“Bu ilin noyabr ayında istifadəyə veriləcək”

467
Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, ayrılan vəsait hesabına 430 çarpayılıq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası əsaslı şəkildə yenidən qurulur. 
Xəstəxananın təmirinə 2013-cü ilin aprel ayından başlanılıb. İstifadəyə verildiyi vaxtdan – 1987-ci ildən bəri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası ilk dəfə olaraq əsaslı şəkildə yenidən qurulur. Dövlət başçısının ayırdığı vəsait hesabına təmir olunan səhiyyə ocağında inşaat işləri ən müasir texnologiya ilə aparılır. İndiyə kimi xəstəxananın əsas korpuslarının və yardımçı binalaın dam örtüyü dəyişdirilib. Sanitar texniki qovşaqlar, elektrik və rabitə xətləri, eləcə də çirkab su xətləri çəkilib. Ayrıca qazanxana, transformator yarımstansiyası, su hovuzları inşa olunub. Əsas korpusun qapı-pəncərələri dəyişdirilib. Xəstəxananın giriş hissəsi xüsusi layihə əsasında yenidən qurulub. Eyni zamanda 7 ədəd müasir lift quraşdırılıb. Müalicə ocağı ilk dəfə olaraq isitmə və soyutma sistemləri ilə təchiz edilib.

İş icraçısı Qəzənfər Quliyev dedi ki, xəstəxanaya ən müasir tibbi avadanlıqlar gətirilib: “Hal-hazırda kompyuter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT) aparatları gətirilib. Bu aparatlar böyük aparatlardır və ancaq Bakı şəhərində var, biri də burada quraşdırılacaq. Xəstəxana kompleksi ən müasir tibbi avadanlıqlarla təmin olunaraq, bu ilin noyabr ayında istifadəyə veriləcək. Qeyd edim ki, Səhiyyə Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi mütəmadi olaraq xəstəxanaya baş çəkir, işlərin gedişatı ilə yaxından maraqlanırlar”.

İş icraçısı onu da diqqətə çatdırdı ki, xəstəxana 2015-ci ilin sonuna təhvil verilməli idi: “Ancaq Mingəçevirdə olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq qərara alınıb ki, bu ilin noyabr ayında tam istifadəyə verilsin. Odur ki, xəstəxanada qızğın işlər dayanmadan davam edir”. Qeyd edək ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq, şəhərin digər küçə, park və xiyabanlarında da quruculuq, əsaslı tikinti işləri davam etdirilir. Heydər Əliyev prospekti boyunca daxili parklara, yol kənarları səkilərə dekorativ daşlar düzülür. Müslüm Maqomayev, Şah İsmayıl Xətai, Nərimanov küçələrində yollar asfaltlanır və s. Şəhərin Gəncə istiqamətindəki girişi də yenidən qurulur. 20 ədəd çoxmərtəbəli yaşayış binasının dam örtüyü və fasad hissələri müasir görkəmə salınır. Küçələrdə müasir işıq dirəkləri basdırılır. Həyata keçirilən quruculuq-abadlıq işlərini şəhər sakinləri dövlət başçısının qayğısı kimi qiymətləndirirlər.

ESMIRA HIDAYƏTOVA