Bu, zarafatdan başqa bir şey deyilmiş

880

Ha adam istəyir hirsini yesin, dinməsin, insanı öz başına qoymurlar ki… Bir istədim dinməyim, dedim, bir sözdür deyib, keçib gedər. Nə qədər istədim dinməyim, olmadı ki, olmadı. Allah kəssin belə xasiyyəti… Bəli, “elm sahibləri, fənn sahibləri bir dəqiqə bikar deyillər: gecə və gündüz çalışmaqdadırlar ki, təzə bir elm, təzə bir fənn kəşf eləsinlər. Elm və fənn sahiblərinin bu növ çalışmaları, əlbəttə, nəticəsiz qalmır və qala da bilməz və görürük ki, hər il təzə bir iş, ağla sığmayan bir xəbər, ağıl kəsməyən bir əməl qulağımıza çatır” (Cəlil Məmmədquluzadə).
Möhtərəm oxucularımıza ərz olsun ki, bir neçə gündür ən çox danışılan himnimizlə bağlı “ixtiradır”, məsələdir. Bu da millət vəkili Araz Əlizadə cənabları tərəfindən “icad” olunaraq ortaya atılıb. Bu cənabın “ixtirasının” əsli budur ki, bəs dahi Üzeyir Hacıbəyov himnimizi mərsiyə kimi yazıb: “Azərbaycan Demokratik Respublikasının baniləri tələm-tələsikdə musiqiyə sözlər uyğunlaşdırdılar. Dünyada yeganə ölkəyik ki, bizim himnimiz minordur (oxu: hüzn, kədər əhvali-ruhiyyəlidir). Bütün dünyada himnlər majordadır (oxu: gümrah və şəndir). Yəni majorda olan himnlər ruh yüksəkliyi gətirir. Bizim himnə qulaq asanda adam istəyir əlinə dəsmal alıb ağlasın”. Sözün düzü, mən bu fikrin çox dərinliyinə gedəndə əlimə dəsmal alıb Araz Əlizadə cənablarının gününə ağlamağa başladım. Amma bu bir fakt ki, bu çəkici “icad” elə bir qəribə nəticə bağışlayıb ki, bu xüsusda tamam ölkə danışır. Hətta elə saat olmur ki, qəzetlərdə bu barədə yazmasınlar.
Mənim rəhmətlik dədəm deyərdi ki, bala, çalış, başın çıxmayan işə baş qoşma, çünki sonradan başın ağrıyar. Bir də əlavə edib söylərdi: “Hər kəs bildiyini danışsa, dünyaya çox gözəl sükut çökərdi”. Görünür, bəzilərinə, o cümlədən Araz Əlizadə cənablarına belə bir tövsiyə verən olmayıb. Verən olsaydı, yəqin ki, belə danışmaz və gedib öz siyasət aləmində at oynadardı… Bu sözlərlə mən Araz Əlizadə cənablarının ətrafını aşağılamaq fikrində deyiləm. Kim bilir, bəlkə bu sözləri ona da deyiblər. Amma, görünür, o, böyüyəndən sonra bu məşhur kəlamı o qulağından alıb, o biri qulağından buraxıb. Yəni bayaq ərz etdiyim kimi, nəsə “icad” etmək fikrinə düşüb. Bununla da heç bir musiqi savadı olmayan Araz Əlizadə cənabları özünün dahi Üzeyir bəydən daha savadlı, daha ağıllı olduğunu diqqətə çatdırmaq istəyib.
Bəli, ölkəmizin dövlət rəmzləri, o cümlədən himnimiz Azərbaycan Xalq Cümhuriyyətindən bizə miras qalıb. Mirasa hörmətlə yanaşmaq isə hər birimizin borcudur. Üstəlik, onu sevə-sevə bağrımıza basmağı, qarşısında baş əyməyi bacarmalıyıq. Amma bu da bir həqiqət ki bu gün bizim oxumuşların əksəriyyəti dünənimizi topa tutmaqla “ad-san” qazanmağa çalışırlar. Elə bu səbəbdən də dünənimizdən bir babat nəsnə ortaya qoymaqdan çətinlik çəkirik.
Mən bu sətirləri yazarkən nəvəm gəldi durdu başımın üstündə. Dedi, baba, axı sən niyə bu məsələyə bu qədər ciddi yanaşırsan? Bir də mən inanmıram ki, Araz Əlizadə cənablarının Slovakiyanın, Bolqarıstanın, elə Ukraynanın himnlərinin də elə minor tonallığında olmasından xəbəri olmasın? Buradan belə nəticə hasil olur ki, belə bir fikir irəli sürməkdə onun məqsədi, vallah-billah, alayıdır. Baba, vallah, mənə elə gəlir ki, bu, Araz Əlizadə cənablarının 1 Aprel zarafatından başqa bir şey deyil. Mən də qeyri-ixtiyari dilləndim: “Şəxsən mənim üçün ayıb olsun ki, bu cür axmaq sözə inanıb, belə bir yazı yazıram. Məni bağışla Araz bəy, məni sizin dediklərinizə reaksiya verənlər yoldan çıxartdı. “O olmasın, bu olsun”un qəhrəmanı Rza bəyin sözü olmasın, rus demişkən, “nedarazumeniya” əmələ gəldi. A kişi, mən deyirəm ki, axı Araz Əlizadə cənabları belə şey eləməz. Qərəz ki, Allah şeytana lənət eləsin”.
Q. Məhəbbətoğlu