“Bu məhkəmələrə, banka gedib-gəlməkdən ürək xəstəsi oldum”

641

Mingəçevir sakini Bəxtiyar Rəsulov “AccessBank”dan şikayətçidir. O, “yeniavaz”-a açıqlamasında belə deyib. Bildirib ki, bankdan baldızı Quliyeva Samirənin adına ipoteka krediti (kommersiya məqsədi ilə) 36 min dollar kredit götürüb. Əvəzində isə öz ev sənədlərini banka girov qoyub. Lakin kreditini vaxtında ödəyib qurtaran Bəxtiyar Rəsulov bankdan evinin sənədini geri ala bilmir: “Bir ildir ki, sözügedən bankla mənim aramda problem yaşanır. Mən sağlam bir vətəndaş idim, bu çəkişmələrdən ürək xəstəliyi tapdım. İndi ağır ürək əməliyyatından yeni çıxmış bir adam kimi yenə bu problemlə üz-üzəyəm”.
B. Rəsulov qeyd edib ki, krediti hər ay vaxtında ödəyib: “Heç bir geçikməmiz olmadı. 2015-ci ildə devalivasiya oldu, biz yenə məzənnə ilə kreditimizi vaxtında ödədik. Sözügedən banka 2015-ci ilin fevral ayının 2-də son ödənişimiz oldu. Bundan sonra bankdan evimizin sənədini tələb etdik. Elə qara günlərimiz də bundan sonra başladı. Bank rəhbərliyi deyir ki, biz sənədi verə bilmirik, əsas da onu göstərir ki, Quliyeva Samirə 2015-ci ilin dekabr ayında bizim kreditin qurtarmasına iki ay qalmış Bakı şəhərində “Accessbank”dan ipoteka krediti götürüb ev alıb. Mən öz adıma məxsus olan evin kreditini ödəmişəm. Əgər məndə bir problem olsaydı, Samirə xanıma bank heç vaxt kredit verməzdi. Dəfələrlə banka ayaq döymüşük, məcbur qalıb Mingəçevir şəhər məhkəməsinə müraciət etdik. Məhkəmə ötən ilin aprel ayında keçirildi, lakin bankdan heç kim məhkəməyə gəlmədi. Yalnız sonuncu məhkəmə prosesinə – avqust ayında bir nəfər mütəxəssis gəldi. Məhkəmədə bizim xeyrimizə işə baxıldı. Daha sonra apelasiya şikayəti verdilər. Yenə də iş bizim xeyrimizə oldu. Bank bizi yenidən Yasamal rayon məhkəməsinə verdi. Mən Mingəçevir sakini krediti “Accessbank”ın Mingəçevir filialından götürmüşəmsə, niyə Yasamal rayon məhkəməsinə müraciət etməliyəm? Bu məhkəmələrə, banka gedib-gəlməkdən ürək xəstəsi oldum. Cavabdehin nümayəndəsi Osmanov Elvin Çingiz oğlu məhkəmə iclasında bildirib ki, guya biz düzgün məhkəmə seçməmişik. Biz Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət etməliyikmiş. Qanunlarımız hər rayon və şəhərdə başqa cürə işləyir? Xahiş edirik, bu işə yuxarı səviyyədə baxılsın və bizə köməklik göstərilsin”.
Esmira Hidayətova, Mingəçevir