“Bu, Naxçıvanla Bakı arasında dəmir yolu əlaqəsinin yaradılması deməkdir”

513

Qars-Gümrü-Naxçıvan dəmir yolu layihəsi üzərində əsas işlər Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra başlayacaq.
Bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov AzərTAc-a müsahibəsində deyib.
QSC sədri qeyd edib ki, bu, strateji əhəmiyyətli layihə olaraq, Naxçıvan ilə Bakı arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması deməkdir. Azərbaycan hökuməti Qars-Naxçıvan dəmir yolunun inşası ilə bağlı layihənin hazırlanması barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə müvafiq tapşırıq verib. Bununla əlaqədar olaraq, Nəqliyyat Nazirliyi nümayəndələrinin iştirakı ilə xüsusi komissiya yaradılıb.
A.Əsgərov layihə ilə bağlı bildirib ki, Qarsdan Türkiyə-Azərbaycan sərhədinədək olan təqribən 230 kilometr məsafədə yeni dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur. Həmçinin yolun Naxçıvan hissəsində də təqribən 10 kilometrə yaxın dəmir yolu xətti tikilməlidir. Bu, mövcud dəmir yolu xəttini Sədərəyə qədər uzatmağa imkan verəcək. Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasının dəmir yol sistemi də yenidən qurulacaq.