Bu gün İlaxır çərşənbədir

Bu gün Azərbaycanda Novruzun sonuncu – Torpaq çərşənbəsidir. İlaxır çərşənbədə bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. İlaxır çərşənbə ilə bağlı tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça bəzədilməsi, qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq kimi bir çox adət-ənənələrimiz var.

Min illərdir qeyd olunan Novruz bayramı milli mənəviyyatımızın simvoluna çevrilib. Novruz elə bir bayramdır ki, insanlar onun hazırlıqlarına bir ay əvvəldən başlayırlar. Bu bayram ərəfəsində qeyd olunan çərşənbələr isə bizi Novruza daha da yaxınlaşdırır.

Folklorşünaslar bildirirlər ki, Tanrı ilk insanı – Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün onları müqəddəsləşdirib, hərəsinə bir gün ayırıb. Həmin günlər isə Novruz çərşənbələri (Su, Od, Yel və Torpaq) kimi qeyd olunur.