Bürünc medal uğrunda mübarizədə belçikalılar qələbə qazanıb

0
377

Bu gün Rusiyada keçirilən dünya çempionatında 3-cü yer uğrunda qarşılaşma baş tutub.

Sankt-Peterburqda keçirilən görüşdə Belçika ilə İngiltərə üz-üzə gəlib. Bürünc medal uğrunda mübarizədə belçikalılar qələbə qazanıb. Roberto Martinesin yetirmələri hər hissədə bir top vurub.

Beləliklə, heyəti ulduzlardan təşkil olunmasına baxmayaraq, yarımfinalda Fransa səddinə ilişən Belçika 3-cülüklə təsəlli tapıb. Gənc oyunçulardan qurulan ingilislər isə Xorvatiyanın ardından Belçikaya da uduzub və Qaret Sautqeytin komandası çempionatı medalsız başa vurub.

Beləliklə, XXI dünya çempionatında üçüncü yer uğrunda görüşdə İngiltərə yığmasına 2:0 hesabı ilə qalib gələn Belçika millisi bürünc medallara sahib olublar. Belçika millisi tarixdə ilk dəfə dünya çempionatını medalla başa vurub. İngiltərə yığması isə yenə də medalsız qalıb.

Xatırladaq ki, hər iki komanda dünya çempionatlarında ikinci dəfədir bürünc medallar uğrunda qarşılaşıblar. Belçika ilk dəfə 1986-cı ildə üçüncü yer uğrunda əsas vaxtı heç-heçə başa çatan görüşdə Fransaya məğlub olub – 2:4. İngiltərə yığması isə 1990-cı ildə ev sahibi İtaliya millisinə 1:2 hesabı ilə uduzaraq çempionatı medalsız başa vurub.

Bu komandalar “Rusiya 2018”də ikinci dəfə üz-üzə gəliblər. Çempionatda mübarizəyə “G” qrupunda başlayan komandalar ilk iki görüşlərini qələbə ilə başa vurublar. Belçikalılar Panamanı 3:0, Tunisi isə 5:2 hesabı ilə məğlub ediblər. İngilislər isə Tunisi 2:1, Panamanı 6:1 hesabı ilə məğlubiyyətə uğradıblar. “G” qrupunda sonuncu görüşdə “qırmızı şeytanlar” “dumanlı albion” təmsilçisinə minimal hesabla qalib gəliblər.

Səkkizdəbir finalda Yaponiyanı (3:2), dörddəbir finalda isə beşqat dünya çempionu Braziliyanı (2:1) mübarizədən kənarlaşdıran Belçika millisi yarımfinalda Fransa yığmasına məğlub olub – 0:1.

“G” qrupunun ikincisi kimi səkkizdəbir finala yüksələn İngiltərə yığması isə bu mərhələdə əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə Kolumbiyanı 11 metrlik cərimə zərbələri seriyasında məğlub edərək (4:3) dörddəbir finala vəsiqə qazanıb. Dörddəbir finalda İsveçə 2:0 hesabı ilə qalib gələn ingilislər Xorvatiya ilə yarımfinal görüşündə hesabda irəli olmalarına baxmayaraq, oyunu məğlub tərk ediblər – 1:2.

Çempionatda ən məhsuldar futbolçular siyahısına başçılıq edən ingiltərəli hücumçu Harri Keyn mundialı altı qolla başa vurub.

Dünya çempionatının finalında Fransa və Xorvatiya yığmaları qarşılaşacaqlar. Moskvadakı “Lujniki” stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Fransızlar ikiqat dünya çempionu olmaq, xorvatiyalılar isə kuboku ilk dəfə başları üzərinə qaldırmaq üçün mübarizə aparacaqlar. Final görüşünü argentinalı referi Nestor Pitana idarə edəcək.

 

Dünya çempionatı

3-cü yer uğrunda oyun

 

14 iyul

Belçika – İngiltərə – 2:0

Qollar: Tomas Menye, 4, Eden Azar, 82

Sarı vərəqələr: Con Stounz, 52, Harri Maquayr, 78, Aksel Vitsel, 90

Baş hakim: Alireza Faqani (İran)

Sankt-Peterburq. Şəhər stadionu

 

Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 4. Vensan Kompani, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin De Bruyne, 9. Romelu Lukaku (14. Dris Mertens, 60), 10. Eden Azar (k), 22. Naser Şadli (3. Tomas Vermalen, 39), 15. Tomas Menye, 17. Turi Tilemans (19. Mussa Dembele, 78)

Ehtiyat oyunçular: 12. Simon Minyole, 13. Koen Kastels, 16. Torqan Azar, 18. Adnan Yanuzay, 8. Maruan Fellaini, 20. Dedrik Boyata, 23. Leander Dendonker, 11. Yannik Karrasko, 21. Mişi Batşuayi

Baş məşqçi: Roberto Martines

 

İngiltərə: 1. Yordan Pikford, 3. Denni Rouz (7. Yesse Linqard, 46), 16. Fil Cons, 5. Con Stounz, 6. Harri Maquayr, 4. Erik Dayer, 12. Kiran Trippier, 17. Fabian Delf, 21. Ruben Loftus-Çeyk (20. Dele Alli, 84), 9. Harri Keyn, 10. Rahim Sterlinq (19. Markus Reşford, 46)

Ehtiyat oyunçular: 13. Cek Butland, 23. Nik Pope, 14. Denni Uelbek, 15. Qari Keyhill, 22. Trent Aleksandr-Arnold, 11. Ceymi Vardi, 2. Kayl Uolker, 8. Cordan Henderson, 18. Eşli Yanq

Baş məşqçi: Qaret Sautqeyt