“Bugünkü müzakirə ilin uğurla yekunlaşması üçün əlavə zəmin yaradacaq”

539

Mingəçevirdə 2017-ci ilin 9 ayının yekunları müzakirə olunub. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov bildirib ki, ölkə iqtisadiyyatında əldə olunmuş yüksək nailiyyətlər şəhərimizin də inkişafına öz müsbət təsirini göstərir: “Ötən 9 ayda şəhər üzrə ümumi məhsul buraxılışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42,9 faiz artaraq 350 milyon manat, o cümlədən sənaye məhsulu istehsalı 77 faiz artaraq 250 milyon manat təşkil etmişdir.

Tikinti sektorunda əsas kapitala yönələn investisiya 28,8 milyon manat olmuş, aparılan tikinti quraşdırma işlərinə 24,2 milyon manat vəsait xərclənmişdir. İlin əvvəlindən nəqliyyat sahəsində 3,3 milyon manatlıq, rabitə müəssisələrində 1,0 milyon manatlıq xidmət göstərilmiş, əhaliyə 218 milyon manatlıq istehlak məhsulları satılmışdır”.

O daha sonra deyib: “Qeyd olunan rəqəmlərdən göründüyü kimi, şəhərimizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadi və sosial sahələrdə təsirli irəliləyiş müşahidə olunmuş, görülən tikinti, abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Eyni zamanda ölkərəhbərinin tapşırığına əsasən Mingəçevir şəhərində inşa edilən Sənaye Parkında və “Asan Həyat”ın inzibati binasında tikinti quruculuq işləri sürətlə davam edir və görüləsi işlərin əsas mərhələsi yekunlaşmaq üzrədir”.

Daha sonra idarə, təhsil müəssisəsinin rəhbərləri hesabat xarakterli çıxışlar ediblər.

Tədbirin sonunda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov çıxış edərək deyib ki, bu günkü çıxışlardakı təhlillər göstərir ki, şəhərdə son illər aparılmış geniş quruculuq və bərpa işləri ilə yanaşı, əhalini narahat edən bir sıra problemlər qalmaqdadır: “Qəbul və görüşlərdə olan müraciətlər əsasən dam örtüklərinin təmiri, məhəllə daxili abadlıq işləri, istilik sisteminin bərpası, işlə təmin olunma və sair məsələləri əhatə edir. Qeyd olunan və əhalini narahat edən digər problemlər şəhər İcra Hakimiyyətinin nəzarətindədir və onların həlli istiqamətində tədbirlər görülür.

Bu ilin 9 ayının yekunu göstərir ki, şəhərdə aparılan abadlıq, quruculuq işləri uğurla davam edir”. O, cıxışını bu sözlərlə bitirib: “Hesab edirik ki, bugünkü müzakirə 2017-ci ilin uğurla yekunlaşması üçün əlavə zəmin yaradacaqdır”.

Esmira Hidayətova, Mingəçevir.