Bu gün “Qarabağ” “Olimpiakos”un qonağı olacaq

57

Bu gün Ağdamın “Qarabağ” futbol klubu Yunanıstanda “Georgios Karaiskakis” stadionunda “Olimpiakos”un qonağı olacaq. UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA-nın qərarına əsasən, qarşılaşmada “Arema” və “Persebaya” komandaları arasın­da İndoneziya çempionatının XI tur matçında iğtişaşlardan sonra dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq.

Bu qərar, həmçinin Çempionlar Liqası, Av­ropa Liqası, Konfrans Liqası və qadınlar ara­sında dünya çempionatının pley-off oyunları­na da şamil ediləcək.

Uğurlu çıxışları ilə ölkə futbolsevərlərinin rəğbətini qazanmış “Qarabağ” klubu UEFA turnir cədvəlində “G” qrupunda çıxış edir. Al­maniyanın “Frayburq” klubunun 6 xalla lider olduğu bu qrupda “Qarabağ” 3 xalla ikinci pillədə qərarlaşıb. Qrupun digər üzvü–Fran­sanın “Nant” komandası isə 3 xalla üçüncü, “Qarabağ”ın bugünkü rəqibi “Olimpiakos” isə doğma meydanda “Frayburq”a, səfərdə isə “Nant” komandasına məğlub olduğu üçün iki turdan sonra sonuncu pillədədir.