Bu gün mahi-məhərrəmdir… (2)

536

Bəzən namaz qılanda gəlib belinə dırmaşardılar, başında oturardılar, eləcə də qalardı, gözləyərdi ki, Reyhanları dursunlar, sonra başını səcdədən qaldırsın, yıxılmalarından qorxardı. Bütün dünya nurunu ondan alırdı, bəşəriyyət Onun üzü hörmətinə yaradılmışdı, amma evin içində uşaq kimi əllərini yerə qoyub körpə Həsənini, Hüseynini belinə mindirib gəzdirir, hələ bu azmış kimi də “Sizin nə gözəl atınız var”,- deyərdi. Bu mənzərəni göz önündə canlandıra bilmirəm, çünki göz yaşları rəngləri yuyub bir-birinə qarışdırır. Bu qədər də təvazökarlıq, bu qədər də sadəlik olarmı, İlahi?! Saqqalından yapışıb dartardılar, dizinə baş qoyub yatardılar, bir dəfə də hansınınsa xətrinə dəydiyini görən olmadı. Təkcə Reyhanlarının deyil, kimsənin qəlbini qırmadı, iyirmi il yanında böyüyüb yetişən səhabələr Ondan bircə dəfə də olsun sitəm görmədilər, acı söz eşitmədilər. O, bir başqa dünya, O, bir başqa insan idi, çünki Onu Allah tərbiyə eləmişdi, əxlaqı Quran əxlaqı idi.

***

Həsəni, Hüseyni bəzən boynuna mindirər, bəzən da qaldırıb üz-gözündən dönə-dönə öpərdi. Bir nəfər: “Mənim on uşağım var, birinin də üzündən öpməmişəm”,- deyəndə Allah Rəsulu durdu, bir müddət ona baxdı və: “Allah sənin qəlbindən mərhəməti silmişsə, Mən neyləyə bilərəm?”- söylədi. Təkcə öz balalarını deyil, Mədinə küçələrində gördüyü hər uşağa nəvaziş göstərər, başını sığallayar, varıysa, bir şey pay verər, üzündən öpərdi. O, görünəndə vicdan sahiblərinin üzünə gün doğardı.

Bir məclisə dəvətliydi, istəyirdi ki, balaca Hüseyni də Özüylə aparsın. Hüseynsə qarşıdakı meydanda tay-tuşlarıyla oynayırdı. Allah Rəsulu evindən çıxdı və çağırdı sevimli Reyhanını: “Gəl, ya Hüseyn!” Hüseyn gəlmədi, “Gəl, ya Hüseyn!” Hüseyn gəlmədi. Hüseyn anlamışdı Babasının onu Özü ilə harasa aparacağını və oyunundan, uşaqlardan ayrılmaq istəmirdi. Hüseyn gəlmədimi, gəlməsin, onda qovub tutarıq. Mənzərəni təsəvvür edirsinizmi?: Dörd-beş yaşlı Hüseyn sevinc dolu, coşqu dolu bir səslə hay-küy salaraq küçədə qaçır, Kainatın Əfəndisi, bütün yaradılmışların ən Xeyirlisi Onu qovur. Qaçan gah ayağının altına, gah da Qovana baxır, gülüşü, coşqusu aləmi başına götürür, Qovan da bir az asta qovur, guya çata bilmir. Bəlkə də bilərəkdən bu xoş görüntünü, bu sevgi ovqatını uzadırdı ki, görənlər sadəliyin, insanlığın nə olduğunu anlasınlar. Axır ki çatır, yerdən “hopp” qaldırıb bağrına basır, üz-gözündən öpür və birlikdə məclisə gedirlər. Nə qədər möhtəşəm mənzərə!

***

Rəsulullahın əmisi oğlu, Onun tərbiyəsini almış, daha sonra qızı Fatimeyi-Zəhra anamızla evlənmiş, “Elm şəhərinin qapısı” ünvanını almış, Möminlərin Əmiri, ibadətdə, Allaha təslimiyyətdə əl çatmaz zirvə, on iki imamın Birincisi, Həsənin, Hüseynin atası Həzrəti-Əlinin adlarından biri də Seyfullahdır, yəni Allahın qılıncı. Allahın dinini yaymaq üçün bütün cihadlara qatılıb, hər zaman döyüşün ən ağır, ən çətin yerində olub, ən ağır vəzifələrin öhdəsindən gəlib. Kafirlərin ən güclü sərkərdələrini, cəngavərlərini diz çökdürüb, amma bir dəfə də “mən” deməyib. Elmi, ibadəti, ədaləti bir aləm, qəhrəmanlığı, cəsarəti, İslam uğrunda göstərdiyi rəşadəti bir başqa aləm. Ona görə də Allahın qılıncı adını vermişdilər Ona. Amma qılıncın düşməni olmaz ki, qılınc Sahibinin düşməni olar. Belə baxanda Həzrəti Əlinin də düşməni yox idi, Allahın düşmənləri elə Həzrəti-Əlinin düşmənləriydi. Həzrəti Əli Allahın qılıncıydı və Allahın düşmənləriylə savaşırdı.

Belə savaşlardan birində Həzrət Əli kafiri vuraraq yerə sərir və sinəsinə çöküb başını kəsmək istəyəndə kafir Onun üzünə tüpürür. Həzrəti Əli əl saxlayır, kafiri buraxır və qalxır. Amma indi də kafir ondan əl çəkmir: “Öldür məni, niyə öldürmürsən, yoxsa mərhəmət edirsən? Neyləsən də mən sənin düşməninəm.” Həzrəti Əli belə cavab verir: “Mən Allah yolunda savaşıram və Allahın düşmənlərini öldürürəm. Üzümə tüpürənə qədər sən mənim üçün ancaq Allahın düşməni idin, elə ki, tüpürdün, içimdə bir qəzəb hiss elədim və səni nəfsim üçün öldürməkdən qorxduğum üçün buraxdım”. Kafir də olsa o adam vicdandan nəsibsiz deyilmiş. Durdu, düşündü: “Ya Əli, Səni bu cür yetişdirən o Allaha mən də iman edirəm”,- deyib kəlmeyi-şəhadət gətirdi, müsəlman oldu.

***

Allah Rəsulu səhabələrinə dönə-dönə demişdi ki, ailəmə, övladlarıma hörmət göstərin, bilmədiklərinizi onlardan soruşun, onların söylədiyi kimi yaşayın. Bir dəfə də buyurmuşdu ki, hər kəsin soyu oğlu ilə davam edər, mənim soyum isə Əlinin soyu ilədir.

Amma ehtiraslar elə qızışmış, ara elə qarışmışdı ki, qılıncın arxasındakı önündəkini tanımaz hala gəlmişdi. “Getmə, ya Hüseyn” dedilər, “Mən necə getməyim? Əgər bu gün mən İslam yolunda bu candan keçməsəm, sabah kim bu addımı atar?” söylədi və yola çıxdı.

Kərbəlada başını verib zəfər qazandı. Peyğəmbərimizin (s.ə.s.) soyundan gələn, damarlarında Onun qanını daşıyan yetmiş iki insanın, hələ qundaqda olan körpənin canına qıyıldı o gün. O gün Kərbəla çölü Peyğəmbər qanının rənginə boyandı. İmam Hüseyn o gün Kərbəlada İslamın, imanın nə olduğunu bir dərs kimi öyrətdi gələcək nəsillərə. Başın kəsilməyi nədir ki?! Baş dediyin torpaqdan gəlib, torpağa da gedir, zəfər ruhun zəfəridir. İmam Hüseynlə ruh zəfər çaldı. O zəfərin təntənəsi bu gün də İmam Hüseyni anlayan, yolu ilə gedən möminlərin ruhuna təsəllidir. “Əgər Allah yolunda mən canımdan keçməsəm, kim bu addımı atar?” Haqq yolunun yolçusu olduğunu anlayan hər kəs özünü bir İmam Hüseyn bilir.

***

Şəhidlik şahidliklə mümkündür. Allaha iman, təslimiyyət ruhu ilə alışıb-yanan bir ruh sevə-sevə hər şeyini bu yolda fəda edə bilər, İmam Hüseyn kimi.

İmam Hüseyn o şəhadəti ilə layiq olmayanların layiq olmadıqlarına can atmasının qarşısını aldı, hər kəsə göstərdi ki, İslam ətalət təlimi deyil, Haqq uğrunda cihad məktəbidir. Cihad insan həyatına kəsilmiş ən bahalı qiymət, şəhidlik bu yolun sonunda dayanan misilsiz mükafatdır. Elə, ya belə, hər kəs ölüb Allah Dərgahına getməyəcəkmi? Su yolunda ölüb gedənlər var, oğurluq üstə yıxılıb boynu qırılanlar var, Allah üçün savaşa qalxıb şəhid olanlar var. Şəhidlər öldüklərini belə bilməzlər. Qurani-Kərimdə bildirilir ki, onlara ölü deməyin, onlar ölü deyillər, Allah qatında hər cür naz-nemətə qonaq edilirlər.

***

Aradan əsrlər ötdü. Bu gün Əbu Cəhl yoxdur, Əbu Ləhəb yoxdur, amma Əbu Cəhllər, Əbu Ləhəblər var. Bu gün Yezid yoxdur, amma yezidilər, xaricilər var. Bu gün əli qılıncın qəbzəsində olan neçə-neçə İmam Hüseyn düşməni var. Yezid öldü, amma yezidilik ölmədi, Əbu Cəhl öldü, amma əbu cəhillik ölmədi. Aramızda Əbu Cəhllər, Əbu Ləhəblər dolaşmaqdadırlar. Üzündə bir zərrə İmam Hüseyn nuru gördüyümüzün başına pərvanə kimi dolanmaq gərəkdir. Dünya elələrinin çiynində dayanır, dünya onlarla nəfəs alır. Min ildir ki, nohələr, mərsiyələr yazılır İmam Hüseyn adına.

Bu gün Mahi-Məhərrəmdir, muhibbi-xanədan ağlar,

Bu gün əyyami-matəmdir, bu gün abi-rəvan ağlar.

Alvarlı Əfə Həzrətlərinin bu mərsiyəsində deyilir ki, göylər, buludlar, axar sular ağlayır İmam Hüseyn aqibətinə.

Amma bu kədər bu dünyadan şəhidlik məqamına baxınca görünür. Şəhidlər insanların ən bəxtiyarları, ən üstünləridir. Cənnəti qazanmış bir kimsə bir daha bu dünyaya qayıtmaq istəməz, şəhidlərdən başqa. Şəhid istər ki, bir daha bu dünyaya dönüb bir daha şəhid olsun, yenidən dönüb, yenidən şəhid olsun, cünki şəhid olmağın zövqünü bilənlər hər zaman o mərtəbəyə can atarlar.

***

Mehmet Akif Ərsoy isə şəhidliyin fəziləti haqqında belə deyir:

Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,

Sənə ağuşunu açmış duruyor Peyğəmbər.

Hələ bu şəhid Allahın sevimlisinin sevimli nəvəsi Hüseyndirsə, o qolların qartal qanadı kimi nə qədər geniş açıldığını təsəvvür etməmək mümkün deyil. Bu dünyada bağrına basdığı kimi, axirətdə də köksünə sıxıb başını iyləyir Allah Rəsulu, cənnət gənclərinin seyyidinin.

İmam Hüseyni sevmək onu tanımaqla, məqsədini, məramını bilməklə, yolunu tutub onun kimi yaşamaqla mümkündür. Hər kəs köksünə baxsın, könlündə İmam Hüseynə nə qədər yer ayırdığını, həyatında ona nə qədər bənzədiyini araşdırsın, sonra öz dəyərini anlasın. Yazımızın sonunda bir sözü hər birimizə xatırlatmaq istəyirəm: “Hər gün Aşura, hər yer Kərbəla”, yəni İmam Hüseyn kimi yaşayana Aşura da var, Kərbəla da.

Bu gün mahi-məhərrəmdir…