“Bu gün Füzulinin heç bir qəzəli Roza Zərgərlinin rəsmi qədər “like” qazana bilmir”

727

Müsahibimiz şair-publisist Namiq Hacıheydərlidir.

– Şair olmaq necə hissdir? Ümumiyyətlə, bu istedadı hisslərlə ifadə etmək olarmı?
– Şair olmaq məsuliyyətdir. Çiynində bir ömür yük daşımaqdır. Özünü yurdda və millətin taleyində baş verən hər şeyə cavabdeh kimi hiss edərək yaşamaqdır. Sözsüz ki, dediklərim şairlik missiyasının nə demək olduğunu idrak edənlərə aiddir.
– Deyirlər, insanın ən operativ tənqidçisi özü olmalıdır. Çünki fikirlərini aşkar büruzə verməsə də, daxilində özünün hansı səviyyədə olduğunu bilir. Namiq Hacıheydərli bu tənqidi daxilində saxlayır, yoxsa…
– Hər insan özünün kim olduğunu bilə bilməz. İnsan özünü bilsə, tanısa, daxili imkanlarını aşkara çıxarmağı bacarsa, möcüzələr yaradar. İstər lovğalıq, eqoistlik kimi mənfi xüsusiyyətlər, istərsə də aşağılıq kompleksi insanın özünü tanımamasından qaynaqlanır. Dediyiniz daxili tənqid də bunun üçün lazımdır. Təkcə tənqid yox, həm də daxili öygü lazımdır. İnsan özünə divan tutmağı və özünü mükafatlandırmağı bacarmalıdır. İnsan təbiətin özü kimidir. Yəni gecə ilə gündüzün, tikanla çiçəyin, işıqla qaranlığın, pisliklə yaxşılığın, ruhla cismin, Tanrı ilə İblisin vəhdətidir insan varlığı. Sən içindəki Tanrınımı böyüdəcəksən, şeytanımı çiçəyimi suvaracaqsan, tikanımı işığınmı tərəfində olacaqsan, qaranlığınmı? Ruhunmu istədiklərini edəcəksən, cisminmi?.. Bütün bunlar insanın seçimidir. Bütün bunlar isə özünü idrakdan keçir.
– Sizi daha çox milli türk ruhlu poeziyanın nümayəndəsi kimi tanıyırlar. Mən tanıdığım Namiq Hacıheydərli maraqlı məhəbbət şeirləri də yaza bilər, təbiət təsvirlərini özündə əks etdirən poetik nümunələr də yarada bilər. Nə üçün daha çox milli ruh?
– Bəlkə də bu sahədə daha çox boşluq olduğunu görürəm, ondandır. Digər tərəfdən, bu sahə bizim ən ağrılı tərəfimizdir. Hazırda bizdə toplum olaraq milli ruh yetərincə oyanıq deyil. Bu həm də ondan irəli gəlir ki, bizdə bu günə qədər milli ideologiya yoxdur. Biz millət olaraq hara gedirik, yolumuz haradır, hədəfimiz nədir? Bütün bunlar bəlli deyil. Azərbaycan toplumu olaraq qeyri-müəyyən yol gedirik. İslam adı altında ərəbləşdik, müasirləşmə adı altında Qərbi yamsıladıq. Hər şey ola bildik özümüz olmaqdan başqa. Bizi biz edəcək, özümüzə qaytaracaq, ruhumuzu diri tutacaq, bütövləşdirəcək, vahidləşdirəcək milli ideologiyamız işlənib hazırlanmalıdır. İdeoloji silahları yalnız ideoloji silahlarla susdurmaq olar. Bu səbəbdən milli düşüncəli aydınlarımıza böyük imkanlar, meydan verilməlidir.
Sualınızın ikinci tərəfinə gəlincə, sevgi şeirləri daha çox əyləncə duyğularına xidmət edir, ciddi ədəbiyyat deyil. Əlbəttə, ədəbiyyatın hədəfi gözəllikdir. Lakin unutmaq olmaz ki, gözəl olan heç də gözəllik deyil. Sevgi şeirlərinin əksəriyyəti cismani arzudan, qurşaqdan aşağı istəkdən qaynaqlanır. Füzuli qəzəllərini ilahi eşqlə, Tanrı sevgisi ilə bağlayırlar. Halbuki mənim fikrimcə, onun qəzəlləri əksər hallarda qadın cisminin tərifindən başqa bir şey deyil. İndi şairlər gözəllərin “xətti-xalına”, “gül camalına” şeirlər yazmırlar. Çünki hər şey göz önündədir artıq. Şeiri oxumaqdansa, o şeirdə təsvir olunan gözəlliyə baxmağı daha məqbul hesab edirlər. Sadə bir misal deyim: bu gün Füzulinin heç bir qəzəli Roza Zərgərlinin rəsmi qədər “like” qazana bilmir.
– Çağdaş poeziyamızın bu günündə sizcə, ədəbi qurumlar və media orqanları lazımi səviyyədə prosesi əhatə edə bilirmi?
– Heç bir qurum və media ədəbi prosesi bütünlüklə əhatə edə bilmir. Çünki hər kəs görmək istədiyini görür. Hər kəs dünyagörüşünə və marağına uyğun olanı axtarır. Bu dediklərim ədəbiyyatşünaslarımıza da aiddir. Azərbaycanda bir nəfər də olsun professional tənqidçi yoxdur. Hətta bizdə olduqca məhdud dünyagörüşlü ədəbiyyatşünaslar var. Tədqiqat obyektindən qırağa çıxmağı bacarmayan, etnik və dini mənsubiyyətin fövqünə yüksələ bilməyən darıxdırıcı, məhəlli düşüncəli tənqidçilərimiz var. Təkcə Əsəd Cahangir həmkarlarından öz üstünlüyü ilə seçilir. Lakin onu yalnız Azərbaycandakı həmkarları ilə müqayisə ediriksə, deməli, o da xeyli böyüməlidir. Könül istərdi ki, heç olmasa, Əsəd bu sahədə istinad yerimizə çevrilə bilsin.
– Media qurumları demişkən, sayt işlətmək üçün maliyyə tələb olunur. Bu da kapitalizmin bir mediavari prinsipidir. Ümumiyyətlə, kapitalizm ədəbiyyatla birlikdə yaşaya bilərmi?
– Kapitalizm paranın hakim olduğu ictimai-iqtisadi formasiyadır. Bu quruluşda hamı danışsa da, son sözü pul deyir. Zənnimcə, belə bir dönəmdə ədəbiyyata daha çox gərək var. Dəyərləri yaşatmaq və sabahlara daşımaq üçün. Eyni zamanda kapitalizmin gətirdiyi imkanlar nəticəsində kapitalistlərin hədsiz dərəcədə harınlamaması, az da olsa mənəvi dəyərlərə sayğı duyması üçün. Bu baxımdan kapitalizm dönəmində ədəbiyyatın üzərinə daha ağır məsuliyyət düşür.
– Gənc yazarların yaradıcılığını yaxından izləyirsiniz. Məlumdur ki, ədəbi prosesdə iştirak edən və ya iştiraka çalışan gənclərin əksər hissəsi poeziyaya üz tutur. Dramaturgiya zəifləyib. Nəsrə isə çox az imzalar gəlir. Əgər bu uğurdursa, çox həddini keçməyibmi? Yox, əgər problemdirsə, səbəbi nədir?
– Gənc yazarların poeziyaya üz tutması təbiidir. Diqqət etsəniz görərsiniz ki, gənc yazarların poeziyası az-qala bütünlüklə sevgi motivləri üzərində qurulub. Sevgi etirafı, sevgi yaşantıları, nakam sevginin etirafı və sair. Bu da yaşla bağlıdır. Yaş ötdükcə, təcrübə artdıqca zamanla gənclər də öz yollarını tapacaqlar. Bəziləri gəldikləri kimi də ədəbiyyatdan gedəcəklər, nədən ki, özlərini axtara-axtara yerlərinin ədəbiyyatda olmadıqlarını görəcəklər.
Dramaturgiyanın zəifləməsi isə təbiidir. Nəsiminin “şeir zamanı deyil, Afət”- dediyi kimi, dramaturgiya zamanı deyil, Yeqzar bəy! Dram millətlərin həyatında yaşanmış və ötmüş bir dönəmdir. Yüz il əvvəl teatrla insanlar yönləndirilirdi, teatra tamaşa edən insanın iç dünyası dəyişirdi, qadın çadrasını atırdı. Kino meydana gəldi, teatr bir qədər arxa plana keçdi. Bu gün kinolar artıq arxa plana keçməkdədir. Daha effektli, daha təsirli janrlar yaranmalıdır və sözsüz ki, bunlar olacaq. Eyni zamanda indi yığcam yaradıcılıq örnəklərinə ehtiyac var. İndi heç kim oxumaq üçün 1200 səhifəlik roman axtarmır. Mümkün qədər az sözlə çox mətləbləri ifadə edə biləcək janrlara ehtiyac var. İnformasiya mənbələri o qədər çoxalıb ki, oxucu qarşısındakı əsərə “tez ol, sözünü de!”- düşüncəsi ilə yanaşır.
– Hər şeyin bir çərçivəsi olduğu kimi, ədəbiyyatın da bir çərçivəsi olmalıdır. Çərçivəsiz pəncərədən külək rahatca daxil olduğu kimi, çərçivəsiz ədəbiyyata giriş çox rahatdı. Girişi çox olan yerlər həmişə insanı sıxır. Ona görə də təqdimatlar çox sönük keçir. Dediklərimlə razısınızmı?
– Ədəbiyyat təəssübkeşi kimi çıxış etməyini alqışlayıram. Amma narahat olmağa dəyməz və bundan əsla rahatsız deyiləm. Lap gündə yüz kitab çıxsa da, təqdimatlar ard-arda düzülsə də, hər şey ələnəcək. Tarixdə yenə gerçək ədəbiyyat qalacaq. İmkanlı istedadsızların qalın-qalın kitablar buraxmasından isə nəinki rahatsız olmaq, hətta buna sevinmək lazımdır. Qoy nəşriyyatlarımız və orada çalışan insanlarımız evlərinə çörəkpulu aparsınlar. Bəlkə də bu, Allahın təqdiridir.
– Aylar öncə yeni sayt açmaqla bağlı düşüncələrinizi demişdiniz. Nəhayət, “doqquz.az” adlı sayt fəaliyyətə başladı. Saytın necə olacağını düşünürsünuz? Əsasən, hansı sahələri əhatə edəcək?
– “Doqquz.az” saytı əsasən elm, araşdırma, təhsil, mədəniyyət və ədəbiyyat saytı kimi fəaliyyət göstərir və belə də davam edəcək. Azərbaycanda kifayət qədər xəbər saytları var. Bu saytlar o qədər çoxdur ki, hətta bəzən bir-birləri ilə rəqabətə girmək və daha “operativ” görünmək üçün hansısa körpüdən keçəndə inəyin qıçının əzilməsini, haradasa camışın ağ balasının olmasını, qayınana ilə gəlinin dalaşmasını xəbər adına sırıyırlar oxucuya. Elm, təhsil, araşdırma sahəsi isə arxa planda qalıb. Bu səbəbdən saytımızda bunları əsas istiqamət olaraq götürdük və qısa müddətdə saytın ətrafına bu yöndə xeyli sayda müəllif toplaya bildik.
– Son olaraq gənc yazarlara sözünüz və iradlarınız. Çünki tərəzinin gözündə irad daha ağırdı.
– Gənc yazarlara sözüm ancaq uğur arzulamaq olar. Layiq olduqlarını haqq etməyi diləmək ola bilər. İradım və məsləhətim isə ola bilməz. Ona görə ki, gənclərin yanılmaq və səhv etmək hüquqları var. Məsləhət ona görə olmaz ki, hər gəncin özünəməxsus ömür yolu və düşüncə tərzi var. Hansısa yaxından tanıdığın gəncə konkret atacağı addımla bağlı məsləhət verə bilərsən, amma ümumi məsləhət effektli olmaya bilər. Hətta yanlış ola bilər.
Sadəcə, istəyim odur ki, gənclərimiz özlərini aşkara çıxarmağa, çərçivələrə sığmamağa çalışsınlar. Sonda bir daha Nəsimini yad edək: “Sındır qəfəsi, tazə gülüstan tələb eylə”. Yeqzar Cəfərli