“Büdcənin doldurmağın yeganə yolu yeni istehsal sahələrinin yaradılması ola bilər”

459

Azərbaycanda manatın devalvasiyası nəticəsində büdcədə əmələ gələn kəsiri aradan qaldırmaq məqsədi ilə dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilməkdədir. Bu müstəvidə də vergiyə cəlb edilən subyektlərin sayı artırılıb. Lakin yeni subyektlərin vergiyə cəlb edilməsi yolu ilə büdcə kəsirini aradan qaldırmaq mümkün olacaqmı? Bununla əlaqədar “Yeniavaz.com”un sualına cavabında tanınmış iqtisadçı Qubad İbadoğlu istənilən halda vergiyə yeni subyektlərin cəlb olunmasının büdcə kəsirini aradan qaldırmaq üçün mümkün olmayacağını söylədi. Onun sözlərinə görə vergiyə cəlb olunan subyektlərin sayının artrırılması əksinə hələ ayaq tutub yeriməyə çalışan kiçik sexlərin və emal müəssisələrinin bağlanmasına yol açacaq. Qubad İbadoğlu: “Manatın dəyərdən düşməkdə davam etməsi və dollar qarşısında dəyərini itirməsi onsuz da kiçik sahibkarlığı olduqca ağır vəziyyətdə qoyub. Belə ki, manatın həm birinci, həm də ikinci devalvasiyaları kiçik sexlərin müflisləşməsinə, onlarla iş yerinin bağlanmasına gətirib çıxardı. Buna paralel olaraq qazın və işğın qiymətlərinin qaldırılması kiçik sahibkarlığa vururlan daha bir zərbə olacaq. Belə vəziyyətdə isə vergiyə cəlb edilən yeni subyektlərin fəaliyyətini bundan sonra davam etdirməsi daha çətin olacaq. Çünki onlar gələn aydan həm devalvasiyanın, həm də işıq və qazın qiymətlərinin artırılmasının ikiqat zərbəsi altında olacaqlar. Nəticədə yeni ildən başlayaraq daha çox müəssislərinə fəaliyyətni dayandırcağını və bunun işsizliyin daha da artmasına səbəb olacağını istisna etmirəm. Ona görə də vergiyə cəlb olunan subyektlərin sayını artırmaqla büdcəni doldurmaq çətin olacaq. Belə hesab edirəm ki, büdcənin doldurmağın yeganə yolu yeni istehsal sahələrinin yaradılmasına imkan verəcək tədbirlərin həyata keçirilməsi ola bilər”, -dedi.