Bu gün Rusiyada seçirlər

0
431

Bu gün Rusiyada vahid seçkilər günüdür. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ölkə vətəndaşları Rusiya parlamentinin aşağı palatasının – Dövlət Dumasının deputatlarını, o cümlədən Federasiya subyektlərinin başçılarını və Rusiyanın 38 subyektində dövlət hakimiyyətininin qanunvericilik orqanına deputatları seçirlər.

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, seçki günü seçici siyahılarında qeydə alınmış 111,6 milyon rusiyalının səs verəcəyi gözlənilir. Onların təxminən 1,87 milyonu xarici ölkələrdədir. Səsvermə prosesi Rusiya ərazisində açılmış 95 mindən çox məntəqədə keçirilir. Rusiyanın 145 ölkədəki diplomatik nümayəndəliklərində 371 məntəqə yaradılıb.

Rusiya MSK sədri Ella Pamfilova seçki məntəqələrində bütün təhlükəsizlik tədbirləri görüldüyünü və məntəqələrin texniki avadanlıqla təmin edildiyini bildirib. Onun sözlərinə görə, 15 regionda və 13 şəhərdə yaradılan məntəqələrdə videomüşahidə kameraları quraşdırılıb.

Qeyd edək ki, Rusiyada parlament seçkiləri qarışıq sistem üzrə keçirilir. Deputatların yarısı – 225 nəfər proparsional qaydada, yəni partiya siyahısı, digər yarısı isə majoritar qaydada-birmandatlı dairələr üzrə seçiləcək.