Bu ki qəhrəmanlıqdır

515

İndi kimdən soruşsan ki, nə var, nə yox, əlüstü cavab verəcək: bəs güc var, iş yoxdur. Və sonra da əlavə edəcək ki, buna rəğmən, birtəhər dolanır. Elə bu yerdə xalqın leksikonuna daxil olmuş bu birtəhər barədə birtəhər fikirlərə qərq olursan: görəsən, niyə bu camaat belə yaşamağı birtəhər adlandırır? Mənim bu məntiqimə şəkk gətirənlərin ola biləcəyinə şübhə etmirəm. Lakin, necə deyərlər, bu daş, bu da tərəzi. Tərəzimə şübhə edənlər öz tərəzilərindən istifadə edə bilərlər, ancaq orada-burada yox, mənim gözümün qabağında. Çünki onların tərəzilərindən də mənim gözüm su içmir.

Bax, elə götürək bizim məşhurladan birini, Novruzəlini deyirəm. Əvvəla, onu deyim ki, bütün çətinliklərə baxmayaraq, o, sələfindən çox-çox irəli gedib. Hətta eşşək saxlamağı özünə belə “yaraşdırmır” (Bu barədə söz də düşəndə zarafatla deyir ki, guya daha eşşək zəmanəsi deyil, eşşəklərin zəmanəsidir). Əgər o, birtəhər yaşasaydı, eşşəyindən əl çəkərdimi? Əsla yox. Görünür indi onun heç eşşək də saxlamaq imkanı yoxdur. Bütün örüş sahələrinin də imkanlılar tərəfindən hasara alındığını kim bilmir ki? Nə isə… Son günlər məhsulların qiymətlərinin bahalaşması ondan da yan keçməyib. Nəticədə, yumurta satmaqla plasitk kartla aldığı pensiya puluna bəzi əlavələr edən Novruzəli kişinin ailə büdcəsi daha da ağırlaşıb. İndi gözünü dikib Rusyetdəki oğlunun əlinə. Odur ki, iki aydan bir, üç aydan bir Moskvadan gələn qatarı gözləyir ki, oğlunun göndərdiyi əmanəti ala bilsin. Bəli, bir vaxtlar poçt qutusuna məktub atıb, qutunun yanında dayanan dədəsindən fərqli olaraq o, qatardan nəsə gözləyir. Gəlməyəndə də elə mərəkə qoparır ki, gəl görəsən. Lakin kişi hələ də sözündən dönmür, yenə də deyir ki, bəs birtəhər yaşayır.

Bizim qonşu Fatmanisə də yaşamaqdan söz düşəndə birtəhər sözünü işlədir. Vallah, bu Fatmanisə nənə də qəribə adamdır e…Axı o aldığı pensiyası ilə dərmanın pulunu belə ödəyə bilmir. Onun gündəlik tələbatını hansı yollarla təmin etdiyi hələ mənə sirr olaraq qalır. Başa düşə bilmirəm, bunun nəyi birtəhər yaşamaqdır axı?

Vallah, bu birtəhər yaşamaq deyil? Yanılırsınız, cənablar. Bəs nədir? Tələsməyin…

Bəli, bu gün hamı deyir ki, birtəhər yaşayır. Əzizlərim, axı siz nə vaxta qədər belə təvazökar olacaqsınızı? Məgər bu, birtəhər yaşamaqdır? Mən də elə sizin gününüzdədəyəm. Amma indiyədək heç bir yanda deməmişəm ki, birtəhər yaşayıram. Çünki mənim aləmimdə belə yaşamaq, sadəcə, qəhrəmanlıqdır.

Qvami Məhəbbətoğlu