Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir

0
29

Sentyabrın 27-dən başlanan Vətən müharibəsini qələbə ilə başa vuran müzəffər Azərbaycan Ordusu işğal altında olan müqəddəs dədə-baba torpaqlarımızı böyük sevgi və qəhrəmanlıqla azad etdi və döyüş meydanında nəyə qadir olduğunu düşmənə bir daha göstərdi. Bununla da 30 il həsrətində olduğumuz qələbə sevincini bizə yaşadan ordumuz çoxəsrlik tariximizin ən şanlı, həm də olduqca möhtəşəm səhifəsini yazdı.

Hər çıxışında, müsahibəsində ordumuzun qüdrətini, gücünü vurğulayan Prezident, Ali Baş Komandan İlham Əliyev “Təki Vətən sağ olsun” deyərək döyüşlərə atılan əsgər və zabitlərimizin şücaətindən söz açır, onların fədakarlıqlarını yüksək dəyərləndirir. Noyabrın 11-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə də ənənəsinə sadiq qalaraq, bu parlaq qələbə münasibətilə əsgər və zabitlərimizə təşəkkürünü bildirdi. Üstəlik, vurğuladı ki, əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı.

II qrup Qarabağ qazisi, ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev mövzu ilə bağlı “İki sahil” qəzetinə  açıqlamasında bildirdi ki, bu qələbə, hər şeydən əvvəl, Ali Baş Komandanımız cənab İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın gücünün, birliyinin və vəhdətinin çox parlaq bir nümunəsidir: “Şübhəsiz, 44 gün davam edən müharibənin taleyini müəyyənləşdirən döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən və dünyanın ən güclü 50 ordusundan birində xidmət edən Azərbaycan əsgəri və zabitləri oldular.  Hospitala hərbçilərə hörmətini ifadə etmək üçün gəldiyini bildirən Prezident İlham Əliyev öz çıxışında çox haqlı olaraq qeyd etdi ki,  bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir. Bəli, hər bir yaşayış məntəqəsinin azadlığı qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsidir. Çünki əsgər, gizir və zabitlərimiz bu savaşda Prezident, Ali Baş Komandan İlham Əliyevin yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradəsi nəticəsində  mümkünsüzü mümkünə çevirmək qüdrətini nümayiş etdirdilər. Belə əsgər və zabitlərimiz isə hər cür diqqət və qayğıya layiqdirlər. Odur ki, Ali Baş Komandanımız İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə  fərqlənmiş hərbçilərin və mülki şəxslərin yeni təsis olunacaq orden və medallarla təltif ediləcəklərini bildirməklə yanaşı, şəhid ailələrinin, eləcə də yaralıların dövlət nəzarətində olacaqlarını bildirdi. Fikrimcə, müharibə zəfərlə başa çatandan sonra Ali Baş Komandanımızın ilk növbədə yaralı hərbçilərimizlə görüşməsi də onlara yüksək hörmət və ehtiramın, qayğının nümunəsidir. Yeri gəlmişkən onu da qeyd edim ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri və müharibə əlilləri üçün yeni sosial dəstək tədbirləri də hazırlanır”

Müsahibimiz, həmçinin vurğuladı ki, yüksək mənəvi-psixoloji keyfiyyətlər nümayiş etdirən Azərbaycan Ordusu – əsgər və zabitlərimiz, həqiqətən də bu haqq savaşında düşmənə qan uddurdular: “Hətta mən deyərdim ki, müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusu düşmən ordusuna, sözün həqiqi mənasında, dərs keçdi. Elə bir dərs ki, bu, heç vaxt onların yaddaşından silinməyəcək. Elə bir dərs ki, bu, zənnimcə, dünya hərb aləmində də öz layiqli yerini alacaq. Yeri gəlmişkən, onu da qeyd edim ki, Azərbaycan Ordusunun Böyük Qələbə salnaməsi yazması dünyanın tanınmış hərbçiləri tərəfindən də diqqətlə izlənilirdi. Axı çətin, mürəkkəb relyefə malik Şuşanın ermənilərdən təmizlənməsinə və bununla da Vətən müharibəsinin taleyini həll edən savaşa hansı hərbçi biganə qala bilərdi? Həmin görüşdə Prezident İlham Əliyev də bildirdi ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.  Bu da  Azərbaycan Ordu­sunun yüksək peşəkarlıqla həyata keçirdiyi işğaldan azadetmə əməliyyatının dünya üzrə müharibələrin aparılması doktrinasında müəyyən dəyişikliklərə səbəb olacağından xəbər verir. Buradan həm də belə qənaətə gəlmək olar ki, işğalçı ölkəni rəzil günə qoyan Azərbaycan Ordusu həm də dünyanın hərb aləmində yeni səhifələr yazdı.

Yeri gəlmişkən, Aprel döyüşlərinin iştirakçısı kimi öz adımdan və döyüşçü yoldaşlarım adından tarixə qızıl hərflərlə həkk olunacaq bu bö­yük və tarixi Qələbəmiz münasibətilə Ali Baş Komandanımızı, xalqımızı, eləcə də müzəffər və şanlı ordumuzun bütün heyətini təbrik edirəm.”