Bu il 5000-dən çox qaçqın və miqrant Aralıq dənizində batıb

506

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı digər ölkələrdə sığınacaq axtaran qaçqın və miqrantlar arasında qurbanların sayının artmasından xeyli narahat olduğunu bildirir. Onların çoxu kontrabandçıların xidmətindən istifadə edir və Avropaya gedən yolda Aralıq dənizində batır. Keçən həftə dənizdə 100-dən çox adamın həlak olması barədə məlumat daxil olub. 2016-cı ildə 5000-dən çox qaçqın və miqrant Aralıq dənizində batıb.

Son vaxtlar müharibə və təqiblərdən ehtiyat edən xeyli sayda insan sərhədləri keçir. Aralıq dənizi sığınacaq axtaranların və miqrantların istifadə etdikləri ən təhlükəli marşrutlardan biridir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 2016-cı ildə gündə orta hesabla 14 qaçqın və miqrant dənizdə həlak olub. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə Avropaya Aralıq dənizi ilə bir milyondan çox qaçqın və miqrant keçib və 3771 nəfər həlak olub.