“Bu kino ki var…”

638
Azərbaycan kino tarixinin yüksəliş dövrü SSRİ dövrünə təsadüf edir. Kommunistlər kino sektoruna təbliğat, təşviqat vasitəsi kimi baxırdılar. Məhz bu səbəbdən bu sahəyə qayğı dövlət səviyyəsində idi. Kino sektorunda isə ittifaqın ziyalı, savadlı insanları çalışırdı. 
Sovet dövrü Azərbaycan filmlərinin bir çoxu həm ssenari, həm də rejissor işi baxımından, həqiqətən, sənət əsəri sayılır. Bu filmlərdə işlədilən replikalar, sitatlar bu gün də insanların dilindədir. Misal olaraq “O olmasın, bu olsun” filmindən “heç hənanın yeridi?” və ya “Uşaqlığın son gecəsi” filmindən “Söhbət sosiskada deyil, əsas odur ki, “vnimatelni” olasan” replikalarını göstərmək olar. Bu misalları daha da çoxaltmaq olar. Müstəqillik qazandıqdan sonra bir çox sahə kimi kino sektorunda da durğunluq dövrü yaşandı. Ölkə daxilində yaşanan siyasi, iqtisadi böhranlar və hərbi qarşıdurmalar film sahəsinin diqqətsiz və maddi dəstəksiz qalmasına səbəb oldu. Ara-sıra “Fəryad”, “Bəxt üzüyü”, “Güllənmə təxirə salınır” kimi bir çox uğurlu filmlər çəkilsə də, bu kino sektorunun düşdüyü vəziyyətdən çıxmasına kifayət etmədi. Hazırda film sahəsində canlanma müşahidə olunur. Dövlət sifarişi ilə müxtəlif bədii filmlər çəkilir. Ancaq özəl film studiyalarının fəaliyyəti elə də gözə dəymir.

 

“Hərdən yaxşı

operator işi əskikdir”

Kinoşünas Aygün Aslanlı kino sektorundakı kadr çatışmazlığından gileyləndi: “Əvvəlki filmlərimizlə indi çəkilən kinolarımız arasında rejissor işinə, aktyor oyununa, süjet xəttinə, rejissor həllinə görə çox fərq var. Onun sözlərinə görə hazırda  yaxşı filmlər çəkilmir: “Rejissor işi, ssenari, yaxşı aktyor oyunu, hərdən də yaxşı operator işi əskikdir. Texnika, musiqi, bəzən də yaxşı montajda əskik siyahılara  daxildir”. Bəzi yeni filmlərimiz, ümumiyyətlə, insanlar tərəfindən heç bilinmir. Aygün xanımın sözlərinə görə, çəkilən filmlər kifayət qədər tanıdılmır, kinoteatrlarda nümayiş etdirilmir: “Filmlər gedib tamaşaçıya çatmır ki, tamaşaçı ona baxsın və nəsə götürsün. Bir də Nizami kinoteatrında konfrans zalında nümayişi olur, bir daha göstərilmir, tamaşaçı da onu görmür”.

 

“Yeni filmlər tanıdılmır”

Aygün Aslanlı yeni filmlərin tamaşaçıları ələ ala bilmədiyini və bu səbəbdən də uğurlu alınmadığı bildirdi. Yerli filmlərin beynəlxalq festivallarda iştirakı məsələsinə toxunan kinoşünas bunun sonrakı proses olduğunu dedi: “Yeni  film çəkməyə çalışsalar da, istədiyi tamaşaçını əlinə ala bilmir. Buna görə də, diqqət qazanmır. Birinci o yaxşı sənəti yaratmaq lazımdır. İndi çəkilən filimlərimizi heç Azərbaycanın özündə də tanımırlar, o ki, qaldı hardasa ad-san gətirsin. Əsl sənət yaransa, o ad gətirəcək, gətirməyəcək, o sonrakı prosesdir.”.

 

“Kino bir kollektiv sənətdir”

Kinoşünas Aygün xanımın fikrinə görə, kino bir kollektiv sənətidir, orada rejissor, aktyor, montaj, operator hamısı böyük bir cihazın inciləridir: “Təsəvvür edin, kino böyük bir velosipeddir. Rejissor işi, aktyor oyunu, ssenari bunlar hamısı onun zənciri, biri çarxı, təkəri, ruludur. Biri olmayanda kino olmur, necə ki, velosipedi sadalananlarsız hərəkət etdirə bilmərik”. Mükəmməl bir filmin ərsəyə gəlməsi üçün sadəcə aktyorun deyil rejissorun, operatorun, rəssamın, səs rejissorunun əməyi də danılmazdır. Amma bütün bu mütəxəssislərin yetişməsi üçün yaxşı təhsilə ehtiyac var. A. Aslanlının sözlərinə görə İncəsənət Universitetini bitirənlər əksəriyyəti ixtisası üzrə iş tapa bilmirlər: “İncəsənət Universitetində rejissor, aktyor sahələrinə uyğun fakültələr olsa da, oranı bitirənlər ixtisaslarına uyğun işləmirlər. Universiteti bitirmək yaxşı mütəxəssis olmaq üçün kifayət etmir. Burada verilən təhsil, o uşaqların film çəkməyi üçün yetərli deyil. Onların təcrübəyə də ehtiyacı var. Onların bir mütəxəssis kimi yetişməsi üçün tələbələr birinci kursdan başlayaraq daim işləməlidirlər. Universitetdə isə belə bir imkan yoxdur”. TÜRKANƏ ƏSƏDOVA,