“Bu qədər fəaliyyət göstərən kurslara lisenziya verilibmi?”

1117

Metrolarda, binaların divarlarında, avtobuslarda, dayanacaqlarında müxtəlif hazırlıq kursları elanları ilə doludur. Bir çox valideyn, məktəbli həmin elanlara, reklamlara inanıb, sözügedən kurslara müraciət edirlər. Həmin kursların nə dərəcədə keyfiyyətli olması, verdikləri təhsil barəsində isə çox az adam düşünür. Ancaq bir çox hallarda insanlar kurs adı altında fəaliyyət göstərən dələduzların qurbanına çevrilirlər. Hətta bəzən həmin kurslar tərəfindən verilən sertifikat və ya onların vasitəsilə tələbələrin xaricdə daxil olduğu universitetlərin diplomu heç bir yerdə tanınmır.
“Mənim özüm üçün maraqlıdır, görən bu qədər fəaliyyət göstərən kurslara lisenziya verilibmi?”
“İlk növbədə öyrənmək lazımdır ki, o kursların lisenziyaları varmı? Yağışdan sonra göbələk necə çıxırsa, Azərbaycanda da bu dəqiqə elə mühit yaranıb, bir- iki nəfər birləşib müxtəlif adlarla kurslar açırlar”. Bu sözləri təhsil üzrə ekspert Əjdər Ağayev “Yeni Avaz “ qəzetinə açıqlamasında dedi. Ə.Ağayevin sözlərinə görə, bu tip kurslar daha çox qazanc əldə etmək üçün açılır: “Mənim özüm üçün maraqlıdır, görən bu qədər fəaliyyət göstərən kurslara lisenziya verilibmi? Düşünürəm ki, Təhsil Nazirliyi tərəfindən bu lisenziyalar verilməlidir və Təhsil Nazirliyi ölkənin təhsil siyasətini həyata keçirən təşkilat, orqan kimi ölkənin təhsil sistemini tənzimləməlidir. Burada peşəkarlığa, məqsədyönlüyə fikir verilməlidir. Sadəcə kursların çoxluğundan, hər kəsin bu işi aça bilməyinin asanlaşmasından irəli gələn hal kimi də adlandıra bilərik. Bunu da bilmək lazımdır ki, hər təhsilli şəxs yaxşı pedeqoq ola bilməz. Əgər bir universitet müəllimi sinifə girib dərs deyirsə, o demək deyil ki, o, pedeqoqdur. Deyim ki, o, pedeqoq yox, mühazirəçidir. İxtisası üzrə işləməyən müəllimlərin tələbələri yetişdirməsində də problem olur. Əgər müəllimin özü zəifdirsə onun tələbələrindən böyük nailiyyət gözləməyə dəyməz”.
“Xaricə tələbə göndərən şirkətləri pul maraqlandırır”
Ekspert bir çox tələbənin xarici universitetlərə qəbulu məsələsinə də toxundu: “Kurslar xarici univeristetlərdən ən çox Ukrayna, qardaş Türkiyə, Almaniya və s . ölkələrin universitetlərinə tələbələr yönəldirlər. Onları əsas pul maraqlandırır. Tələbələr yaxşı təhsil alacağmı, vətən üçün layiqli vətəndaş yetişəcəkmi? Bax bu barədə düşünən təhsil ocağı demək olar ki, yoxdur. Hətta onun aldığı diplom Azərbaycana qayıtdıqdan sonra tanınacaqmı, tanınmayacaqmı? Onları bu suallar maraqlandırmır. Belə qarma-qarışıqlıq, sistemsizlik yaranır. Qabaqlar təhsilə xalq təhsili deyərdilər. İndiki dövrdə xalq ənənələrini nəzərə almadan, təcrübəsi olmayan, hüquqi sənədlər əsasında bu və ya digər təlimatlar əsasında cavan-cavan uşaqlar belə mərkəzlərdə dərs deyir. Pedeqoji iş belədir ki, ən azı 8-10 il təcrübəsi olmayan müəllim lazımi qaydada işin məsuliyyətini qavraya bilməz. Belə gənclər şablonları əzbərliyirlər, tapmaca tapmağa alışmış gənclərdir. Bununla da vətəndaş mövqeyi göstərmək mümkün deyil”.
“Gənclərin çoxu xaricə gedir oradan da terrorist qruplarına qoşulur”
Ə. Ağayev bəzi şirkətlər tərəfindən xaricdə təhsil almaq üçün göndərilən tələbələrin əksəriyyətinin həyatının təhlükə altına atıldığını bildirdi: “Görürsünüz ki, gənclərin çoxu xaricə gedir oradan da terrorist qruplarına qoşulur. Bu məsələ ciddi olaraq hökumət tərəfindən nəzarətə alınmalıdır. Layiq olanlara icazə verilməlidir. Lisenziyasız fəaliyyət göstərən kursların qarşısı alınmalıdır!”
Xarici universitetlərə tələbə göndərən bəzi hazırlıq kursların bu işi neçəyə gördüklərini öyrəndik
“Universal Education” təhsil mərkəzi: Mərkəzin internet səhifəsində Türkiyə Respublikasında təhsil almaq istəyən tələbələr üçün təhsil haqqı təqribən 300 – 15000 avro civarında olduğu göstərilir.
Bundan əlavə “Universal Education” təhsil mərkəzi tələbələri aşağıdakı Ukrayna univeristetlərinə də oxumağa göndərir:
– Kiyev Politexnik İnstitutu
– Milli Aviasiya Universiteti
– Xarkov Dövlət Tibb Universiteti
– Taras Şevçenko adına Kiyev Dövlət Universiteti
– Lvov Politexnik Universiteti
– Kiyev Dövlət Ticaret Ve İqtisadiyyat Universiteti
– Kiyev Dövlət İqtisad Universiteti
– Lvov Universiteti
– İvan- Frankov adına Dövlət Neft və Qaz Universiteti
– Dövlət Bioresurs və Təbiət Elmləri Universiteti
– Krok Universiteti
– Xarkov Dövlət Universiteti və s.
Təhsil haqqı isə ayrı-ayrı ixtisaslar üzrə müxtəlifdir:
– Tibb 3800-4400 dollar
– Mühəndislik: 1500-3800 dollar
– İqtisadiyyat: 1500-4000 dollar
– Rus-Ukrayna dili hazırlıq: 1000-2000 dollar
Bu univeristetlərdə oxumaq istəyən tələbələr təqribən bu qədər təhsil haqqı ödəməli olurlar.
“Kaspi xaricdə təhsil” mərkəzindən isə bildirilər ki, şirkət Ukraynaya təhsil üçün tələbə göndərmir. Türkiyədə isə dövlət universitetlərində illik təhsil haqqı 400-800 dollar civarındadır.
“Azeristudent.az”dan xaricdə təhsil almaq istəyənlər üçün ixtisaslara uyğun 10000-30000 dollar arası məbləğ ödəməli olduqları bildirilir.
Gəncliyin elmi-mədəni inkişafı təşkilatının (GEMİ) tələbələri yönləndirdiyi xarici universitetlərdə təhsil haqqı 200-300 dollardan başlayır. Təşkilatdan verilən məlumata əsasən, əlavə xidmət haqqı 1000 dollardır. Bəzi fakultələrdə isə bu rəqəm dəyişir.
Ruzbeh Məmməd