“ Bu yay avtobus qəzaları ilin digər fəsillərinə nisbətən daha çox olub”

493

Bakıda ictimai nəqliyyat vasitələrindən olan avtobusların qəza törətməsi, sərnişinlərin ciddi bədən xəsarəti alması, hətta dünyasını dəyişməsinə dair xəbərlər eşdirik. Ümumiyyətlə daha təhlükəsiz sayılan ictimai nəqliyyat vasitələrində başverən qəza hadisələri paytaxt sakinlərinin və qonaqlarının narahatçılığına səbəb olub. Vətəndaşlarla söhbətimiz zamanı bu qərara gəldik ki, avtobus sürücülərinin təhlükəli sürmələri artıq adi hala çevrilib. Onların sözlərin görə sürücülər avtobus dayanacaqlarına birinci çatıb daha çox sərnişin mindirmək üçün bir-biriləri ilə yarışırlar ki, bu da qəza şəraitinin yaranmasına gətirib çıxarır: “Bəzi sürücülər isə dayanacaqlarda onlara verilən müddətdən çox dayanırlar, sonra da növbəti dayanacağa vaxtında çatmaq üçün avtobusu sürətli sürməyə çalışırlar. Belə olan təqdirdə, yollarda tez-tez qəza şəraiti yaranır”.

“Problemli sərnişinlər də qəza riskini artırır”

Bakıdakı 38 nömrəli avtobusun sürücüsü Vaqif Məmmədov isə ictimai nəqliyyat hadisələrində baş verən bədbəxt hadisələrin səbəbini iş günü ərzində tez-tez əsəbləşmələri ilə izah etdi: “Demək olar ki, hər gün azı bir nəfər problemli sərnişinlə rastlaşırıq. Hamısı da dava ilə danışır. Belə olan halda da, sürücü əsəbi olur, diqqəti yayınır və qəza riski yüksək olur”. Avtobus sürücülərinin sürətli sürməsi barəsində də suallarımızı cavablandıran V. Məmmədov bildirdi ki, bunun da səbəbi yollardakı tıxaclar və sərnişinlərdir: “Belə ki, yollarda tıxaclar olur və sən gecikirsən. Bundan başqa dayanacaqda minib-düşən yoxdur. Müdiriyyət avtobuslara elan yazıb vurub ki, sürücüləri dayanacaqlardan kənarda saxlamağa məcbur etməyin. Çünki biz ancaq dayanacaqlarda dayanmalıyıq. Amma sərnişinlərin əksəriyyəti buna məhəl qoymurlar. Bütün bunların hamısı vaxt itkisidir. Müdiriyyəti isə nə tıxaclar maraqlandırır, nə də digəri. O həmişə tələb edir ki, vaxtında dayanacaqlara çataq. Çünki başqa cür mümkün deyil. Avtobuslardan biri  az da olsa gecikəndə, digər avtobusun vaxtına girmiş olur. Buna da heç kim razı olmaz. Ona görə də, avtobus sürücüləri vaxtında dayanacaqlara çatmaq üçün sürətli sürməyə məcbur olurlar. Nəticədə də, bu onun qəza törətməsinə səbəb olur”. V. Məmmədov söhbətində Bakıda xam sürücülərin çoxluğundan da şikayət etdi: “Bakıda ciddi şəkildə avtomobil sıxlığı yaşanır. Ən pis olanı da odur ki, xam sürücülər də çoxluq təşkil edir. Baş verən avtomobil qəzalarının böyük qisminin səbəbkarı xam sürücülərdir”. Müsahibimiz onu da əlavə etdi ki, havaların isti olması da qəza hadisələrinin baş verməsinə bir səbəbdir: “Çox yaxşı olar ki, ictimai nəqliyyat vasitələrində sürücü işləmək istəyənlər ciddi şəkildə tibbi müayinədən keçirilsin. Çünki havaların isti olması bəzi sürücülərdə ürək qısılmasına gətirib çıxarır. Bu da dəhşətli yol qəza hadisələrinin baş verməsinə rəvac verir”.

“Pivə yayda avtomobil qəzalarının səbəblərindədir”

Mövzumuzla bağlı suallarımızı cavablandıran Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərov bildirdi ki, bu yay avtobus qəzalarının sayı çoxalıb: “Məndə ictimai nəqliyyat vasitələrində baş verən qəza hadisələri ilə bağlı dəqiq statistik məlumat yoxdur. Müşahidələrimə əsasən o qənaətdəyəm ki, bu yay avtobus qəzaları ilin digər fəsillərinə nisbətən daha çox olub”. Yay fəslində qəzaların çoxalmasına aydınlıq gətirən N. Ələkbərov bunu bəzi vətəndaşlar kimi sürücülərin də sərinləşdirici içki olaraq pivəyə üstünlük verməsi ilə əlaqələndirdi: “Mən bunun şahidi çox olmuşam. Sonuncu dayanacaqda öz növbəsini gözləyən sürücü pivə içir. Havaların isti olması isə onların sərinləşdirici vasitə kimi pivədən daha çox istifadə etməsinə səbəb olur. Yay vaxtı avtobus qəzalarının sayının çoxalmasına təsir edən amillərdən biri də budur”. N. Ələkbərovun sözlərinə görə, avtobus sürücüləri təcrübəli, sağlam və pis vərdişləri olmayan adamlar olmalıdır: “Belə olan təqdirdə qəzaların sayı azalmaqla yanaşı, çoxlarımızın tez-tez şahidi olduğumuz sürücü sərnişin davası da baş verməz.

“Qəzaların sayı ötən illərə nisbətən 13,7 faiz azdır”

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ictimai nəqliyyat vasitələrində baş verən qəzalar ilə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki,  2014-cü ilin ilk 6 ayı ərzində ümumi istifadədə olan avtonəqliyyat vasitələrinin (avtobus, yük) iştirakı ilə baş verən qəzaların sayı ötən illərə nisbətən 13,7 faiz azdır: “2013-cü ilin 6 ayı ilə müqayisədə ölənlərin sayı 10,4 faiz, yaralıların sayı isə 21,9 faiz azalıb. Belə ki, bu ilin ilk 6 ayı ərzində Bakı şəhərində sərnişindaşıma marşrutlarında Dövlət Yol Polisi orqanları tərəfindən 24 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb. Ötən illə müqayisədə bu il  hadisələrin sayı 17,2 faiz, yaralıların sayı 40,9, ölənlərin sayı isə 71,4 faiz azalıb”. N. Həsənov onu da əlavə edib ki, yollarda başverən qəzaların qarşısını mümkün qədər almaq məqsədilə hazırda Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən bir neçə istiqamətdə iş aparılır. Bunlardan biri də sürücü bazasının təşkil olunmasıdır. Belə ki, artıq dəfələrlə qəza törədən sürücülər işlə təmin olunmayacaqlar. Onlar barədə məlumatlar toplanılacaq və müvafiq qurumlar tərəfindən təhlil ediləcək. Yeni sürücü bazasına adları salınan şəxslər işə başlamamışdan əvvəl təlim keçəcəklər.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov mətbuata verdiyi açıqlama bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtobusların iştirakı ilə qeydə alınan hadisələrin sayı 8 fakt, yaralananların sayı 3 nəfər, həlak olanların sayı isə 1 nəfər azalıb. ELVIN ƏLIYEV