“Bunun bir sonu olacaq?”

518

Azərbaycan bütün dünyada müstəqil bir dövlət kimi tanınır. Ötən nəsillər, atalarımız, babalarımız uzun illər bu müstəqilliyin həsrətində olublar. Azərbaycan bu müstəqilliyə qovuşmaq üçün çox ağır bir dövr keçirib. Mənfur ermənilər torpaqlarımıza göz dikdilər. Soydaşlarımızı yurd-yuvalarından didərgin saldılar, neçə-neçə ocaqları söndürdülər. Bildiyimiz kimi, Azərbaycan, əvvəlcə, çar Rusiyasının, sonra isə ötən 70 ildə Sovet İttifaqının təsiri altında olub. Bütün bunlar tarixdir və Azərbaycan Respublikasının, xalqımızın, Vətənimizin həyatında dərin izlər qoydu. Doğma ocağından perik düşən soydaşlarımız qaçqınlıq-köçkünlük illərində çox əzab-əziyyət çəkdilər. Dövlətimiz onların mənzil şəraitini yaxşılaşdırmaq üçün məskunlaşdıqları bölgələrdə bir-birindən gözəl evlər tikib onların ixtiyarına verdilər. Hələ də qaçqın və məcburi köçkünlər üçün yeni-yeni binalar tikilir, istifadəyə verilir. Amma hələ də əzab-əziyyət içində yaşayan köçkünlərimiz var. Sözün həqiqi mənasında, insan yaşamayan ərazidə məskunlaşan bu insanlara baxanda deməyə söz tapmırsan. Bu günlərdə Mingəçevir Dəmir-Beton Məmulatları Zavodunun həyətində məskunlaşan 14 ailə ilə görüşüb, onların dərdinə şərik olduq. Onlar bildirdilər ki, çiçəklənən Azərbaycanda belə bir şəraitdə yaşamağımız çox acınacaqlı haldır. 23 il dözdük, gəncliyimiz, sağlamlığımız bu illərdə puç olub getdi.

Məcburi köçkün, Ağdam rayonunun Xıdırlı kəndindən Mingəçevir Dəmir-Beton Zavodunun İdarəsində məskunlaşan Səfurə İsmayılova 1993-cü ildən bu ərazidə yaşayır: “Qaçqınlıq düşəndə cavan gəlin idim, canım da sağlam idi. İki azyaşlı övladım və həyat yoldaşımla zavodun şəraitsiz idarəsində məskunlaşdıq. Artıq 23 ildir ki, burada çox acınacaqlı şəraitdə yaşayırıq, əgər buna yaşamaq deyilirsə. Dörd bir tərəfimiz bataqlıq, zavodun həyətində iş gedir, toz-duman, çınqıl, sementin tozunu udmaqdan daha bezar olmuşuq. Yaşadığımız şəraitsiz binada yay aylarında ilan və kərtənkələ əlindən evdə otura bilmirik. Bu illərin əzabına bir təhər dözdük. Yoldaşım fəhlədir, 63 yaşı var, bir ildir ki, iş zamanı yıxılıb kəllə-beyin travması alaraq yataq xəstəsi olub. Qızım bu şəraitsiz binadan gəlin köçdü, oğlum da buradan hərbi xidmətə yola düşdü. Onu da deyim ki, yaşadığımız yer sement olduğundan biz ailəliklə revmatizm xəstəliyindən əziyyət çəkirik. Mən 3 dəfə əməliyyat olunmuşam. Zob xəstəliyindən əziyyət çəkirəm. Yenə bu halımla xəstə ərimə baxıram və son nəfəsimə qədər də baxacağam. Bir sözlə, bu yaşayış yeri kimi nəzərdə tutduğumuz bina sonda bizi xəstə saldı. Hələ bunlar bir yana, işlətmək üçün suyu da saatla verirlər. Qaz olmadığından vəziyyətimiz acınacaqlıdır. Artıq ömrümüzün çoxu gedib, azı qalıb. Biz də istəyirik ki, qalan ömrümüzü insan kimi yaşayaq. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Gəlib baxıb başlarını bulayıb gedirlər, dərdimizə əlac edən yoxdur. Axı nə vaxta qədər biz bu əzabı çəkəcəyik, bunun bir sonu olacaq? Aidiyyəti qurumlara səslənirəm, bizim səsimizə səs verin, biz də insanıq axı.

“Övladımın əlil arabasına ehtiyacı var”

Ağdamdan məcburi köçkün Fidan Quliyeva 3 uşaq anasıdır. 20 yaşlı qızı əlildir. 20 ildir ki, yataq xəstəsidir. Bu ailə də şəraitsiz bir vəziyyətdə yaşayır. Yaşadıqları binanın şəraiti olmadığından ailə çox əziyyət çəkir: “Gözlərimin qarşısında övladımın çəkdiyi əziyyətə dözə bilmirəm. Qız uşağıdır, 20 ildir ki, yataq xəstəsidir. Mən onu bu şəraitdə daha saxlaya bilmirəm. Gün işığına, təmiz havaya möhtac olan övladıma imkansızlıq ucbatından bir əlil arabası da ala bilmədim. Yoldaşım da fəhlədir, iş olanda gedir, olmayanda bikar qalır. Biz də 23 ildir ki, bu vəziyyətdə yaşayırıq. Daha dözümümüz qalmayıb. Xahiş edirik, aidiyyəti qurumlar bizə kömək etsinlər, indi qış ayıdır yayın qızmar ayında ilan-çiyanın əlindən burada qalmaq mümkün deyil. Dəfələrlə yatağımızın altından ilan çıxıb. Qorxuram ki, axırda buralarda ilanlara yem olaq”.

Həqiqətən də bu şəraitdə yaşamaq mümkün deyil, insan yaşamaz bu yerlərdə, yaşayan insanların aqibəti ilə biz də yaxından tanış olduq. Bu qadınların həyatı çox acınacaqlıdır. Baxmayaraq ki, zərif cinsin nümayəndələridir. Təəssüf, yaşadıqları həyat onlarda zəriflik əlamətini yox etmişdi..

Esmira Hidayətova