Bu il taxıl istehsalının artacağı gözlənilir

Bu il Azərbaycanda dənli bitkilərin istehsal həcminin ötən illə müqayisədə 20-30% çox olacağı proqnozlaşdırılır.

Bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, ciddi artım hava şəraitinin ötən ilki kimi quraq keçməməsi hesabına təmin olunacaq: “Keçən il taxıl istehsalının az olması quraq hava şəraiti ilə bağlı idi. Ümid edirik ki, bu il eleə olmayacaq, quraq hava gözlənilmir. Bizim mütəxəssislərin proqnozlarına görə, bu il artım 20-30% təşkil edəcək. Ümumiyyətlə, digər kənd təsərrüfatı bitkilərinin istehsalının da artımı gözlənilir”.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda isə bildirilir ki, Azərbaycanda payızlıq taxıl səpilməsi məqsədilə 2014-cü ilin payızında 2015-ci ilin məhsulu üçün təmiz herik şumu da daxil etməklə 1 milyon 16,9 min hektar sahədə şum qaldırılıb, 875,7 min hektarda dən üçün payızlıq taxıl səpilib.

Əkilən taxılın 537, 2 min hektarını buğda, 338,4 min hektarını arpa təşkil edib. Taxıl sahələri aqrotexniki qaydalara uyğun becərilib, gübrə və bitki mühafizə vasitələrindən istifadə ümumilikdə qənaətbəxş olmasa da, əkinlərin vəziyyəti yaxşıdır. Hazırda taxıllar çiçəkləmə inkişaf mərhələsindədir.

Mayın 1-nə 253,2 min hektarda yazlıq bitkilər əkilib. Onun da 21,4 min hektarı dənli və dənli paxlalılar (qarğıdalısız), 19,1 min hektarı qarğıdalı, 11,7 min hektarı pambıq, 6,03 min hektarı dən üçün günəbaxan, 0,9 min hektarı tütün, 54,05 min hektarı kartof, 51,2 min hektarı tərəvəz, 16,7 min hektarı bostan bitkiləri, 4,02 min hektarı emal üçün şəkər çuğunduru və 67,4 min hektarı yem bitkiləri olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yazlıq bitkilərin əkinində 3,4% azalma müşahidə edilib və bu rəqəm 8,8 min hektar təşkil edib. Bu da yaz aylarında torpaqda temperaturun +10-12°-dən aşağı olması ilə bağlıdır. May ayında torpağın əkin qatında temperatur optimal səviyyəyə qalxıb və səpində müşahidə olunan ləngimələr aradan qaldırılıb. Hazırda bəzi yazlıq bitkilərin səpini və əkinin aqrotexniki qaydalara uyğun olaraq becərilməsi davam etdirilir.