Bura qədim yurd yerimizdir

455

Dünyanın ən gözəl və eyni zamanda ecazkar yerlərindən biridir Altay. Yamyaşıl dağları, diş göynədən bulaqları, yazda alışıb yanan, sanki mahir bir rəssam əli ilə çəkilən güllü-çiçəkli çölləri, qışda isə ağ örtüyə bürünərək nazlı bir gəlini xatırladan Altay türkün ən qədim yurd yerlərindən biridir. Rusiyanın 1756-cı ildə bu gözəl diyarı işğal edərək illərlə orada assimilyasiya siyasəti aparmasına baxmayaraq Altay günümüzə kimi türkün ruhunu özündə qoruyub saxlaya bilib. Altay yazda da, yayda da, qışda da, payızda da bir sözlə ilin hər fəslində gözəldir. Ona görə də Altayı sevməmək, onun gözəlliyinə vurulmamaq mümkün deyil. Görənlər bir də görmək, gələnlər bir də gəlmək, qoynunda dincələnlər bir də dincəlmək, suyunu içənlər bir də içmək istəyər Altayın. Yenə də nə üçünsə Altaydan söhbət düşəndə hər dəfə qulaqlarıma at kişnərtiləri, qılınc-qalxan səsləri, türk igidlərinin dəli nərələri gəlir. Sanki bir andaca ruhuma min illərin arxasının havası hopur, elə bil yenidən türkün o şərəf və şan dolu qəhrəmanlıq günərinə qayıdır, onlarla birlikdə yenidən yaşayıram o anları. Altay türklərin ən qədim məskənlərindən biri, türklərin dünyaya çıxış nöqtəsi, zəfər yürüşü, yenə də ən ağır anlarında ana qucağı kimi ona sığındıqları müqəddəs bir ocaq yeridir. Bəlkə buna görə də bu qədər sehirli və ecazkardır bu qədim yurd yerimiz. Çünki hər daşında, hər qayasında, torpağında qədim türklərin izləri var, Türkün qəhrəmanlığı, saflığı hopub havasına, suyuna, türkün ruhu dolanır başının üzərində Altayın. Ona görə də bəlkə bu qədər görənlərə, gələnlərə doğmadır ulu yurd yerimiz. Hər il Altaya 1 milyondan yuxarı turist gəlir. Onlar Altayın qızılı dağlarındakı şəffaf çaylara heyran olur, dillə təsəvvür edilməsi mümkün olmayan gözəlliklərinin, mistik aləminin sehrinə düşür, özləri ilə buradan xoş bir xatirə aparırlar. Altayın gəzməli, görməli yerlərini gəzməzdən, görməzdən öncə gərək onun tarixini biləsən. Bu yerin tarixini bilməsən, onu hiss edə, bu ecazkar gözəlliyin sirrini anlaya bilməyəcəksən. Altay ruslar tərəfindən işğal ediləndən sonra beynəlxalq aləmdə Rusiyanın Tibeti kimi tanınıb. Sıldırım qayalı dağların arasında yerləşən Altay həqiqətən də özünəməxsus gözləlliyə və təbiətə malikdir. Ona görə də Altaya səyahət edən “Amerikanın səsi” radiostansiyasının müxbiri Ceyms Bruk Altaydan hazırladığı reportajda buranın gözəlliyindən doya bilmədiyini xüsusi vurğulayır. Əslən Altay türkü olan Aleksey Kaiçi Ceyms Bruka doğma vətəni olan Altayın xalq mahnılarını həzin bir səslə ifa edir. Bu mahnıda türkün küskün ruhu aydın hiss edilir. Aleksey Kaiçi oxuduğu mahnıda doğma yurd yerini tərənnüm edərək belə deyir: “Mən həqiqətən də dağlara, dərələrə, bulaqlara sitayiş etməyin tərəfdarıyam. Çünki mənə hər bir yerin öz tanrısının olduğunu öyrədiblər.” Təbitə aşiqlik türkün tarix boyu ruhunda olub və günümüzdə onu Aleksey Kaiç oxuduğu həzin və kövrək mahnıları ilə yaşadır. Altay həzin nəğmləri yaşayır türkün qəlbində. Bura türkün yurd yeri, ocaqbaşıdır, günəşidir və o həmişə yollarımıza şəfəq saçacaq, bizi keçmişdə olduğu kimi yenə də qələbələrə ruhlandıracaq. əbədi səadətə qovuşduracaqdır…

Əziz Mustafa