Bu ölkələrdə evlənmək istəyən bazara gedir

603

Bir çox ölkələrdə televiziya kanallarında evlilik proqramları təşkil olunur. Subay, dul kişi və qadınlar bu verilişlərin vasitəsilə xoşbəxt ailə qurmağa çalışırlar. Bəzi ölkələrdə isə sözügedən verilişlərin funksiyalarını evlilik yarmarkaları yerinə yetirir. Belə ki, Çində həftəsonları parklar “evlilik bazarları”na çevrilir. Parkın çəpərlərinə, ağaclarına evlilik elanları asılır. Bu elanlarda evlənmək istəyən şəxsin boyu, çəkisi, gəliri və telefon nömrəsi qeyd olunur. Parkda jurnalistlərə müsahibə verən Liu adlı çinli bir qadın bacısı oğlu üçün qız axtardığını deyib: “Bizim övladlarımız günlərinin böyük bir hissəsini işdə keçirirlər. Kiminləsə tanış olmaq üçün vaxtları olmur. Bu səbəbdən onların qismətini tapmaq üçün biz, valideynlər axtarışa çıxırıq. Oğluma buradan film ulduzuna bənzər bir xanım almışam. İndi də bacım oğlu üçün gəlmişəm”.

Bolqarıstanın Mogila qəsəbəsində də hər il evlilik yarmarkaları keçirilir. Əsasən qaraçıların yaşadığı qəsəbədə ənənəvi olaraq bu il də “gəlin bazarı” təşkil olunub. Buraya gələn ailələr qızlarını mal kimi avtomobilin və ya kiçik səhnəciklərin üzərində nümayişə çıxarırlar. Həyat yoldaşı axtarışında olan oğlanlar isə “bazar”a cibi dolu gəlməlidirlər. Belə ki, bəyəndiyi qızla evlənmək istəyənlər onun ailəsinin tələb etdiyi minlərlə avro məbləği ödəməyə hazır olmalıdırlar.