“Bu isə yeni nəslin qarşısında böyük üfüqlər açır”

599

Prezident İlham Əliyevin 24 iyul 2015-il tarixli Sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında yaradılan Mingəçevir Dövlət Universiteti “Bilik günü”ndə ilk tələbələrini qarşılayıb. Gələcəyin mütəxəssisləri öncə təhsilimizin inkişafında müstəsna xidmətləri olan ümümmılli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüblər. Ulu öndərin adını daşıyan mərkəzdə təşkil olunan mərasimdə ali təhsil ocağının yaranması və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Universitetin rektoru Akif Hacıyev yeni tələbə adını qazanan gəncləri təbrik edib. Bildirib ki, Mingəçevirdə dövlət universitetinin fəaliyyətə başlaması Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə və təhsilinə qayğısının bariz nümunəsidir. Yeni dərs ilindən ali təhsil ocağında bakalavr pilləsi üzrə 8, magistr təhsil pilləsi üzrə 12 yeni ixtisas açılıb. Bu isə yeni nəslin qarşısında böyük üfüqlər açır.
s1

Mingəçevir Dövlət Universiteti Portuqaliya, Çexiya, Estoniya, Sloveniyanın ali məktəbləri ilə uğurlu əlaqələr yaradıb. Növbəti dərs ilindən ali təhsil müəssisəsində “Doktorantura və magistratura sektoru” yaradılıb. İnformasiya texnologiyaları mərkəzi ayrıca binada yerləşdirilib. Universitetin idman sağlamlıq kompleksi də tələbələrin fiziki və mənəvi sağlamlığında mühüm rol oynayır.

s2

Mərasimdə Mingəçevir şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edərək tələbələrə tövsiyyələrini söyləyiblər. Tədbirdə bu il 612 balla Mingəçevir Dövlət Universitetinə qəbul olunan Kəmalə Hacıyeva, yüksək balla universitetin magistratura pilləsində təhsilini davam etdirmək hüququ qazanan Aytən Mahmudova və universitetin göndərişi ilə Avropa ölkələrində təhsillərini davam etdirən tələbələr adından Kamal Əhmədov öz məsuliyyətlərini dərk etdiklərini, onlara bəslənən ümidləri doğruldacaqlarını bildiriblər. Sonda gənclərə tələbə biletləri və xatirə hədiyyələri təqdim olunub.
Esmira Hidayətova