Bu uğurlar bizi arxayın salmayacaq

157

Hər bir ölkəninin inkişafı onun dünyada  rəqabət qabiliyyətini müəyyən edən insan potensialının  hərtərəfli hazırlığından, intellektual səviyyəsindən asılıdır. Gənçlik şəhəri olan Mingəçevir  hələ sovetlər məkanında olanda da təhsildə uğur əldə edirdi və  bu gün öz əhəmiyyətini yenə də qoruyub saxlayır. Bu gün Mingəçevir sabaha inamla addımlayır və onun sabaha gedən yolu təhsiindən keçir desək, yanımarıq. Mingəçevir təhsilində əldə olunan uğurlar  şagirdlərlə yanaşı, müəllimləri də sevindirir.  Bu günlərdə daha  bir  uğura  imza atan, şəhid İ.Kişiyev adına 17 sayl tam orta  məktəbin  yeni təyin olunmuş gənc  direktoru  Ceyhun  Atayevlə  bu barədə   görüşüb təəssüratlarını aldıq və  onların əldə etdikləri uğura  birgə sevindik. Qeyd edək ki, məktəb   uzun illərdir   təmirsiz və şəraitsiz vəziyyətdə olsa da  xüsusi istedada malik uşaqları  zaman-zaman üzə çıxarmağa bacarıb. Belə  şagirdlərdən biri də məktəbin 7-ci sinif şagirdi  Atayeva  Fidan Polad qızıdır. Fidan Respublika fənn müsabiqəsinin final mərhələsinin Mingəçevir  şəhəri üzrə 78 şagird arasından  yeganə qalibidir. O, biologiya fənnindən Respublika üzrə 3-cü yerə layiq görülüb.

“Müəllim üçün  şagirdin uğurları ən böyük mükafatdır”, – deyən direktor  bildirdi ki, insan öz işindən iki dəfə zövq alır. Bir həmin işi görən zaman, bir də o iş dəyərlənəndə: ”Mən bu məktəbdə şagirdlərə tarix fənnini tədris edirdim. Ötən il 46 balla direktorların  işə qəbulu müsabiqəsində iştirak edib nazirimiz  Emin Əmrullayevin  əmri ilə bu məktəbə direktor təyin olunmuşam. Şagirdlərin uğurları bizləri çox sevindirir. Məktəb böyük bir müəssisədir. Bu müəssisədə övladlarımıza  təhsil verilir, onların gələcəkdə həyat uğurları əldə etmələri  üçün böyük bir müəlimlər ordusu əmək sərf edir. Bu işdə fədakar müəllimlərimizə nə qədər dəstək olmağa çalışsaq  da yenə bütün zəhmət onların üzərindədir. Yeri gəlmişkən qeyd edim ki, belə müəllimlərdən biri də gənc biologiya  müəliməmiz  Günay xanım Kərimovadır. Günay müəllimənin timsalında onu demək istərdim ki, müəllimlərimiz üzərinə düşən vəzifənin öhdəsindən gəlirlər. Məktəbimizdə 540 şagirdin təlim-tərbiyəsi ilə 55 müəllim məşğul olur. Onu da demək yerinə düşərdi ki, 11-ci siniflərdə keçirilən buraxılış imtahanlarındada müsbət nəticələr əldə edilib. Belə ki, məktəbimizin  6 şagirdi  mümkün 300 baldan  220-dən yuxarı bal toplayıblar. Onlardan 2 nəfəri 270 baldan yuxarı bal toplayıb. Bundan başqa şagirdlərimiz müxtəlif müsabiqələrdə  də  fəal iştirak ediblər”.

Qalib olan şagird Fidan bizimlə söhbətində bildirdi ki, bu müsabiqədə qalib oldum: “Buna görə mənə bu fənni sevdirən  biologiya müəlliməm Günay müəlliməyə təşəkür edirəm”.

Biologiya Günay Kərimova  deyir ki, sinifimdə əla qiymətlərlə oxuyan şagirdlər çoxdur: ”Fidan isə həmin şagirdlərin içərisindən xüsusi istedadı ilə, təmkini və məntiqi  bacarığı ilə seçilir. Mən  bir müəllim olaraq  Fidanın uğur qazanacağına inanırdım. İnanıram ki, gələcəkdə Fidan daha ön sıralarda olacaqdır. Bu uğurlar bizi arxayın salmayacaq və  bundan  sonra da məsuliyyətimiz daha da  artacaq”.

Esmira  Hidayətova, Mingəçevir