Buna da min şükür

(Mirzə Cəlilin “Şükür”ü əsasında)
Mən yazacağım yazı üçün mövzu “axtarışına” çıxarkən birdən-birə bir şey yadıma düşdü. Odur ki, elə o yadıma düşən şeydən yazmaq istədim.
… Bəli, ötən həftə “Qarabağ”, “Qəbələ”, “İnter” Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçlarında dünyanın futbol meydanlarına çıxdılar və öz sözlərini dedilər. Mən həmin matçlar barədə uzun-uzadı yazıb, vaxtınızı almaq istəmirəm. Bir də zənn edirəm ki, həmin oyunların nəticələri artıq sizə çoxdan məlumdur.
Söz yox ki, həmin oyunlardan öncə və sonra dünyanın tanınmış, həm də tanınmamış idman adamları, eləcə də xarici mətbuatın nümayəndələri bu komandalarımız barədə ətraflı danışdılar və yazdılar. Məsələn, danışdılar və yazdılar ki, “Qarabağ” sıradan bir komanda deyil, çox güclüdür, üstəlik, ərz etdilər ki, bu futbol klubu ermənilər tərəfindən işğal olunmuş ərazimizin adını özündə ehtiva edir. “Qəbələ” barədə bildirdilər ki, az vaxtda formalaşan bu komanda elə bu yaxınlarda Tbilisinin “Dinamo”sunu, Serbiyanın “Çukariçki”sini əzməklə öz yeni tarixini yazdı… Onlar barədə də, üstəlik, ərz etdilər ki, bu komanda Azərbaycanın bir bölgəsinə məxsusdur. Həmin bölgə də indi özünün inkişaf mərhələsindədir. Hətta orada beynəlxalq tədbirlər də keçirilir. Bir sözlə, çox danışıqlar oldu və yenə olmaqdadır. Həqiqətən, belə məlumatlar çox önəmlidir, həm də sevindiricidir.
Hə, bir də danışılan sözlərin biri budur ki, hər bir millət arasında futbol böyük bir şeydir. Nədən ki, məhz futbol komandaları Avropanın, Asiyanın, bir sözlə, dünyanın hər yerində ölkələrini tanıdırlar. Bu mənada on bir nəfərdən ibarət bu ya digər futbol komandası bir ordu gücündədir desək, yanılmarıq. Xüsusilə indiki zəmanədə. Hərdən həm də mənə elə gəlir ki, futbol olmasa, millət qabağa gedə bilməz. O səbəbə qabağa getməz ki, bu cür futbol klublarımız olmasaydı, dünya bizim nailiyyətlərimizdən çox gec xəbər tutardı. Amma yuxarıda adlarını sadaladığım komandalarımızın hərəkətindən və Allahın bərəkətindən indi cəmi müsəlman da, xristian da, digərləri də bir daha bildilər ki, bizim ölkəmizdə nə var, nə yox? Söhbətimin bu yerində yenə yadıma bir şey düşdü. Elə onu da demək istəyirəm. Deməsəm, yazım yarımçıq görünəcək. Hə, indi bizim özümüzün futbol nümayəndələri başlayıblar ki, komandalarımız bundan o yana gedə bilməyəcək. Bir də lap tutalım, bundan o yana gedə bilməyəcəklər, məgər buna görə bədbinliyə qapılmaq lazımdır? Yenə deyirəm, buna da şükür… Bu olmasaydı neyləyəcəkdik? Üstəlik, bir kimsədən buna da şükür deyən eşitmirəm. Söz yox ki, bu məni olduqca narahat edir və etməkdədir.
Vallah, hərdən belə nəhs gətirənləri acılamaq könlümə düşür. Lakin etikam buna imkan vermədiyindən susmaq məcburiyyətində qalıram. Amma etikam mənə imkan verir ki, belələrinə, sözün həqiqi mənasında, naşükür deyim. Bir sözlə, hər belə uğura şükür deməliyik. Ən azı, el təbirincə desək, onların sayəsində qatıq görməsək də qatıqlı qab ki görürük (Qorxuram bu qatıqdan bəziləri istifadə edib, yazıma soğan doğraya. Odur ki, açıqlama vermək zorundayam: yəni mən burada qatıq dedikdə, daha yüksək nəticələri nəzərdə tuturam). Doğrudan da, yenə minlərcə şükürlər olsun? Şükür və yenə şükür?
Hər kəs nə deyir desin, amma mən yenə deyirəm ki, minlərcə şükür etməliyik ki, bizim belə komandalarımız var. Yenə deyirəm: min dəfə şükür… Şükür deyək ki, davamlı olsun…

Qvami Məhəbbətoğlu