“Bu gün saxta dərmanlara daha çox rast gəlirik”

708
Adətən, qışdan yaza, yaya keçdikdə mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərin sayı bir qədər artır.
 Qəribədir ki, bu zaman bir çox insanlar apteklərdən aldıqları ağrıkəsicilərlə özlərini müalicə edirlər. Bu da sonda xəstəliyin fəsadlaşmasına gətirib çıxarır. Bu kimi xəstəliklərin başvermə səbəbləri və düzgün müalicəsi barədə Mingəçevir Şəhər Mərkəzi  Xəstəxanasının mədə-bağırsaq şöbəsinin həkimi Əhməd Seyidovla görüşüb, bizi maraqlandıran sualları ona ünvanladıq. Qeyd edək ki, Əhməd Seyidov 2002-ci ildə səhiyyə sahəsində göstərdiyi xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

 

– Həkim, uzun müddətdir ki, bu şöbədə mədə-bağırsaq xəstəliklərinə qarşı xəstələri müalicə-müayinə edirsiniz. Bu xəstəliyin əsas başvermə səbəbləri nədir?

– Mədə-bağırsaq xəstəlikləri mövsümi xarakter daşıyır, yaz-payız həmin xəstəliklərin kəskinləşmə dövrü olur. Bu dövrlərdə, əlbəttə, yaz-payız kurs müalicənin təyin olunması vacibdir. Xəstəliyin mövsümi xarakter daşıması yazda göy-göyərtinin çıxması, insanların qış ayından çıxarkən bədəndə  müxtəlif vitaminlərin çatışmaması və digər tərəfdən də, havaların tez-tez dəyişməsi, soyuq qidaların qəbulu, meyvələrin qəbulunda gigiyenaya diqqətin azlığı bu xəstəliyin başvermə səbəbləridir. Digər tərəfdən, içdiyimiz su natəmiz olduğuna görə, əsasən Kür çayı ətrafında yaşayan insanlarda bu xəstəliyə daha çox rast gəlinir. Son zamanlar buna görə də  daha çox mədə-bağırsaq yaraları və qaraciyər serrozu, öd daşı xəstəlikləri bu zonada daha çox müşahidə edilir. Sizin də qeyd etdiyiniz kimi, yaz-yay ayları gələndə bizə mədə-bağırsaq xəstəlikləri ilə bağlı edilən müraciətlər daha çox olur”.

– Bəzi insanlar mədə-bağırsaqda bir problem olanda, “ötüb keçər” məntiqi ilə davranırlar. Bu növdən olan xəstəliklər müayinə-müalicə olunmadıqda hansı fəsadlar törədir?

– Bütün hallarda xəstəliklər vaxtında müalicə olunmalıdır ki, ağırlaşmasın. Qeyd edim ki, xəstəliyi ilkin dövrdə müalicə etmək daha asandır. İndi fəsadlarla daha çox xəstələr müraciət edirlər. Onun da başlıca səbəbi özü-özünü müalicədir. Belə ki, insanlar mədələri ağrıyan kimi aptekə üz tuturlar və ağrıkəsici alıb, qəbul edirlər. Bir-iki ağrıkəsici qəbul etdikdən sonra elə bilirlər ki, xəstəlik keçdi. Amma bu ağrıkəsicilərlə onlar xəstəliyə “gəl-gəl” deyirlər. Ona görə deyirəm ki, bizə müraciətlər bəzən gecikmiş  olur və xəstələr bağırsaq qan axmaları ilə, qan qusma və yaxud da qarına mayenin yığılması problemi ilə müraciət edirlər. Bunu bəzən xəstənin özünə laqeydliyi ilə əsaslandırmaq olar, bəzən də müayinə və müalicənin tam effektli olmaması, yəni xəstənin ixtisaslaşmış müalicə almadığına görə də bu hallar baş verə bilir”.

 

– Yeri gəlmişkən, sizin də qeyd etdiyiniz kimi, bəzən xəstələr həkimlər tərəfindən düzgün diaqnoz qoyulmamasından şikayətlənirlər…

– Birinci növbədə, xəstəyə düzgün diaqnoz qoyulmalıdır ki, müalicə effektli alınsın. Hazırda xəstəxanamıza ətraf bölgələrdən də müraciətlər olur, lakin bu xəstələrin əksəriyyəti də gecikmiş halda gətirilir. Mədə-bağırsaq xəstələrinin çoxu ağrıkəsicilərin təsirindən özlərini pis vəziyyətdə qoyurlar. Bunu ona görə təkrar-təkrar deyirəm ki, bizim yaralı yerimizdir. Ətraf rayonlardan təcili xəstəxanamıza gətirilən xəstələrin bir hissəsi də məhz ağrıkəsicilərlə “sağlam” olmaq istəyənlərdir. Xəstələr bir narahatlıq olanda həkimə müraciət etməlidirlər…

– Bu xəstəliklərin artmasında başqa hansı səbəblər var?

– Bu gün saxta dərmanlara daha çox rast gəlirik. Amma mənim şəxsi fikrim belədir ki, xəstəliklərin başvermə səbəblərinin yarı faizindən çoxu insanların öz üzərinə düşür. Bəzən də küçədən gəlmə mədə xəstəlikləri ilə qarşılaşırıq. Bu da dönərxanalarda satılan dönərlər, dəfələrlə yanmış, istifadə edilmiş duru yağların içərisində bişən peraşkilər, bazarlarda üstüaçıq satılan məhsullardan əmələ gəlir. Belə qida məhsullarına qarşı çox diqqətli olmaq lazımdır. Təbii məhsullardan istifadə etmək daha yaxşıdır. Bir sözlə, sağlamlığımız öz əlimizdədir. Bir həkim kimi əhaliyə məsləhət verərdim ki, xeyirdə-şərdə süfrədə olan bütün naz- nemətləri bir-birinə qarışdırmasınlar. Ələlxüsusda qazlı sulardan, spirtli içkilərdən, yağlı yeməklərdən və şirniyyatlardan uzaq olsunlar. Bir sözlə, hər kəs özü-özünün həkimi olmalıdır.ESMIRA HIDAYƏTOVA