“Bu Sərəncam dilimizin saflığının qorunması isütiqamətində yeni perspektivlərə yol açır”

514

Mingəçevir Turizm Kollecində “Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması” adlı konfrans keçirilib. Mingəçevir Turizm Kollecində təşkil olunan konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Sərəncamından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuşdu.

Öncə konfrans iştirakçıları Azərbaycan dilinin gözəlliklərinə həsr olunmuş sərgiyə baxış keçirib. Eyni zamanda sərgi iştirakçılarına monitor vasitəsi ilə videoçarx nümayiş olunub.

Konfrans Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun açılış nitqi ilə öz işinə başlayıb. Tarixi minilliklərə söykənən Azərbaycan dili haqqında  ətraflı söhbət açan professor Əyyub Əyyubov  dilimizin keçdiyi şərəfli tarixi mərhələlər barədə danışıb. Folklar, əfsanə və rəvayətlərimizin formalaşmasında dilin müstəsna rolu olduğunu qeyd edib: “İndi bu dil vasitəsilə tariximizi və əski dəyərlərimizi asanlıqla öyrənib, tədqiq etmək olar. Bilirsinizmi, müdriklər dili olmayan toplu millət sayıla bilməz söyləyib. Bu mənada hər zaman qürurla ifadə edə bilərik ki, bizim zəngin qramatik quruluşu olan doğma ana dilimiz var. Hətta bir vaxtlar görkəmli avropalı və şərqli yazarlar, səyahətçı və tarixçilər dilimizin diplomatiya dili, xalqlar arasında vacib ünsiyyət vasitəsi olduğunu qeyd ediblər. Etiraf etməliyik ki, hazırda Azərbaycan dili ən möhtəşəm dönəmini yaşayaır. Çünki artıq böyük bir xalqın və müstəqil dövlətin rəsmi Dövlət Dili statusunu daşıyır. Bu zirvəyə çatmaq asanmı oldu, əlbəttə ki, yox. Xalqımız, ədiblərimiz, görkəmli dövlət xadimlərimiz dilimizin bu məqamlara yetişməsi naminə əsl mübarizə yolu keçib. Xüsusilə də ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətinin hər iki dönəmində bu məsələni məslək, əqidə səviyyəsinə yüksəldib. Məhz o dahi şəxsiyyətin xidmətləri sayəsində öncə keçmiş Sovetlər İttifaqı dönəmində Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasıında, daha sonra isə Müstəqil Azərbaycan Respublikası dönəmində milli Konstitusiyaya Azərbaycan dili dövlət dili statusu ilə daxil edilib. Biz keçilən yolu daim dərindən öyrənib, tədqiq etməli və dilimizin saflığını və şöhrətini qorumaq və irəlilərə daşımaq üçün bütün  imkanlarımızdan yararlanmağa çalışmalıyıq. Bu mənada hesab edirəm ki, cənab  prezident İlham Əliyevin imzaladığı Sərəncam zamanında imzalanmış vacib bir sənəd olması etibarı ilə Azərbaycan dilinin işləkliyinin genişləndirilməsi və saflığının qorunması isütiqamətində yeni perspektivlərə yol açır”.

 

Daha sonra Azərbayacan dilinin tarixi inkişaf mərhələrinə həsr olunmuş videoçarxa baxış keçirilib. Ardınca  konfransın digər məzmunlu məruzələri dinlənilib. Pedaqoqlar Kifayət Əliyeva, Elnarə İsmayılova və Aybəniz Əliyeva müvafiq olaraq  “Gəlin Azərbaycan dilinin saflığını qoruyaq”,  “Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafı  ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır” və “Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dilidir” mövzularında çıxışlar edib. Hər bir natiq dilin önəmli üstünlüklərinə, saflığına və perspektivlərinə çıxışında xüsusi yer ayırıb.

Müzakirələri dəyərləndirən professor Əyyub Əyyubov bu gün prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında Azərbayacan dilinin saflığının qorunması  və inkişaf etdirilməsi istiqamətində  həyata keçirilən  çoxsaylı tədbirlərdən, imzalanan Sərəcamlardan  ətraflı söhbət açıb.

Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdirilib. Istedadlı tələbələrin ifasında təqdim olunan poeziya və musiqi parçalarında Azərbaycan dilinin üstünlükləri  yüksək səviyyədə tərənnüm olunub. Kompozisiya alqışlarla müşayət edilib.

Esmira Hidayətova, Mingəçevir.