“Bu Vətən uğrunda can verərəm mən”, yaxud Ələsgər Talıboğlunun yaradıcılığında Vətən mövzusu   

717

Deyirlər, şeir şair düşüncəsininin, duyğusunun nəbzidir.  Nəbzin döyüntülərindən ürəyin fəaliyyətinin səviyyəsini dərk etmək mümkün olduğu kimi şairin şeirlərindən də onun iç dünyasını dərk etmək çətin deyil. Çoxşaxəli yaradıcılığa malik olan Ələsgər Talıboğlu üçün şairlik birincidir. Onun şeir yaradıcılığında həssaslıq, vətəndaşlıq mövqeyi öndə dayanır və şeirlərinə dərin lirizm gətirir. Bu da şairin yaradıcılığını əsil sənət zirvəsinə qaldıran amil kimi estetik hisslərin inkişafına səbəb olur. Bunlar insan qəlbinə, onun mənəviyyatına çox ahəstə yol tapdığından şeirləri də oxucunun qəlbinə dərin məmnunluq gətirir. Çünki şairin reallığa söykənən misraları onu vətən torpağı və gözəllikləri ilə doğmalaşdırır:

Torpağını məlhəm kimi ürəyimə

səpərəm mən,

Hər daşına, qayasına sığal çəkib

öpərəm mən.

Bir müqəddəs tutuya kimi gözlərimə

təpərəm mən.

Bu Vətənin hər hayına hay verəcək

oğul kimi.

 

Göründüyü kimi, şairin şeirlərinin  mövzusu doğulduğu evin astanasından başlayır. Vətən, torpaq sevgisi onun üçün çox müqəddəsdir və könül dünyasından vətənçilik duyğusu süzülür:

Ovcumda cizgilər qabar-qabardır,

Hər qayaya, daşa can verərəm mən.

Üstündə gəzdiyim ana torpağın,

Adına min şərəf, şan verərəm mən.

 

Yurdumun bozaran çölü də gözəl,

Çiçəyi də gözəl, gülü də gözəl.

Çağlayan bulağı, gölü də gözəl,

Axan sularına yön verərəm mən.

Ələsgər Talıboğlunun lirikası hikmət xəzinəsindən, əsrarəngiz təbiətdən qidalanıb boy atır, xalq ədəbiyyatı ruhunda pərvəriş tapır. Doğma yurdunun bulaqlarını, dağlarını, hər bir fəsildə dəyişən bənzərsiz özünəməxsus gözəlliklərini ilhamla tərənnüm edir. Şairin şeirləri dil və formaca xalq ruhuna yaxın, axıcı və səlisdir. Onun şeirləri eyni zamanda ictimai ideya, fikir baxımından bütün zamanlar üçün müasirdir. Çünki Mirzə Cəlil ruhlu şair milli bəlalarımızı, kədərimizi də poeziya müstəvisinə köçürüb.

Ələgər Talıbovun lirikası doğma torpağın tarixinə, təbiətinə bağlıdır. Yurdumuzun əsrarəngiz təbiətini, torpağın hər qarışını sevə-sevə vəsf etməklə yanaşı böyük türk dünyasının da gözəlliklərini qələmə alaraq ümumtürk aspektindən çıxış edir. Qoca türkün ərənlərindən biri kimi türkün birliyi, bütövlüyü uğrunda qələmi ilə çarpışan, bütün varlığı ilə türk ruhunu yaşadan “Nə mutluyuq türkəm deyə!” səsi gəldikcə hayqıran və bu hayqırmalardan qürur duyan Ələsgər Talıboğlu!

Qaracayam, Altayam,

Bir Noqayam, ətayam.

Türkəm, Türkə atayam,

Tanrım belə xəlq edib.

Vətən mövzusu şairin yaradıcılığının şah damarıdır, desək yanılmarıq. Bütün yaradıcılığı boyu o, xalqımızın qəhrəmanlıqla dolu tarixini vərəq-vərəq nəzərdən keçirərək, xalqın igidliyi, mərdliyi ilə fəxr edir. Eyni zamanda şairin poeziyasını qədəm-qədəm izləyən bir dərd də var – Qarabağ, Şuşa dərdi. Oxucusunu daim bu dərdlə narahat edən şair şəhid olmuş vətənin qəhrəman oğullarının, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdikləri  şücaətləri belə qələmə alır:

Vətən sevgisidi sənin ilhamın,

Vətən dağlarına sən qardaş oldun.

Bu bayraq uğrunda canından keçib,

Bir Vətən övladı, Vətəndaş oldun.

Ələsgər Talıboğlunun şeirlərini oxuduqca görünür ki, o öz ustadlarının da yolundan dönmür, daim onlardan öyrənməyi özünə borc bilir. Necə ki, dahi Nizami Gəncəvi deyirdi: “Kimsə öyrənməyi bilməyirsə ar, sudan dürr, daşdan gövhər çıxarar”. Bu mənada şair sənətdə poetik zirvəyə gedən yolun hansı yollardan keçdiyini də yaxşı bilir. Məhz buna görə də təbiət vurğunu olan böyük Məmməd Arazı özünün ustadı hesab edərək “Haqqı var dağların bizdən küsməyə” şeirində deyir:

Biz ona gərəkli oğul olmadıq,

Haqqı var dağların bizdən küsməyə.

Qoynunda əfsanə, nağıl olmadıq,

Haqqı var dağların bizdən küsməyə.

 

Hər gecə yuxuda səsləsəkdə biz,

Qərib duyğularla süsləsəkdə biz,

Nisgili sevgiylə bəsləsəkdə biz.

Haqqı var dağların bizdən küsməyə.

 

Şair “Uşaqlığım ötən yerlər” şeirində poetik düşüncələri ilə xəyal dünyasında dağların əzəmətini, uşaqlıq və gənclik illərində yaşadığı Dərələyəz mahalının dağlarının gözəllikləri fonunda özünün poetik hiss və duyğularını  ümumiləşdirməklə vahid müstəviyə gətirir. O, qəlbində xatirəyə çevrilmiş uşaqlıq illərinin həsrət və nisgil dolu günlərini oxucu qəlbini kövrəldən misralarla belə ifadə edir:

Uşaqlıq çağımın ötdüyü yerlər,

Bir də qoynunuza gələm… gəlməyəm…

Sarılıb boynuna doğma balan tək,

Sevincdən bayılıb güləm… gülməyəm…

 

O dağlar, dərələr, oylağım olub,

O Söyüdbulağım qaynağım olub.

Həsrətin köksümdə çırağım olub,

Axan göz yaşımı siləm… silməyəm…

 

Şair Vətən məhəbbətindən doğan bu şeirində Vətən gözəlliklərini bir az da müqəddəsləşdirir. Ona görə gözəlliklərin poetik pafosla təsviri, oxucuda yaratdığı emosional təsiri, misraların gücünü daha da həssaslaşdırır. Şairin şeirlərində işlətdiyi ifadələr sanki oxucunun da ruhuna rahatlıq gətirir.

A qırçın qayalar, ay uca dağlar,

Sizsiniz əzəmət vüqarım mənim.

Əzəldən hüsnünə vurğun kəsildim,

Olmadı, bil, səbri qərarım mənim.

 

Ələsgər Talıboğlu Vətənpərvər şairdir. Onun yaradıcılığında ən çox sevilən cəhət də elə budur. Çünki kimliyindən asılı olmayaraq bu gün hər bir insan üçün vacib insani keyfiyyətlərdən biri vətənpərvərlikdir. Məhz buna görə də şairin poeziyası hər bir oxucu tərəfindən sevilir, həmişəyaşarlıq adını qazanır.  Mən də bir oxucu kimi şairin kitablarını vərəqlədikcə orada ürək yanğısı ilə yazılan Vətən sevdalı şeirləri oxuduqca bir daha “Sən əsil Vətənçi şairsən”, – deyirəm, Ələsgər Talıboğlu.

 

Vaqif Ağalarov, Naxçıvan Televiziyasının baş redaktoru