma vəziyyət düzəlmək də bilmir. Xüsusən, yaşlı insanlar və azyaşlı övladları ilə parka gəzməyə çıxanlar itlərin buruntaqsız gəzdirilməsindən narahatlıq keçirirlər. Uşaqların itdən qorxub həyəcanlanması da öz yerində.

Azyaşlı övladları ilə tez-tez paytaxtdakı parkları gəzməyə çıxan F. Rüstəmov deyir ki, dəfələrlə bununla bağlı uşaqları həyəcan keçiriblər: “Özüm də əsəbiləşmişəm. Hətta dəfələrlə şahidi olmuşam ki, buruntaqsız itləri ictimai yerlərdə gəzdirənlərə polislərimiz də soyuqqanlı münasibət göstərirlər. Sanki elə belə də olmalıymış. İtlərin uşaqlara hücum edə biləcəyi, hansısa fəsadın baş verə biləcəyi sanki onların diqqətindən kənarda qalır”.

Yeri gəlmişkən, itini buruntaqsız parklarda gəzdirənlərin başı bəzən telefona elə qarışır ki, ətrafdakılara diqqət yetirməyi də unudurlar: “Görürsən cavan oğlandır, başı telefonda ya oyun oynamağa, ya sosial şəbəkəyə elə qarışıb ki, itinin ətrafdakılara hücum çəkə biləcəyini unudub. İnandırım sizi, bu anda it uşağın sifətini parçalaya bilər və ya başqa zərər yetirər. Ona görə də hər bir valideyn itin sahibinə arxayın olmamalı, özü uşağını diqqətdə saxlamalıdır. Polislərin gözü qarşısında baş verən bu hadisələrə onların biganəliyi təəccüb doğurur”.

Bu günlərdə Bakının Nərimanov rayonunda Dədə Qorqud parkında eyni vəziyyətin biz də şahidi olduq. Belə ki, axşam saatlarında parkda itini cilovsuz və buruntaqsız gəzdirən yeniyetmələrə ərazidə olan polis əməkdaşları heç bir irad bildirmədilər. Halbuki bu vəziyyətdən çox adam narahat olmuşdu.

Dünən isə Bakının Binəqədi rayonunda Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında eyni vəziyyətin şahidi olduq. Bu barədə iradımızı parkda növbə çəkən mühafizəçilərdən birinə bildirdikdə çiyinlərini çəkib: “Qardaş, neyləyək, neçə dəfə deyirik, xeyri yoxdur”,-dedi. Deməli, məsələ bu qədər ciddidir.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında qərarında bu məsələlər öz əksini tapıb. Bildirilir ki, insanların sağlamlığının qorunması məqsədi ilə itləri ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmaqla ümumi məhəllələrdə və yaxud küçələrdə gəzdirmək olar. O da qeyd olunur ki, itləri yalnız təlim, məşq meydançalarında cilovsuz və buruntaqsız saxlamaq olar. Sənəddə qeyd olunur ki, ev heyvanlarının sahibləri, müəssisə və təşkilatın vəzifəli şəxsləri heyvanların saxlanması şərtlərini pozduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Şəhərdə, şəhərtipli qəsəbələrdə, digər yaşayış sahələrində heyvanların saxlanma qaydalarına nəzarət yerli icra hakimiyyəti, daxili işlər orqanları, sanitariya-epidemioloji və baytarlıq idarələri tərəfindən həyata keçirilməlidir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müvafiq qaydaları mütəmadi olaraq pozan və nöqsanların aradan qaldırılmasını təmin etməyən heyvan sahibləri haqqında dövlət sanitariya-epidemioloji və ərazi baytarlıq idarələrinin təqdimatına əsasən yerli icra hakimiyyəti orqanı həmin şəxsi ev heyvanı saxlamaq hüququndan məhrum etmək məqsədi ilə məhkəməyə müraciət edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən, şəhərlərdə və ya digər yaşayış məntəqələrində it, pişik və ya başqa ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə cərimə edilir.

Amma reallıq ondan ibarətdir ki, bunlar çox vaxt sənəd üzərində qalır, tətbiq olunmur. Hər halda bunun şahidi olmaq üçün istənilən parka yollanıb, müşahidə aparmaq yetər. Bəli, ölkəmizdə çox gözəl parklar, istirahət mərkəzləri inşa olunur, köhnələri müasir şəkildə yenidən qurulur. Görünən odur ki, parklarımız dəyişsə də, bir çox insanlarımız dəyişməyiblər…