Büdcənin qeyri-neft gəlirləri cari xərclərin 2/3-ni ödəyəcək

542

Yaxın günlərdə 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisin müzakirəsinə də təqdim ediləcək. Əvvəlki illərin dövlət büdcəsindən fərqli olaraq gələn il ilk dəfə büdcə gəlirlərində neft sektorundan daxilolmalar ümumi gəlirlərin 50%-dən az olacaq. Belə ki, 2017-ci ilin büdcə layihəsində neft sektoru üzrə daxilolmalar ümumi gəlirlərin 49,2%-ə bərabər olacaq. Qeyd edək ki, proqnozlara görə bu il neft sektorundan daxilolmaların büdcə gəlirlərindəki payı 54,8% olacaq. Onu da bildirək ki, neftin büdcədəki payı ən yüksək səviyyəyə 2011-ci ildə yüksəlib. Həmin il büdcə gəlirlərinin 73,8%-i neft sektoru hesabına formalaşıb.
Qeyd edək ki, cari illə müqayisədə gələn ilin dövlət büdcəsində neft sektorundan daxilolmalar nəzərə çarpacaq dərəcədə azalacaq. 2016-cı illə müqayisədə neft sektoru üzrə büdcə gəlirlərinin 2017-ci ildə 14,9% və ya 1 milyard 370 milyon manat həcmində azalaraq 7 milyard 855 milyon manata düşəcəyi gözlənilir. Bu vəsaitin isə 77,7%-i və ya 6 milyard 100 milyon manatı isə Neft Fondunun payına düşəcək.
Bundan başqa neft sektorundan əldə olunan gəlirlərin 22,3%-i və ya 1 milyard 755 milyon manatı Vergilər Nazirliyinin xətti ilə daxil olacaq. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisi isə 50,8% və ya 8 milyard 100 milyon manat olacaq və bu, 2016-cı ilin proqnozu ilə müqayisədə 503 milyon manat və ya 6,6% çox olacaq. Məlumat üçün onu da qeyd edək ki, qeyri-neft sektorundan əldə olunacaq gəlirlərin 67,3%-i və ya 5 milyard 455 milyon manatı Vergilər Nazirliyinin, 27,2%-i və ya 2 milyard 200 milyon manatı Dövlət Gömrük Komitəsinin payına düşəcək.
2017-ci il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 67,3%-i həcmində və ya 11174,8 mln. manat (əvvəlki ilə nisbətən 930,8 mln. manat və ya 7,7% az), əsaslı xərclərə ümumi xərclərin 22%-i həcmində və ya 3656,4 mln. manat (əvvəlki ilə nisbətən 957,9 mln. manat və ya 20,8% az), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 10,7%-i həcmində və ya 1768,8 mln. manat (əvvəlki ilə nisbətən 6,3 mln. manat və ya 0,4% az) vəsait yönəldiləcək.
Əvvəlki illərdə olduğı kimi gələn ilin dövlət büdcəsi ilə bağlı ən ciddi problem odur ki, qeyri-neft gəlirləri ölkə büdcəsində nəzərdə tutulan cari xərcləri ödəməyə imkan vermir. 2017-ci il üçün dövlət büdcəsində cari xərclər üçün ümumi xərclərin 67,3%-i və 11 milyard 174,8 milyon manat nəzərdə tutulub. Bu isə o deməkdir ki, qeyri-neft sektorundan gələn gəlirlər bu xərclərin təxminən 2/3-ni (72,5%) ödəməyə imkan verəcək.
Allahverdi Cəfərov