Bunu da elə-belə yazdım

651
– Ay mənə Lerikdən məktub göndərən Gülmirzə qardaşım, daha məndən əlini çək! Nöşün ki, sənin şikayətlərin əsasında yazdıqlarımdan indiyədək baş ağrısından savayı bir şey görməmişəm. Üstəlik, çox adamı da özümdən incitmişəm. Elə bu kimi səbəblərdən o zaman yazdıqlarımdan indi xəcalət çəkirəm. Bostanlarına daş atdığım  dövlət adamlarının atdığım həmin daşları üst-üstə qoyaraq daha yüksək vəzifələr tutduqlarını görəndə bir tərəfdən ürəyim dağa dönür, bir tərəfdən də bağa heyfim gəlir. Bir sözlə, boynuma alıram ki, böyük səhvlər etmişəm. Odur ki, indən belə çalışıb günahlarımı yumaq niyyətindəyəm.
Ay qardaş, birdəfəlik başa düş… Kiçik hara, böyükdən şikayət etmək hara? Sonra da gileylənirsən ki, bəs hansısa vəzifəli şəxs neçə ay öncə ona ünvanladığın şikayət məktubuna cavab vermir? Vermir vermir də… Buna görə mətbuata üz tutmaq, yaxud o kişinin ünvanına Avropa standartlarına uyğun gəlməyən ifadələr işlətmək  lazımdır? Bir araşdır, gör, niyə cavab verməyib də… Nə olar, bircə dəfə o biçarənin  “qayğıları” ilə maraqlananda? Bəlkə, vaxtı olmayıb? Bəlkə, kişi xeyli vaxtdır ki, cəbhə bölgəsinə “göndərdiyi” oğlundan nigarandır? Bəlkə, yeni tikdirdiyi villasına hansı ölkəyə məxsus mebellər yerləşdirmək üzərində baş sındırır? Bəlkə, öz sevimli meymununun, itinin, pişiyinin güzəranındə problemlər var? Bəlkə, daha yüksək vəzifəyə keçmək üçün apardığı sövdələşmə baş tutmayıb? Bəlkə, bu yay hansısa ölkənin hansısa adasında istirahət etmək üzərində baş sındırır? Məgər bunlar az dərddir? Ay qardaş, gecə-gündüz belə şeylərin fikrini çəkmək sənə asan gəlməsin e… Madam ki, onun nələr çəkdiyini bilmirsən, onda nə üçün həmin vəzifəli şəxsdən giley-güzar edirsən? Yəqin ki, bu “bəlkələrdən” agah olsaydın, heç səsini belə çıxarmazdın. Olmaya, kişini rüsvayi-cahan etmək istəyirsən? Özü də mənim əlimlə… Yox, ay qardaş, daha bu nömrələrin keçməz. Get, yeni nömrələr üzərində baş sındır.

Ay yaşayış yerini məndən gizli saxlayan Ağamirzə qardaşım, niyə deyirsən ki, bəs bizim xəstəxananın bütün şöbələrinin girəcəklərində dərman preparatlarının, sarğı materiallarının, üstəlik, tibb ləvazimatlarının pulsuz olması barədə şüar boyda elanlar vurulsa da, buna məhəl qoyan yoxdur? Elə şöbəyə girər-girməz qarşına çıxan ağxalatlılar “ver-ver” deyirlər. Verməyəndə də nəinki adamın ağrıyan yerinə, heç üzünə belə baxmırlar. Bu da xəstədə əlavə ağrılar doğurur. Ay qardaş, axı burada qeyri-adi nə var ki? Sənə yüz yol demişəm ki, hər yazılana inanma! İndi məmləkətimizin hər guşəsi belə şüarlarla dolu deyilmi? Onları bir-bir sadalayıb mənə ayrılan yeri doldurmaq istəmirəm. Məgər onlarda yazılanların hamısı həqiqəti əks etdirir? Əsla yox. Elə isə nə düşmüsən bu həkimlərin üstünə? Olmaya gözün ancaq həkimləri görür? Bir də, ay qardaş, görünür, onlardan da bu şəkildə nəsə uman var. Yoxsa, həkimlərimizin başlarına at təpməyib ki, hər içəri girəndən pul umsunlar. O gün bir həkimdən soruşuram ki, ay həkim, niyə nazirliyin qərarına əməl etmirsiniz? Mənə nə desə yaxşıdır, bala, indi hamı belə işləyir də. Yəni ötür-ötürdür. Bəli, ay qardaş, indi, həqiqətən də, hamı belə işləyir. Bacar, sən də belə işlə. Bacarmırsan, səsini çıxarma, onu-bunu suçlama. İndi sən yaşamağı bacarmırsan deyə, mən bütün həkimlərlə üz-göz düşməliyəm? Yox, daha keçəl suya getməz? Hə, ay Ağamirzə, deyəsən, söylədiklərim xoşunuza gəlmədi axı?

Vallah, a kişilər, məəttəl qalmışam. Belə yazıram, siz gözlərinizi bərəldirsiniz, elə yazıram kreslo sahibləri, yəni vəzifəli şəxslər. Bilmirəm, belə yazım, yoxsa elə? Elə-belə isə mən yaza bilmirəm. Atalar necə deyib? Səhv etmirəmsə, deyiblər ki, mövzu var ki, mövzularn naxşıdır, mövzu var ki, heç yazmasan yaxşıdır. Bəlkə, bu kimi mövzulardan heç yazmamaq məsləhətdir? Bunu da elə-belə günahlarımı yumaq üçün yazdım. q.mehebbetoglu@zaman.az