Bu təlim Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlara hesablanıb

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək.

Ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, məlumata əsasən, müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq:
“Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətinə diqqət  yönəldiləcək.”

Bunun 44 günlük Vətən müharibəsindən sonra ilk irimiqyaslı təlimlər olduğunu vurğulayan müsahibimizin fikrincə, əsas məqsəd ordumuzun döyüş qabiliyyətini müharibədə qazanılmış təcrübə də nəzərə alınmaqla daha da gücləndirmək, həm də  təkmilləşdirməkdir: “Şübhəsiz, bu da Ali Baş Komandanımızın müharibədən sonrakı hərbi-siyasi göstərişlərinə tam cavab verir. Onu da deyim ki, bu  təlimlərdə qarşıya qoyulan vəzifələr çox mühümdür. Belə ki, ordumuzun müharibədən əvvəl həyata keçirdiyi təlimlər erməni vəhşilərinin zəbt etdikləri ərazilərimizin işğaldan azad edilməsinə xidmət edirdi. Müharibədən sonra həyata keçirilən bu təlim isə Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlara hesablanıb. Daha doğrusu, mövcud vəziyyətə nəzarəti gücləndirməkdir. Şübhəsiz, hərbi təlimlər silahlanmaya yeni qəbul edilmiş hərbi texnikanın sınaqlarını da əhatə edəcək. Bir məsələni də vurğulamaq istərdim. Artıq sirr deyil ki, işğaldan azad edilmiş bəzi ərazilərimizdə hansısa diversiya-terror əməllərinə baş vurmaq istəyirlər. Digər tərəfdən, Ermənistanda məğlubiyyətlə razılaşa bilməyən işğal və terror xislətli dairələr ölkənin imza atdığı kapitulyasiyaya qarşı çıxır,  Azərbaycanı növbəti təxribatlarla, müharibə ilə hədələməyə çalışırlar. Şübhəsiz, onların belə açıqlamaları, belə niyyətləri mənasızdır. Çünki   Vətən müharibəsində ordusu tar-mar edilən, hazırda böhran içində boğulan bir ölkənin “siyasilər”inin revanş fikrinə düşmələri xam xəyaldan başqa bir şey deyil. Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bir daha bu məsələyə toxunaraq bildirmişdir ki, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır: “Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək.” Bununla da Ali Baş Komandanımız Ermənistanda revanşizm fikrinə düşənlərə bir daha  öz açıq mesajlarını vermişdir. Bu mənada sözügedən təlimlərdə terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və antiterror əməliyyatları üzrə tapşırıqlara üstünlük veriləcəyi təqdirəlayiqdir. Bu da o anlama gəlir ki, dünyanın ən güclü 50 ordusundan biri sayılan ordumuz postmüharibə dövründə ehtimal olunan hərbi təhdidlərə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində cavab verməyə hazırlaşır.”

Qeyd edək ki, təlimlər martın 18-dək davam edəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”