“Bu mövsüm cəmiyyətə səs salan tamaşa olmadı”

1174

144-cü teatr mövsümü başa çatmaq üzrədir. Bu mövsüm teatrlar yaddaşlara necə həkk olunacaq? Bununla bağlı bir neçə sualla Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarova müraciət etdik.

– Vidadi müəllim, 144-cü teatr mövsümünü necə dəyərləndirərdiniz?

– Builki teatr mövsümü sentyabrda Şəkidə Beynəlxalq Teatr Festivalı, noyabrda IV Bakı Beynəlxalq Teatr Konfransı kimi miqyaslı tədbirlərlə başlasa da, sonra nisbətən sakit tərzdə davam etdi. Cari repertuara nəzər salsaq görərik ki, premyeralar əsasən teatr mövsümünün ikinci yarısına düşür. Məsələn, Dövlət Akademik Milli Dram Teatrında dekabrın sonuna kimi yalnız bir tamaşanın – Firudin Məhərrəmovun quruluşunda Hüseynbala Mirələmovun “Vəsiyyət” qara komediyasının premyerası oldu. Teatrın bədii rəhbəri və direktoru Azərpaşa Nemətin quruluş verdiyi “Almaz” tamaşasının premyerası yanvar ayında baş tutdu. Ana teatr bu il həmçinin uşaqlar üçün də iki tamaşa – “Buzlar ölkəsi” (məllif A. Sadıqov, rejissor Ə. Cahangirli) və “Çippolino” (müəllif C. Rodari, rejissor Ə. Cahangirli) hazırlayıb təqdim etdi. Bu mövsümün sonuncu premyerası iyunun 11-də oynanılan A. Nemətin quruluşunda hazırlanmış Elçinin “Cəhənnəm sakinləri” pyesinin tamaşası oldu.

Gənc Tamaşaçılar Teatrının yeni tamaşaları da 2017-ci ilin payına düşdü. Teatr mart ayında Əli Əmirlinin “Ünvansız qatar” (rejissor B.Osmanov), apreldə Y. Abramov və L. Bəyimin “Yarımçıq qalmış” (rejissor V.Əsədov) əsərləri ilə tamaşaçıların qarşısına çıxdı. Hər iki tamaşanın Qarabağ mövzusunda olduğunu nəzərə alsaq, bunu teatrın repertuar siyasətinin göstəricisi kimi də qəbul edə bilərik. Teatr uşaqlar üçün “Məlikməmməd” tamaşasını da hazırladı.

Dövlət Musiqili Teatrında bir neçə premyera baş tutsa da, ən çox yadda qalan İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında İradə Gözəlovanın hazırladığı və xalq artisti Şükufə Yusupovanın baş rolda çıxış etdiyi eyniadlı tamaşa oldu.

Rus Dram Teatrının “Sanset bulvarı” (V.Denisov, rejissor İ.Safat) tamaşası da mənim yadımda qaldı. Amma mövzunun aktuallaşdırıla bilməməsi və ümumiyyətlə, zəif bəddi həlli səbəbindən uğursuz tamaşa kimi.

Yuğ Dövlət Teatrı mövsümün sonuna yaxın iki premyera oynadı. Səidə Haqverdiyevanın əsəri əsasında rejissor Günay Səttarın qururluş verdiyi “Metamorfoza” və Kamal Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında teatrın baş rejissoru Gümrah Ömərin quruluş verdiyi “Səsini unutma” tamaşaları maraqla qarşılandı.

Dövlət Pantomim Teatrı “Underqraund” və “Qoca və mələk” tamaşasının premyerası ilə mövsümün sonuna gəldi.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının bir neçə gün öncə premyerası baş tutan, görkəmli əfqan yazıçısı Xalid Hüseyninin bestselleri əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” adlı ikihissəli dramı (quruluşçu rejissor E. Morzəyev) da mövsümün maraqlı tamaşalarından oldu.

– Sizcə, bu mövsüm cəmiyyətə səs salan tamaşa oldumu?

– Təəssüf ki, mövsüm ərzində prosesə, ictimai fikrə ciddi təsir göstərən, cəmiyyətə səs salan tamaşa olmadı.

Düzdür, Dövlət Musiqili Teatrı, Kukla Teatrı, xüsusən də Gənc Tamaşaçılar Teatrı, bölgə teatrlarından Lənkəran, Şəki teatrları bir sıra xarici festival və qastrollarda uğurla iştirak etdilər. Lakin yenə də təəssüf ki, Akademik Milli Dram Teatrı heç bir xarici səfər reallaşdırmadı. Və heç bir rayon teatrını, ya maddiyyat üzündən, ya da layiqli tamaşası olmadığı üçün Bakıda qastrol səfərində görmədik.

– Bu mövsüm teatrlarımızda daha nələr diqqətinizi cəlb etdi?

– Repertuarda “Yarımçıq qalmış” (Y.Abramov və L.Bəyim) və “Metamorfoza”( S.Haqverdiyeva) tamaşalarını çıxmaq şərti ilə yeni imzalara rast gəlmədik. Amma cari teatr mövsümündə məni sevindirən iki məqam oldu. Birincisi, Pərviz Məmmədrzayevin bədii rəhbəri olduğu “Human” Teatrı yarandı və “Üçüncü” (S.Mrojek) tamaşası ilə teatr icmasına qoşuldu. “Rebus” Teatrı “Hamlet-X” (U.Şekspir) tamaşasını, “Əsa” Teatrı “Yuxum” (U. Şekspir) əsərini təqdim etməklə teatr prosesini canlandırdı. Buraya “M-Teatr”ın, ADO-nun fəaliyyətini də əlavə etsək, ölkəmizdə özəl teatr sektorunun artıq öz payının meydana gəldiyinə sevinə bilərik.

Məni sevindirən başqa bir məqam isə iki istedadlı gənc rejissorun, həm də hələ tələbə olan gənclərin öz maraqlı tamaşaları ilə bizə böyük və ciddi ümid vermələri oldu. Onlardan biri, Emil Bakuvi – Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində F. Dostoyevskinin “Balaca” povesti əsasında quruluş verdiyi “Aciz” tamaşası ilə bunu bəyan etdi. Başqa bir istedadlı gənc – Asiman Ağa Rövşən isə öz sözünü Rövşən Ağayevin pyesi əsasında qurduğu “Sonluğun sonu” tamaşası ilə dedi. Onun Teatr Xadimləri İttifaqının “Zəfər” yaradıcılıq studiyasında hazırladığı, ittifaqın Mustafa Mərdanov adına kiçik səhnəsində aktrisa Güşvər Şərifovanın ifasında nümayiş olunan monotamaşası mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirildi. Yeri gəlmişkən, Güşvər Şərifovanın həmin tamaşadakı yüksək səviyyəli oyunu da xüsusi qeyd edildi. Beləliklə, mən qeyd etdiyim sonuncu iki məqama görə mövsümü nikbin başa vururam. Əgər umidverici gənclərimiz varsa, deməli, gələcəyimiz də var.

Qvami Məhəbbətoğlu