“Bunu inkar etmək olmaz”

359

“İl ərzində 2 saylı Klinik Uşaq Xəstəxanasına 50-yə yaxın atılmış uşaq daxil olur”. apa-nın xəbərinə görə, bunu Ə. Qarayev adına 2 saylı Klinik Uşaq xəstəxanasının baş həkimi Azər Xudiyev bildirib.

A.Xudiyev qeyd edib ki, yeni doğulan uşaqlardan imtina edildikdə, onlar xəstəxanaların həyətinə atılır: “Bu cür faktlar var və bunu inkar etmək olmaz. Əvvəllər bu uşaqlar xəstəxanada yoxlandıqdan sonra dövlət uşaq müəssisələrinə aparılırdı. İndi isə atılmış uşaqlar, dövlət uşaq müəssisələrinə təhvil verildikdən sonra, həmin uşaqlar müayinə üçün bizim xəstəxanaya gətirilir”.

Həkim həmin uşaqların əksər hallarda sətəlcəm əlaməti ilə xəstəxanaya daxil olduğunu bildirib: “Onlar burada bütün müayinələrdən keçirilir. Atılmış uşaqların müayinəsi və sağlamlaşdırılması üçün bizim xəstəxanada ayrıca otaqlar var”.