Bu gün mahi-məhərrəmdir…

557
Aşuradan danışanda deyirlər ki, bu gün Həzrəti Adəmin Yer üzünə endirildiyi, Həzrəti Nuhun gəmisinin quruya oturduğu, Həzrəti Yunusun balığın qarnından xilas olduğu gündür. Bilmirəm, bəlkə bu günün içində daha çox parlaq hadisələr var, amma etiraf edək ki, Aşura deyəndə ilkin olaraq, Yer üzündə haqqın, ədalətin bərpası üçün gözünü qırpmadan canını fəda edən Həzrəti Hüseyn ağlımıza gəlir. O, Aşura qəhrəmanı, o, Kərbəla fatehidir.

Bir alim: “Gerçək mömin elə düşünər ki, Allah-Təala Qurani-Kərimi məhz onun üçün endirib”,- söyləyir. Həqiqətən də, əgər əlinə Quranı alan insan o kitabı Allah-Təaladan ona göndərilmiş bir əmrlər toplusu kimi qəbul etsə və onu həyatına köçürməyə çalışsa, əlbəttə, ziyana uğramaz. Bu mənada İmam Hüseyn fəlsəfəsini anlayan da özünü o yoldan kənarda görə bilməz. İmam Hüseyn vaqiəsi hər birimiz üçün bir örnək, bir məktəbdir, ədalət məktəbi, haqq üçün başından keçmək məktəbi, dürüstlük məktəbi, zalıma qarşı duruş məktəbi, şəhidlik məktəbi, xülasə, əsl insanlıq məktəbi…

Can dediyim bu matah nə qədər dəyərli oldu ki, Allah yolundan əsirgəyəsən? Qorxub bir addım geri çəkiləndə İmam Hüseyn adından utananlar var.

***

Bəşər tarixində elə hadisələr var ki, zamandan qopub hər zaman insanlığın başı üzərində axıb gedir, hər nəsillə yenidən doğulur, hər nəslə yeni dərs kimi oxunur. Bu cür hadisələr min il əvvəl nə qədər təzə idisə, bu gün də eyni dərəcədə aktualdır, öz mahiyyətini saxlayır.

Cənnət gənclərinin seyyidi, Allah Rəsulunun “Reyhanım” dediyi İmam Hüseynin (r.a.) Kərbəla qəzası kimi. O kufəlilər varmı, o kufəlilər! Söz verib sözündən qaçan kufəliləri deyirəm, görəsən nə deyəcəklər o Haqq divanında?

Qalxdı yerindən, “dur!” dedilər, durmadı, “dayan” dedilər dayanmadı. “Bu baş o yolda kəsilməlidir ki, insanlar haqqın candan əziz olduğuna inansınlar”- dedi. Getdi də, o başdan keçdi də, qalib gəldi də. Üstündən min ildən artıq vaxt keçir. Dünyanın dörd bir yanında saysız-hesabsız Hüseynlər var, amma “yezid gördüm” deyən yoxdur.

***

Bəlkə də Allah-Təala (c.c.), qızı Fatimənin Ondan sonra bu dünyada cəmi altı ay qalacağını Rəsulullaha (s.ə.s.) bildirmişdi, bəlkə əlində-ovcunda böyütdüyü, “Mən kimin böyüyüyəmsə, Əli də onun böyüyüdür”, “Mən elmin şəhəriyəm, Əli o şəhərin qapısıdır, elm istəyən qapıya gəlsin” dediyi Həzrəti-Əlinin namaz üstündə İbn Mülcəm adında bir xain tərəfindən necə xəncərləndiyini də göstərmişdi, bəlkə kimlərin Həsəni necə zəhərləyəcəyini, kimlərin Kərbəla çölündə İmam Hüseynin başını necə kəsəcəyini gözləri önündə sərgiləmişdi Uca Yaradan. Allah üçün keçmiş və gələcək anlayışı yoxdur ki… Zaman Onun önündə yazılı kağız kimidir, bir az irəlisi, bir az gerisi var, hər zaman hər yeri görür və istədiyinə də istədiyini göstərir. Kim bilir, Allah Ona nələr göstərmiş, nələr bildirmişdi, amma o bircə dəfə də İlahi iradənin dünya həyatında Onun və soyundan gələnlərin xeyrinə dəyişməsini istəməmişdi. Zatən hər şey Onun xeyrinəydi, övladları əlləri üstündə can versə də, yurdundan çıxarılsa da, sevimli Reyhanlarının necə şəhid olacaqlarını görsə də… Qalib olmaq, ölmək və ya öldürməklə bağlı deyil ki… Əsl qaliblər son mənzildə məlum olacaq.

Ərəfə günüydü, hər kəs sabahkı bayrama hazırlaşırdı. Ev-eşik təmizlənir, həyət-bacaya əl gəzdirilir, təknədə olanlar süfrəyə hazırlanırdı. İslamın gəlişiylə Mədinə tamamən dəyişmiş, dünyanın ən canlı, ən qaynar həyat qaynağına dönmüşdü. Rəsulullah Mədinəni də, mədinəliləri də sanki yenidən inşa edir, xarabalıqları, cəhaləti yıxıb küçələri də, könülləri də nura qovuşdurur, kəndir sallayıb qırx arşın quyudan çıxarırmış kimi insanları zülmətdən aydınlığa çıxarırdı.

Sabah bayram idi, bayramı da hər kəsdən daha çox hədiyyə gözləyən balalar sevərlər. Peyğəmbərin kürəkəni, Fatimənin başının tacı Əlinin evində Həsənə, Hüseynə hədiyyə almağa bir şey yoxuydu. O, bir cüt mələk üzlü insan belə düşündülər ki, bu məsələni yenə babanın çiyninə yıxsınlar, həm də ilk dəfə deyildi ki… Həsəni, Hüseyni onlara “bir cüt reyhanım” deyən Babanın yanına ötürsünlər və beləcə, bir qayğının altından sıyrılsınlar. Elə də elədilər. Bəşər tarixinin ən gözəl iki Reyhanı, Həsən də, Hüseyn də Babanın dörd tərəfində hərlənirdilər. Bilirdilər ki, babaların ən gözəli, ən xeyirlisi onların babasıdır və onları hədiyyəsiz qoymayacaq. Amma heç ağıllarına da gəlməzdi ki, baba əlindəki pulun  çatmayacağından ehtiyatlandığı üçün günün bir qədər irəliləməsini gözləyir, çünki günün sonlarına doğru dünyanın hər yerində olduğu kimi, Mədinə bazarında da qiymətlər xeyli ucuzlaşır. Reyhanlar belə şeyi düşünməzlər ki. Onlar təzə paltar istəyirdilər, vəssalam, özü də rəngli olsun, nə bilim, sarı, qırmızı, yaşıl, mavi, çəhrayı. Mədinə uşaqları rəngli paltarları sevərdilər, ona görə də ağ paltarlar digər rənglərə nisbətən xeyli ucuz olurdu.

Dünyanın ən xeyirli Babası, Allahın Sevimli Peyğəmbəri öz Həsənini, Hüseynini götürüb Mədinə bazarına yollandı. Bazarı gəzdilər, dolaşdılar, axırda hərəsinə bir dəst paltar alıb geri döndülər. Uşaqlar babanı üzməmək üçün etiraz etməsələr də, pərt olduqları açıq-aydın sezilirdi, çünki hər ikisinin paltarı ağappaq idi, qar kimi.

Kainatın Sərvəri iki ciyərparasının əlindən yapışıb evinin yolunu tutmuşdu, qarşılarına bir adam çıxdı. Salam verib görüşdülər, yad adam uşaqları süzdü və soruşdu ki, onların kefi niyə yoxdur? Baba da heç nəyi gizlətmədi, deyəsən, ağ paltarı xoşlamadılar, ondandı. Yad adam ovcunu açdı, su ilə dolu idi. Suya nəsə oxudu və Həsənin üstünə səpdi. Paltar dönüb sapsarı oldu və Həsən çox sevindi. Bu dəfə də Hüseyn qışqırmağa başladı: “Mən də rəngli paltar istəyirəm, mən də istəyirəm!” Yad adam eyni şeyi təkrar elədi və suyu Hüseynin üstünə səpdi, onun paltarı da qıpqırmızı oldu, qan qırmızısı. Uşaqlar çox sevindilər, amma Babanın və yad adamın gözləri dolmuşdu.

O yad adam əslində insan deyildi, mələklərin ən böyüyü Həzrəti-Cəbrayıl idi və rəngi dəyişən paltarlarla Uca Yaradan o Reyhanların taleyini nişan vermişdi onlara. Rəsulullah da, Həzrəti-Cəbrayıl da artıq həqiqəti anlamışdılar. Ayrıldılar, uşaqlar sevincdən atılıb-düşürdülər, çünki başdan-ayağa ən çox sevdikləri rəngə bürünmüşdülər, Baba isə hələ neçə onillik sonra baş verəcəkləri gözü ilə görürmüş kimi kədər içində başını önə əyib, onların yanınca addımlayırdı. Bəlkə də Reyhanlar görməsinlər deyə göz yaşlarını içinə axıdırdı.

***

Xəms (ərəbcə) və ya Pənc (farsca) Ali-Əba ifadəsini, yəqin ki, eşitmisiniz: beş əba üzvü, yəni beş ailə üzvü mənasına gəlir. Bir dəfə Rəsulullah Həzrəti-Əlinin evinə gəlir və əbasının yaxasını açaraq onların hamısını əbasının altına alır və belə dua edir: Ey Rəbbim, Bunlar mənim ailə üzvlərimdir, Mən Bunları sevirəm, Sən də Bunları sev, Bunları sevənləri də sev!” Nə qədər məhzun, nə qədər duyğulu bir duadır, elə deyilmi?

Bir qədər irəlidə “Rəsulullah Özü və Soyu üçün dünya həyatında nəyinsə dəyişməsini istəmədi”,- demişdik. İndi isə ailə üzvləri üçün dua etdiyini söyləyirik. Yəqin ki, təəccüblənənlər olacaq. Məsələ ondadır ki, Allah Rəsulu ailə üzvləri üçün istədiklərini əslində ümməti üçün istəyir. “Bunları sevənləri sev!”- duasıyla əslində həqiqətin ünvanı göstərilir. Yoxsa, Allah Rəsulu “Allahım, mənim soyumdan gələnləri zalımın zülmündən qoru, onlara bu dünyada xoş həyat qismət elə!”- deyə dua eləsəydi, on iki imamın başı o məşəqqətləri çəkərdimi? Bu dünyanın  zövqü ölümün o üzündən xəbərsizlər üçündür, Allah Rəsulu Allah-Təalanın lütfü, inayətiylə Cənnəti də görmüşdü, cəhənnəmi də. Məsələ bilirsinizmi nədədir?- Biz Onun təfəkkür atmosferini təxmin edə bilməyəndə hər zaman çaşmaq ehtimalı ilə üz-üzə qalırıq.

Bir dəfə evində bardaş qurub oturmuşdu. Körpəcə Reyhanları-Həsəni, Hüseyni gəlib boynuna sarıldılar, sonra da yerlərini rahatlayıb oturdular, biri sağ dizinin üstündə, biri sol dizinin. Baxdı, baxdı, onları bağrına basıb gül qoxularını dərindən ciyərlərinə çəkdi, sonra da Həsənin boynundan, Hüseynin başından öpdü. Kim bilir, bəlkə bu da bir əlamət, bir nişanəydi, amma kimsəyə bir şey söyləmədi. Ardı var

Əli Çərkəzoğlu