Bu gün süfrə başındayıq

561
Ramazanın ilk gününü yaşayırıq. Həm də ilin ən uzun günlərində başlayırıq bu gözəl ibadətə. 
Ramazan orucu tutmaq gün boyu dünya nemətlərindən imtina kimi  görünsə də, əslində ilahi bir süfrə başında cəm olmaqdır. Təbii ki, bütün ibadətlərin həqiqi mahiyyətini Allah-Təala bilir, amma bizə bildirilənlərə əsaslanaraq deyə bilərik ki, orucun fəlsəfəsi üç-beş yazıya sığacaq qədər bəsit deyil.

Bəzən orucun insan sağlığına faydaları haqqında geniş bəhs olunur. Əslində bu mövzu o qədər də əhəmiyyətli deyil. Çünki orucda nəzərdə tutulan əsas qayə fiziki sağlıq deyil, mənəvi sağlamlıqdır.

Oruc – ruhun şahlanmasıdır. İnsanın “mən bu bədəndən güclüyəm” bəyanı ilə ruhun tərəfini tutmasıdır.

Oruc – Haqqa təslimiyyətin elanıdır. Allahın verdiyi hər cür nemətlər əlinin altında olduğu halda, Allahın əmrini əsas alaraq icazə anını gözləməkdir.

Oruc – iradənin nəfs üzərində təntənəsidir.

Oruc – arınmaqdır, təmizlənməkdir, təmizləndikcə də yüksəlməkdir, nəyi istəyib-nəyi istəmədiyini elan etməkdir.

Oruc – axirətə sevdalanmaqdır: “mənim üçün axirət nemətləri dünya nemətlərindən daha üstündür” deməkdir.

Oruc – toplu ibadətdir, rəngindən, irqindən, dilindən asılı olmayaraq özünü Allahın bəndəsi bilən və boynuna düşən borcu yerinə yetirməyə çalışan insanların ürək-ürəyə verməsidir, ani bir baxışla bir-birini anlaması, doğmalığı, yaxınlığı hiss etməsidir.

Oruc o qədər ülvi, o qədər lətif bir ibadətdir ki, ancaq yaşanmaqla məlum olur.

Bəli, dəyərli oxucular! İlin ən bərəkətli günlərini yaşamağa başlamışıq. Doğrudur, bayram bu ayın sonunda gəlir, amma anlayana, bilənə, yaşayana Ramazanın hər günü misilsiz bir bayram hökmündədir. Ona görə “anlayana, bilənə” deyirik ki, bu məsələdə anlamaq, bilmək çox mühümdür. Əgər birisi axirətə inanmırsa, öləndən sonra yenidən dirilib Allah-Təalanın hüzurunda cavab verməli olacağını düşünmürsə, onun orucu da bir növ qayəsiz ibadət kimidir. Çünki ibadət odur ki, Allah-Təala əmr buyurur, sən də bu əmri anlayaraq, fərqinə vararaq yerinə yetirirsən. İnanmaq – üstün olmaqdır. Bunu biz söyləmirik, Allah-Təala buyurur. Yəni bir işi inanaraq yerinə yetirmək üstün olmaqdır. Sən ay boyunca orus tutursan və inanırsan ki, Allah-Təalanın əmri altında, himayəsi içindəsən, bu ibadətin qarşılığını da mütləq görəcəksən. Yoxsa “filankəslər oruc tutur deyə mən də onlara qoşulum” deyə bu ibadəti yerinə yetirmək hələ məsələni anlamamaq deməkdir. Əslində biz bu məsələdə də həddimizi aşmayaq, çünki kimin necə başlayıb, haralara gedəcəyini Allahdan savayı kimsə bilməz. Biz, sadəcə, mövcud duruma, yəni gördüklərimizə, hiss etdiklərimizə görə qərar veririk. Amma yenə də tədbirli olmaq ən doğru seçimdir.

Ramazan orucu hər cür feyzlə, könül xoşluğu ilə, sevgi ilə, ümidlə, dua ilə, “mənim bir sahibim var və o sahibimin əmrinə tabeyəm” düşüncəsinin verdiyi əmniyyətlə bəzədilmiş ilahi bir süfrə başında toplanmaq, ətrafdakıların nurlu çöhrələrinə təbəssim dolu baxışlarla tamaşa etməkdir, gördüyü çoxluqla məmnun olmaq və “Allah sayımızı daha da artırsın, sıralarımızı daha da sıxlaşdırsın!” duyğusu ilə hər kəsi doğma bilməkdir.

Çox istərdim ki, mətbuatımız bu ayla, bu ayın ibadəti ilə bağlı geniş maarifləndirmə işləri aparaydı. Hər kəsə məlumdur ki, bu gün telekanallarımız xalqa ən tez yetişən və ən təsirli təbliğat vasitəsidir. Ona görə də bu imkandan istifadə edib, xalqımıza xidmət etmək fürsətini qaçırmamalıyıq.

Mübarək bir zaman diliminə qədəm qoymuşuq. Bu aya, bu ibadətə bizim çox ehtiyacımız var. Qarabağ kimi dərdimiz var, ona görə də bu cür bərəkətli zaman dilimində Allah-Təalaya üz tutub, bu dərdlərimizə məlhəm olacaq hər şeyi bizlərə nəsib buyurmasını diləməliyik. Bu gün müsəlman aləmi qan içində boğulur. Əlimiz yetməyən, ünümüz çatmayan o insanlara dualarımızla dəstək olaq.

Ramazan ayının bütün müsəlman aləminə, o cümlədən məmləkətimizə, xalqımıza xeyir-bərəkət gətirməsini Allahdan təmənna edirik və hər birinizə “xeyirli-uğurlu olsun!” deyərək yazımızı tamamlayırıq. Mübarək olsun!