“Bu təsbehi çevirib başa çıxmağa hələ heç kim cəhd etməyib”

487

Tovuz rayon sakini Qəzənfər Nəcəfov qeyri-adi hobbisi var. O, son 7 il ərzində topladığı təsbehlərin muncuqlarını bir sap üzərinə düzərək 10,3 metr uzunluğunda təsbeh hazırlayıb. Müxtəlif rəngli, ölçülü, muncuqlardan ibarət bu təsbehin düzəldilməsində o, 2 min muncuqdan istifadə edib. Qəzənfər kişinin sözlərinə görə o, bu əl işini iki ilə yaxın vaxta hazırlayıb.

60 yaşlı Tovuz sakini qeyri-adi hobbisi haqda  bizə danışdı: “1980-ci ildən daim cibimdə təsbeh olub. Təsbeh tez tez yaddan çıxan, əldən-ələ düşən olduğundan tez itən əşyadır. Bu səbəbdən cibimdə həmişə iki, ya üç təsbeh gəzdirmişəm. Sonradan başladım cürbəcür təsbehləri yığmağa. Harada xoşuma gələn, cəlbedici muncuqları olan təsbeh görürdümsə, qiyməti neçə olur olsun alırdım. Dostlarım da bu marağımı görüb hara gedirdilərsə, mənə təsbeh alıb hədiyyə edirdilər”.

5 il ərzində 100-ə yaxın müxtəlif ölçülü, rəngli təsbehləri yığan Qəzənfər kişi günlərin birində onların hamısını bir sapa düzməyi qərar verib. Onun təsbehində kəhraba, ebonit, tekstalit, forfor və digər materiallardan olan 2 min muncuq var. Bu təsbehi çevirib başa çıxmağa hələ heç kim cəhd etməyib. Hər birini rənglərinə, böyüklüyünə görə uyğunlaşdıran sənətkar bu işin göründüyü qədər də asan olmadığından deyir: “Bu işə başlayanda çay içmək, yemək yeməkdə yadımdan çıxırdı. Əvvəllər hamı etinasız yanaşırdılar bu həvəsimə. Sonralar gördülər, mən bununla yaşayıram, bununla nəfəs alıram başladılar evdəkilər də kömək eləməyə. Elə olub bir neçə metr düzəndən sonra görmüşəm ki, ortada bir muncuq qarşı tərəflə düz gəlmir. Ərinməmişəm. Onu söküb yenidən yığmIşam. İndi dayanıb buna baxdıqca da rahatlanıram, dincəlirəm”.

Uzun illər qaynaqçı işləyən həmsöhbətim ehtiyatsızlıq səbəbindən gözünün birini vaxtsız itirib. Sonradan ikinci gözü də zəiflədiyindən bir müddət öncə əməliyyat olunub. Bu səbəbdən istəyinə ara verməli olduğunu bildirdi: “Ürəyimdən keçir ki bu təsbehi daha da artırım, uzadım, amma gözüm imkan vermir hələ. Həkim də bu  kimi işlərə hələlik icazə vermir.  Buna görə hələ işə başlaya bilməyə bilmirəm. Bundan başqa uzunluğu 2,7 metrə çatan xırda muncuqlarla daha bir təsbeh də hazırlamışam. Gözüm sağaldıqdan sonra onu da uzatmaq fikrim var”.

Qəznfər kişi nə olur olsun bu əl işini heç vaxt satmayacağını dedi: “Mən buna tək vaxtımı yox, ömrümü sərf etmişəm. İndi sanki təsbehlə nəfəs alıram. Bunu satsam yaşaya bilmərəm”.

Esmira Hidayətova, Tovuz, Mingəçevir